Main » 2010»Mart»2 » “Səhifeyi-Səccadiyyə”dən dualar
3:06 PM
“Səhifeyi-Səccadiyyə”dən dualar
"Səhifeyi-Səccadiyyə”dən
dualar
Ey həlledilməz işləri həll edən və əzabları yüngülləşdirən Allah!
Ey əzablardan yaxa qurtarmaq istənilən Allah!
Sənin qüdrətin ilə çətinliklər aradan qalxır və Sənin rəhmin ilə işlər həyata
keçir. Tale öz işlərini Sənin hökmün ilə həyata keçirir və hər şey Sənin
hökmünlə baş verir. Dünyada hər şey Sənə tabedir və heç nə başqalarının əmrinə
möhtac deyil.
Sənin ixtiyarın olmadan heç bir iş baş vermir və bunun üçün başqa
birinin qadağası tələb olunmur.
Sən vacib işlərdə çağırılan və çətin anlarda sığınacaq axtarılan Allahsan. Heç
bir fəlakət bizim başımızın üstündən keçməz, əgər Sən onu qovmasan və heç bir
qüssə bizim qəlblərimizi tərk etməz, əgər Sən onu əritməsən.
Ey mənim Allahım! Mən elə çətinliklər çəkirəm ki, ağırlığı məni əldən salır.
Mən elə iztirablar çəkirəm ki, onlara tab gətirmək gücündə deyiləm. Bu
əzab-əziyyətlər mənə Sənin hökmün ilə göndərilir. Heç kim Sənin göndərdiyini
qaytara bilməz, Sənin bağladığın qapını aça, açdığın qapını isə bağlaya bilməz.
Heç kim Sən iztirablara düçar etdiyin kəsin əzablarını yüngülləşdirə bilməz və
heç kəs Sənin alçaldığın kəsi yüksəldə bilməz. Məhəmmədə və onun ailəsinə salam
göndər!
Ey mənim Rəbbim! Öz hikmətin ilə rahatlıq qapılarını mənə aç və Öz qüdrətin ilə
məndə qəm gücünü ram et, rəhm ilə mənim şikayətimə qulaq as və diləklərimin
həyata keçməsi ləzzətini duymağı mənə bəxş et, Mənə Öz rəhmini və
problemlərimin həllindən doğan sevinc yetir və qurtuluş qapılarını üzümə aç!
Öz qüssəmin səbəbindən məni Sənin vacib buyurduğun əməlləri yerinə yetirməməyə
qoyma!
Ey mənim Rəbbim! Mənə göndərdiyin əzablar qarşısında acizəm. Səbr kasam payıma
düşən qüssə ilə dolub aşır. Yalnız Sən bu qüssəni götürə və düşdüyüm fəlakəti
məndən uzaqlaşdıra bilərsən. Buna layiq
olmasam da məni əzablardan qurtar! Ey aləmlərin Rəbbi!
Şeytanın adı gələndə oxunan istək duası
İlahi! Cənnətdən qovulmuş şeytanın cazibəsindən, məkr və yalanından Sənə pənah
gətiririk. Onun çağırış və və`dlərinin, yalan və hiylələrinin qarşısında
sadəlövhlükdən Sənə pənah gətiririk.
İlahi! Səndə nicat axtarırıq o gündən ki, şeytan bizi Sənə itaət etməkdən
döndərməyə cəhd etsin və bizi alçaltmaq məqsədilə günah yoluna yönəltsin. O
gündən ki, biz onun bəzədilmiş günahlarına sevinəcək və onun pislədiyi ibadətə
kədərlənəcəyik.
İlahi! Bizə Sənə itaət etməyə güc ver və bununla şeytanı bizdən uzaqlaşdır.
Sənə olan sevgi yolunda bizim cəhdlərimizi möhkəmləndir və bununla şeytanı
alçalt! Bizimlə onun arasında davamlı maneə qərar ver ki, şeytan ona üstün gələ
bilməsin!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və şeytanı bizdən Sənin
düşmənlərinə tərəf döndər. Bizi ondan qoru və onun məkrini bizdən uzaq et. Elə
et ki, o, bizdən qaçsın və dünyamızda onun izləri qalmasın!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizi doğru yola hidayət et.
Şeytanın düçar etmək istədiyi azğınlığın cavabında, Onun bizi haqq yolundan
azdırmaq cəhdlərinin əvəzində bizə uzaqgörənlik nəsib et! Əgər o, bizi şər
yoluna aparsa bizə xeyir yolunu göstər!
İlahi! Bizə şərin, şeytanın bizim gözümüzdə bəzədilmiş doğru üzünü göstər,
göstərəndən sonra isə bizləri bu şəri etməkdən qoru! Bizə onu necə aldada
biləcəyimizi öyrət və bizə onunla hansı alətlə mübarizə aparmağını de! Bizi
cahillik yuxusundan oyat ki, biz ona nəzər yetirək və bizi onunla mübarizədə
dəstəklə!
İlahi! Bizim qəlblərimizi onun işlərinə nifrət ilə doldur və bizə Öz rəhmini
yetir ki, onun məkrli planlarını açıqlaya bilək!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və şeytanı bizim üstümüzdə
hökmranlıq etməyə qoyma, onu bizdən mə`yus et və onu bizdən uzaqlaşdır!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizim ata-analarımızı, bizi
və övladlarımızı, yaxın və doğmalarımızı, qonşularımızı, mö`min kişi və mö`min
qadınlarımızı şeytanın şərindən qoru! Onlara möhkəm qalxan və iti qılınclar
ver!
İlahi! Bu duanı hər kəsə - Sənin hökmranlığına şahidlik edən, Sənin
təkrarolunmazlığını səmimiyyətlə qəbul edən, Sənə itaət edən, şeytanla mübarizə
aparan və bu mübarizədə Sənin himayədarlığını ilahi elmlərdə axtaran hər kəsə
çatdır!
İlahi! Şeytanın dolaşdırdığı hər bir işi aydınlaşdır, bağladığı bütün qapıları
aç, onun bütün pis niyyətlərini alt-üst et və bu niyyətlərin həyata keçməyinə
mane ol!
İlahi! Onun ordusunu qır, hiyləsini alt-üst et, onun sığınacağını yerlə-yeksan
et və onun burnunu yerə sürt.
İlahi! Bizi şeytana düşmən et və onun dostlarından uzaq et! Elə et ki, bizi
aldatmaq istədiyi zaman onun sözünə baxmayaq, onun əmrlərinə tabe olmayaq və
çağırışlarına cavab verməyək. Elə et ki, biz əmr edə bildiyimiz insanları
şeytanla düşmənçilik etməyə çağıraq və qadağa etməyi bacardığımız insanlara ona
tabe olmağı qadağan edək
İlahi! Məhəmmədə - peyğəmbərlərin və Sənin elçilərinin ən axırıncısına və onun
mə`sum ailəsinə salam göndər! Bizi, doğmalarımızı, qardaşlarımızı və bütün
mömin kişi və qadınları Səndə nicat axtardığımız işlərdən qoru! Bizi Səndən
xəbərdarlıq gözlədiyimiz işlərdən xəbərdar et!
Ey Rəbbim! Səndən duada istədiklərimizi həyata keçir, bizə unutduqlarımızı ver
və yaddan çıxartdığımız şeyləri bizlər üçün qoru! Bizi mö`minlərin məqamına
yüksəlt. Amin, ey aləmlərin Rəbbi!
Səhər və axşam oxunan istək duası
Həmd olsun Öz qüdrətindən gündüz ilə gecəni yaradıb onları bir-birindən ayıran
və onlara sərhəd və zaman müəyyən edən Allaha! Öz müdrikliyi ilə O, ya gecəni
qısaldıb gündüzləri uzadır, ya da gecəni uzadıb gündüzləri qısaldır ki, Öz
bəndələrinə güc və inkişaf etmək imkanını versin. O, gecəni yaratdı ki,
bəndələri əziyyət və zəhmətdən dincəlsinlər. O, gecəni bir örtüyə bənzətdi ki,
onlar rahat yatsınlar, bədənləri istirahət etsin, güc yığıb həzz alsınlar. O,
gündüzü yaratdı ki, bəndələri onun işığında bilik alsınlar, Onun ne`mətlərindən
bəhrələnsinlər, onlara müəyyən edilmiş ruzini əldə etsinlər və Onun yaratdığı
dünyada yola düşsünlər ki, bu fani dünyanın ne`mətlərindən dadıb o biri dünyada
səadətə çatsınlar. O, onların işlərini səhmana salır və Öz bəndələrinin
əməllərindən agahdır. Bəndələrinin Onun hökmlərinə itaət etmələri lazım olan
anlarda necə olduqlarına, Onun vacib olan buyruqlarına necə əməl etdiklərinə
baxır ki, zalımları cəzalandırsın, xeyirxahları isə mükafatlandırsın.
İlahi! Bizə sübhün nurunu göndərdiyin və gündüz işığından istifadə imkanını
verdiyin, gündəlik ruzimizi əldə edə biləcəyimiz yerləri göstərdiyin və bizləri
fəlakətdən xilas etdiyin üçün həmd olsun Sənə! Bizi əhatə edən hər şeylə birgə
səhəri qarşıladıq və biz - göylər, yerlər və onlarda olan yatmış, oyaq, hərəkət
edən və etməyən, havada və yerdə olan hər şey Sənə tabeyik. Biz səhəri
qarşıladıq və Sənin əmrindəyik, Sənin huzurundayıq. Sənin iradən bizi əhatə
edib və hər bir gördüyümüz iş Sənin iradən ilə görülür. Hər bir halda Sənə
itaət edirik. Bizdən ötrü Sən təyin etdiyin işlərdən başqa bir iş yoxdur.
Bizdən ötrü Sən yetirdiyin ne`mətlərdən başqa ne`mət yoxdur. Bu oyanmış səhər
və yeni açılmış gündür. Bu gün bizim əməllərimizə şahidlik edəcək. Əgər xeyir
əməl etsək, o, bizi tə`rifləyərək vidalaşacaq, əgər pis əməl etsək, o, bizi
danlayaraq vidalaşacaq.
İlahi! Məhəmmədə və onun Əhli-beytinə salam göndər və bizə bu günü layiqincə
yaşamağa kömək et! Bu gün bizi kiçik və böyük günah etməkdən qoru!
İlahi! Bu gün bizə xeyir yetir və bizi şərdən qoru! Bu günün səhərini və
axşamını şükr, həmd, mükafat, ne`mət və xeyirlərlə dolu et.
İlahi! Elə et ki, bizim əməllərimizi yazan mələklər pis əməlləri yazaraq əzab
çəkməsinlər! Bizim əməl siyahılarımızı saleh əməllərlə doldur və bizi xeyirxah
görünməyən əməllərimizlə mələklər qarşısında alçaltma.
İlahi! Günün saatlarından hər birində bizə Öz bəndələrinin vasitəsilə sevinc
yetir! Mələklər göndər ki, bizim əməllərimizə şahidlik etsinlər və bizə Sənə
şükr etmək imkanını ver!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizi hər tərəfdən qoru: öndən
və arxadan, sağdan və soldan, elə qoru ki, biz günah etməyək, Sənə itaət yoluna
düşək və hər şeyi Sənə olan sevgimizə xatir edək!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bizə bu gün, bu gecə və hər
gün xeyir əməl etməyə və şərdən yan qaçmağa kömək et, göndərdiyin ne`mətlərə
şükr etmək, ən`ənələrə əməl etmək və bid`ətlərdən yan qaçmaq, xeyirə çağırmaq
və şərdən çəkindirmək, İslamı qorumaq və bütpərəstliyi tənqid etmək, həqiqəti
yüksəltmək və dəstəkləmək, azmışlara yol göstərmək, acizlərə kömək etmək və
zülm olunanları xilas etmək üçün bizə yardımçı ol!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bu günləri bizə yaşadığımız
bütün günlərdən ən xeyirlisi, gördüyümüz həmsöhbətlərdən ən üstünü və
keçirdiyimiz vaxtlardan ən yaxşısı qərar ver. Gündüzləri və gecələri yaşayan
bütün bəndələrin içində bizi yetirdiyin ne`mətlərə görə ən şad və razı
olanlardan et, Sənin buyruqlarına əməl edənlərin ən mətinlərindən və qorunmağa
əmr etdiyin şeylərdən ən çox çəkinənlərdən et!
İlahi! Səni özümə şahid seçirəm və bu şahidlik yetərlidir. Bu gün və bu saat,
bu gecə və bu yerdə mən Sənin səmanı və onun sakinlərini, Sənin torpağını və
onun üzərində yaşayanları, Sənin mələklərini və xəlq etdiyin bütün məxluqatı
özümə şahid seçirəm ki deyəm - Sən tək Allahsan və Səndən başqa Allah yoxdur.
Ədaləti bərqərar edən, bütün münaqişələrdə hakim olan Sənsən, Öz bəndələrinlə
rəhmli, dünyanı idarə edən və bütün varlıqlara rəhmansan!
Şəhadət verirəm ki, Məhəmməd Sənin qulun və elçin, bütün insanlardan Sənin
seçdiyindir. Sən öz göstərişlərini insanlara çatdırmaq üçün onu göndərmisən. O,
onları çatdırdı. Sən ona Öz xalqını hidayət etməyi əmr etdin. O, bunu etdi.
İlahi! Məhəmmədə və onun ailəsinə bəndələrinə göndərdiyin salamların ən
böyüyündən göndər! Bizim adımızdan ona Öz bəndələrinə bəxş edə biləcəklərinin
ən yaxşısını ver və Öz peyğəmbərlərinə onların xalqları adından əta edə
biləcəyin ən böyük mükafat ilə onu mükafatlandır!
Sən böyük rəhmətlər göndərir, böyük günahları bağışlayırsan, Sən hər hansı
mərhəmətlidən daha Rəhmansan. Elə isə Məhəmmədə və onun pak Əhli-beytinə -
insanların ən yaxşıları və seçilmişlərinə salam göndər!
Həyəcanlı və qüssəli olan zaman olunan istək duası
Ey Rəbbim! Yalnız Sən tənha və aciz insana kömək etməyə qadirsən! İlahi, yalnız
Sən qorxunc və vahimə yaradan hər bir şeydən bizləri qoruya bilərsən.
Günahlarım tənhalığıma səbəb olub. Mənim nə dostum qalıb, nə də yoldaşım. Sənin
qəzəbindən əldən düşmüşəm və heç kəs mənə kömək edə bilmir. Səninlə olan
görüşümün vahiməsi məni bürüyüb və heç kim mənim qorxumu azaltmaq iqtidarında
deyil.
İlahi! Sən qəlbimə qorxu saldıqdan sonra kim məni sakitləşdirə bilər?! Sən məni
tənhalığa məhkum etdikdən sonra kim mənə kömək edə bilər?! Sən mənim
gücsüzlüyümü istədikdən sonra kim mənə güc verə bilər?!
İlahi! Yalnız Yaradan Öz yaratdığına sığınacaq verə bilər, yalnız qalib gələn
məğlub olana təhlükəsizlik bəxş edə bilər və yalnız axtarışda olan qaçana kömək
edə bilər.
Ey Rəbbim! Bunların hamısı Sənin əlindədir və Sənin kürsündən başqa sığınacaq
yoxdur. Məhəmmədə və onun ailəsinə salam göndər və indi, Sənə pənah gətirdiyim
zaman mənə sığınacaq ver! Diləyimi indi, Sənə üz tutduğum zaman həyata keçir!
İlahi! Əgər Sən məndən üz döndərsən və yaxud Özünün böyük rəhmini və səxavətini
məndən əksik etsən, mənə ruzi verməsən və ya Öz diqqətini məndən əsirgəsən,
onda istəklərimə nail olmaq üçün Səndən başqa yolum qalmayacaq.
Sənin Rəhmini qazanmaqdan ötrü Səndən başqa axtarmıram, çünki Sənin qulunam və
Sənin əmrindəyəm. Başımdakı saçlar da ömrümün yüyəni kimi Sənin əlindədirlər.
İlahi! Mənim üçün Sənin əmrindən başqa bir əmr yoxdur. Məni idarə edən Sənsən.
Sənin mənə bəxş etdiyin hər şey ədalətin özüdür. Mən Sənin hökmündən çıxmaq
iqtidarında deyiləm. Sənin hakimiyyətinin sərhədini aşa bilmərəm. Məni sevməyin
və məndən razı qalmağın üçün hər şeyi etməliyəm. Sənə itaət etmədən və Sənin
rəhmin olmadan Səndə olanları əldə edə bilmərəm.
İlahi! Mən gündüzləri və gecələri Sənin bədbəxt bəndən olaraq keçirirəm. Sənin
köməyin olmadan mən öz xeyrimə və ziyanıma hakim ola bilmərəm. Buna şəhadət
verir və öz gücsüzlüyümü boynuma alıram. Belə isə, İlahi mənə verdiyin və`di
həyata keçir və mənə əta etdiyin hər şeyi kamil et, çünki mən Sənin biçarə,
iztirab çəkən, aciz, alçalmış, yoxsul, yazıq və qorxu içində olan və Səndə
sığınacaq axtaran bəndənəm.
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və məni Sənin ne`mətlərinə şükr
etməyi, yaxud Sənin səxavət və alicənablığına həmd etməyi unutmağa qoyma.
Duamın həyata keçəcəyinə - hətta uzun müddətdən sonra belə, şadlıqda və
qüssədə, rahatlıqda və dərddə, sağlamlıqda və ya xəstəlikdə, varlılıqda və ya
yoxsulluqda, xeyir və ya pis halda olsam belə ümidimi itirməyə qoyma.
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və bütün hallarda Sənin
möhtəşəmliyindən danışmağa, Sənə həmd və şükr etməyə kömək et ki, Sənin
yetirdiyin dünya malına bağlanmayım və onun yoxluğunda qüssə etməyim. Sənə olan
qorxumu qəlbimin me`yarına çevir və vücuduma Sənin təqdir etdiyin bir əməl ver!
Mənim diqqətimi başıma gələn hadisələrdən çəkib Sənə ibadətə yönəlt ki, Səni
qəzəbləndirən şeyləri sevməyim və təqdir etdiyin bir şeyə qəzəblənməyim.
Ey Rəbbim! Məhəmmədə və onun ailəsinə salam göndər və qəlbimi Sənin sevgindən
başqa hər bir şeyin sevgisindən azad et. Daim Səni xatırlamağa mənə kömək et,
Allah qorxusu ilə məni möhkəmləndir, könlümü Sənə olan sevgi ilə doldur, məni
Sənə itaət etməyə yönəlt, Sənə daha xoş gələn yolunu mənə tanıt və elə et ki, mən
nə qədər ki, sağam Səndə olan şeylərə can atım!
İlahi! Elə et, gözəl əxlaq məni bu dünyada müşayiət etsin, mənim bu səyahətimin
məqsədi Sənin rəhmətini və razılığını əldə etmək, məkanım isə Cənnətin olsun!
Çiyinlərimdə Sənin razılığının yükünü daşımaq və qaçdığım kimsələrdən Səndə
sığınacaq axtarmaq üçün mənə güc ver. Qoy Sənin istəklərin mənim arzularım
olsun! Qəlbimə məkrli insanlardan qorxu hissini sal, Məni Öz dostluğuna,
dostlarının və sadiq bəndələrinin dostluğuna layiq bil.
İlahi! Məni günahkarlar və kafirlər qarşısında borclu olmağa və yaxud onlara
qulluq göstərməyə qoyma! İmkan vermə ki, onlara ehtiyacım olsun! Qoy mənim qəlb
rahatlığım, salamatçılığım və rifahım yalnız Səndən və Sənin saleh
bəndələrindən asılı olsun!
İlahi! Məhəmmədə və onun ailəsinə salam göndər və məni onların sirdaşı və
köməkçisi qərar ver! Mənə rəhm et və qəlbimə Sənə tərəf ehtirasla meyl etməyi
aşıla. Mənə sevdiyin və Səni şad edən əməllər göndər, çünki hər şeyin hakimi
Sənsən!
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993