AŞKAR QƏLƏBƏ VƏ YA HÜDEYBİYYƏ SÜLHÜ Xəndək savaşından, bəni Qurəyzə yəhudilərinin təslimindən sonra altıncı hicri ilində müsəlmanların qələbəsi ilə bir neçə müharibə baş verdi. Müharibədə əldə olunan qənimətlərlə yanaşı islamın qüdrəti yarmada əhalisinin nəzərində daha da ucaldı. Belə ki, bə’zi qəbilələr müsəlman olmağa, bə’ziləri isə islam hakimiyyəti altında yaşamağa razılıq verdilər. Artıq islamın qüdrətini məkkəlilərə göstərməyin və onları islama də’vət etməyin vaxtı gəlib çatmışdı. Qüreyş müqavimət göstərmədən müsəlman olsaydı həm özləri, həm də müsəlmanlar üçün xeyirli olardı. Bir tərəfdən onların nicatı müsəlman olmaqda idi, layiqli və təcrübəli Məkkə əhalisinin bu dini qəbul etməsi də gələcək üçün böyük əhəmiyyət kəsb etmiş olardı. Altıncı hicri ili zi-qə’də ayında Peyğəmbər (s) 1500 nəfərlə ümrə ziyarətinə yollandı. Qüreyş həzrət Peyğəmbərin (s) məqsədindən agah olub onun qarşısını almaq üçün hazırlıq gördülər. Əvvəlcə Xalid ibni Vəlidlə İkrəmət ibni Əbi Cəhli yolladılar ki, onu Məkkəyə girmək fikrindən daşındırsınlar. Peyğəmbər (s) toxunulmaz ərazi sayılan Hüdeybiyyə adlanan yerdə dayanıb Məkkə əhalisinə xəbər göndərdi ki, müharibə etməyə deyil, ziyarət üçün gəliblər. Qüreyş isə qəbul etmədi. Nəticədə onunla Qüreyş nümayəndələri arasında on il bir-birləri ilə müharibə etməyəcəkləri haqda sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən müsəlmanlar həmin il Məkkəyə daxil ola bilməzdilər, lakin bir il sonra Məkkə əhalisi şəhəri üç günlüyə tərk edərək ziyarət etmək üçün şəhəri müsəlmanların ixtiyarına qoymalı idilər. Bu sülh sazişinin bəndlərindən biri də bundan ibarət idi ki, Məkkə ahlisindən hər kim Mədinəyə gedib müsəlmanlara qoşulsaydı Məkkəyə qaytarılmalı idi, ancaq bir nəfər Mədinə əhalisindən Məkkəyə getmiş olsa Qüreyş onun geri qaytarılmasına cavabdeh deyildir. Sazişin digər bir maddəsi belə idi: Hər bir qəbilə Qüreyşlə və ya həzrət Məhəmməd (s)-la saziş bağlamaqda azaddır.Geriyə Mündəricat Növbəti Peyğəmbər (s)-ın bə’zi səhabələri bu sazişin əhəmiyyətinə və nəticəsinə varmadan narahatçılıq yaradıb onu özləri üçün bir məğlubiyyət hesab etdilər. Lakin bu sazşin imzalanması müsəlmanlar üçün böyük qələbə demək idi. Çünki bu günə qədər müşriklər Peyğəmbər (s)-ı və səhabələrini saya salmayaraq onların kökünü yer üzündən silmək istəyirdilər. Bu gün isə ancaq onu rəsmi tərəf müqabil kimi tanıyıb onunla müqavilə bağlamışdılar. Həmçinin bu sazişdə qəbilələrin azad surətdə ya Məhəmməd (s)-la, ya Qüreyşlə saziş bağlamaq imkanı da qeyd edilmişdi. Belə olan halda əgər müsəlmanlar və ya Qüreyş hər iki tərəfin həmpeymanları ilə müharibə etmiş olsaydı bu saziş ləğv olunmalı idi. Belə ki, görəcəyik Məkkənin fəthi Qüreyşin bu şərti pozmağından irəli gəlmişdi. Bu sazişin imzalanmasından az bir müddət ötmüşdü ki, müsəlman olmuş bir Məkkəli Hüdeybiyyə sazişinə əsasən Məkkəyə təhvil verilməli idi. Lakin o yolda qoruqçuların əlindən qaçıb Mədinəyə dönmək əvəzinə Qüreyşin Şama gedən karvan yolunun üstündə özünə mövqe hazırladı. Get-gedə Məkkə müsəlmanları ona qoşularaq Qüreyşin karvan yolunu təhlükə altına saldılar. Bu dəstəni geri qaytarmaq üçün heç bir qanun olmadığından məcbur olub onları bir neçə müddətdən sonra Mədinəyə çağırdılar. Beləliklə də qaçqınların geri qaytarılması ləğv olundu. Lakin ən maraqlısı budur ki, Qüreyş tərəfindən sazişin bir bəndinin pozulması Məkkə şəhərinin fəthinə səbəb oldu. XEYBƏR MÜHARİBƏSİ Xeybər yəhudilərinin mövqeyi müsəlmanların nəzərində şübhə yaratmışdı. Sonuncu nahiyədə toplaşmış yəhudi dəstəsi ilə də münasibətləri aydınlaşdırmaq vaxtı gəlib çatmışdı. Belə ki, onlar bəni Qurəyzə məsələsindən sonra fitnə törətməyə əl atmış, bə’zi tarixçilərin israrına əsasən hətta Mədinəyə hücum etmək fikrinə düşmüşdülər. Hicrətin yeddinci ili Peyğəmbər (s) onları mühasirəyə alır. Bir neçə gündən sonra onlar təslim oldular. Amma Peyğəmbər (s) sürgün etmək əvəzinə onlarla saziş bağladı ki, hər il əldə etdikləri məhsulun yarısını Mədinəyə göndərsinlər. ALLAH EVİNİN ZİYARƏTİ Hicri qəməri tarixinin yeddinci ili zi-qə’də ayında Hüdeybiyyə sazişinə əsasən Peyğəmbər (s) Məkkəyə yollandı. Peyğəmbərlə (s) müsəlmanların Məscidül-hərama daxil olması, ümrə ziyarətini yerinə yetirmələri, müsəlmanların Peyğəmbərə (s) qoyduqları ehtiram, Qüreyşin gözündə daha böyük cilvələndi. Onlara təqribən aydın oldu ki, artıq Peyğəmbərə (s) müqavimət göstərmək iqtidarında deyillər. Uzaqgörənlər dərk etdilər ki, qəbilə başçılarının, tacirlərin ağalığı dövrü sona çatmış, xalqın üzünə yeni qapı açılmışdır. Elə buna görə də bu qəbilənin böyüklərindən olan Xalid ibni Vəlid və Əmr ibni As özlərini Mədinəyə yetirərək müsəlman oldular. MU’TƏ MÜHARİBƏSİ Hicrətin səkkizinci ili Peyğəmbər (s) Kə’b ibni Uməyr Ğəffarini Zat-ətlaha göndərir. Gedənlər orada bir dəstə adama rast gəldilər və onları islama də’vət etdilər. Lakin onlar islamı qəbul etməyib müqavimət göstərib ox atmağa başladılar. Onların içərisində yalnız bir nəfər sağ qalıb gecə ikən qaçaraq özünü Mədinəyə çatdıra bildi. Zat-ətlah Şam sərhədlərinə yaxın bir yerdi. Müsəlmanlar yarmadadan kənara çıxdıqlarına görə bu səriyyə böyük əhəmiyyət kəsb edirdi. Hicri səkkizinci il Cəmadiul-əvvəldə Peyğəmbər (s) Mu’təyə qoşun göndərdi. Mu’tə Rum imperiyasının işğal etdiyi ərazidə yerləşirdi. Qoşuna Zeyd ibni Harisə başçılıq edirdi və Peyğəmbər (s) dedi: Əgər Zeyd həlak olsa Cə’fər ibni Əbu Talib başçılığı öhdəsinə götürsün və əgər o da öldürülsə Abdullah ibni Rəvahə qoşuna başçılıq etsin. Qoşun Məad adlı yerdə düşmənin hazır olduğundan agah oldu. İbni Hişamın yazdığına görə imperiya qoşunlarının sayı yüz min nəfər olmuşdur. Müsəlmanlar bu xəbəri eşitdikdən sonra nə edəcəkləri haqda məşvərət etdilər. Abdullah ibni Rəvahə onları döyüşə ruhlandırdı, çünki burada iki faydadan biri əldə ediləcəkdi – ya şəhadət (şəhid olmaq) ya da qələbə. Bu döyüşdə qoşun başçılarının üçü də şəhid oldular və qoşun Xalid ibni Vəlidi başçı seçdi. O da qoşunu hansı şəkildə olursa olsun Mədinəyə çatdırdı. MƏKKƏNİN FƏTHİ Hüdeybiyyə sazişinin qərarına əsasən hər bir qəbilə istər Qüreyş olsun, istərsə də müsəlmanlarla saziş bağlaya bilərdi. Xuzaə qəbiləsi Məhəmməd (s)-la, bəni Bəkr qəbiləsi isə Qüreyşlə saziş bağladılar. Hicrətin səkkizinci ili bu iki qəbilə arasında münaqişə baş verdi. Qüreyş bəni Bəkr qəbiləsini müdafiə edərək münaqişəyə qarışdı. Beləliklə Hüdeybiyyə sazişi pozuldu, çünki Qüreyş Peyğəmbər (s) həmsazişləri əleyhinə döyüşürdü. Əbu Süfyan başa düşmüşdü ki, onların bu hərəkəti cəzasız qalmayacaq, elə ona görə də özünü Mədinəyə çatdırdı ki, sazişi yenidən bərpa etsin, ancaq iş-işdən keçmişdi. Hicərtin səkkizinci ili Ramazan ayında Peyğəmbər (s) on min nəfərlik qoşunla Məkkəyə yollandı. Yürüşü elə nizamlamışdı ki, heç kəs onun səfərindən xəbər tutmasın. Qoşun mərruz-zəhrana çatdıqda Peyğəmbərin (s) əmisi Abbas çadırdan bayıra çıxıb Məkkə əhalisindən bir şəxsi axtarırdı ki, Qüreyş həlak olmamışdan özünü Peyğəmbərə (s) çatdırmaq xəbərini göndərsin. Həmin gecə Əbu Süfyanla rastlaşdı, sonra onu Peyğəmbərin (s) yanına gətirdi. Əbu Süfyan müsəlman oldu. Səhəri gün Peyğəmbər (s) Abbasa göstəriş verdi ki, Əbu Süfyanı münasib yerdə saxlasın ki, qoşunun gəlib keçməsini müşahidə edə bilsin. Əbu Süfyan müsəlmanların qüdrətini görüb Abbasa dedi: Qardaşın oğlunun şahlığı böyümüşdür. Abbas dedi: Vay olsun sənə, bu peyğəmbərlikdir, şahlıq deyil! Dedi: Bəli belədir! Abbas Peyğəmbərə (s) dedi: Əbu Süfyan elə bir adamdır ki, güzəşt əldə etmək istəyir. Peyğəmbər (s) dedi: Hər bir şəxs evə girib qapını üzünə bağlasa amandadır. Hər bir şəxs Əbu Süfyanın evinə sığınsa amandadır. Hər bir kəs Məscidül-hərama getsə amandadır. Qoşun sakitcə Məkkəyə daxil oldu. İbni İshaqdan rəvayət edən ibni Hişam yazır: Xəzrəc qəbiləsinin başçısı Məkkəyə daxil olan kimi dedi: Bu gün qırğın günüdür! Bu gün ehtiramın alt-üst olan günüdür. Sə’d fikirləşirdi ki, Qüreyşdən və ya Ədnani tayfasından intiqam alacaq və Yəsrib əhalisinin qisasını məkkəlilərdən çıxacaq. Bu fikirin müsəlmanların arasında yayılmaması, eləcə də islam fəthinin qəbilə kin-küdurətinə çevrilməməsi üçün Peyğəmbər (s) Əli (ə)-ı göndərib dedi ki, bayrağı ondan al və bu günü Mərhəmət günü e’lan et. Müsəlmanlarla Məkkə əhalisi arsında bir neçə münaqişə baş verib. Peyğəmbər (s) məscidə daxil oldu, yeddi dəfə təvaf edib minikdən düşdü və Kə’bə evinin qapısı qarşısında dayandı. Əhali hacılara su paylamaq və qulluq göstərməkdən başqa hər şeyi unutmuşdular. Peyğəmbər (s) iki həftə Məkkədə qaldı şəhərin işlərini qaydasına saldı. Məkkənin ətrafındakı bütxanaları viran etmək üçün adam yolladı. Kə’bə evinə qoyulmuş bütləri isə sındırdı. Peyğəmbərin (s) rəftarı islam güzəştinin ucalığını və bu dinin peyğəmbərinin alicənablığını rəqiblər qarşısında aşkar etdi. İyirmi il müddətində Məhəmməd (s)-a və müsəlmanlara heç bir işgəncəni əsirgəməyən Qüreyş bunun müqabilində cəza alacaqlarından qorxurdular. Elə ki, peyğəmbərdən "sizin hamınızı azad etdim” (bağışladım) cavabını eşitdilər, həmin gündən islam əleyhinə deyil, müsəlmanlarla bir olub qeyri müsəlman əleyhinə vuruşmaq qərarına gəldilər. HÜNEYN DÖYÜŞÜ Məkkənin təslim olub Qüreyşin müsəlman (istər razılıqla, istərsə də məcbur) olmasından sonra gərək münaqişə baş verməyəydi və ya ən azı Məkkə yaxınlığında heç bir qəbilə ayağa qalxmayaydı. Taifdə yaşayan Həvazin qəbiləsi ilə Səqif qəbiləsi Peyğəmbərin (s) qoşununa hücum etmək üçün birləşdilər. Bu döyüşdə onların nə məqsəd güddükləri mə’lum deyildir. Hər halda düşmənin qoşunu müsəlmanlar müqabilində çox az gözə çarpırdı. Müsəlmanlar düşməni ilk əvvəl məğlub edəcəklərinə şübhə etmirdilər. Belə ki, Qur’anda bu barədə xəbər verir” Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı. Lakin belə olmadı. Döyüşün başlanğıcında müsəlmanlar qaçdılar, lakin Peyğəmbər (s) və bir neçə mühacir və ənsardan olanlar müqavimət göstərdilər. Qaçanlar yenidən geri döndülər, sonda Həvazin qəbiləsi döyüşdən qaçdı. Arxada qalmış arvad uşaqlar əsir düşdülər, Peyğəmbər isə onların azad edilməsi əmrini verdi. Hüneyn döyüşündə əldə edilmiş qənimətləri bölən zaman yeni müsəlman olmuş döyüşçülər qənimət əldə etmək üçün tələsərək hətta Peyğəmbərin paltarını belə çiynindən oğurladılar. Peyğəmbər (s) buyurdu: Ey camaat, mənim köynəyimi qaytarın! And olsun Allaha, Təhamə ağaclarının sayı qədər dəvə olsa hamısını sizə verərəm. Mən paxıl, qorxaq və yalançı deyiləm! Mən bu qənimətdən yalnız beşdə birini (xums) götürəcəm ki, onu da sizə qaytaracam. Sonra qənimətləri böldü və Qüreyş başçılarına da pay verdi ki, bəlkə islamı qəbul edələr. Fiqhdə muəlləfətun qulubuhum istilahı bu dəstəyə şamil edilmişdir. Bu müharibədə Təmim qəbiləsindən bir nəfər Peyğəmbərə (s) dedi: Məhəmməd! Ədalətlə davran! Görürəm, ədalətdən çıxmısan! Peyğəmbər (s) dedi: Vay olsun sənə! Əgər mən ədalətli olmasam kim ədalətə riayət edər? Ömər ibni Xəttab dedi: İzn ver onu üzüağlığına görə öldürüm. Peyğəmbər (s) dedi: Xeyr, onu azad burax, tezliklə onun ətrafına adamlar toplaşacaq ki, öz dar düşüncələri sayəsində dindən çıxacaqlar. Zulxuvəysirə ləqəbli bu kişi Əli (ə) xilafəti zamanı "xəvaricin” sərkərdəsi olub və Nəhrəvan döyüşündə öldürülüb. Peyğəmbər (s) qənimətləri mühacirlər arasında böldüyü üçün ənsar arasınada narazılıq yarandı. Sə’d ibni Ubadə Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın elçisi, ənsar sənin bu rəftarından razı deyillər. Qəniməti öz qövminə verdin ancaq ənsara bir şey çatmadı. Peyğəmbər (s) buyurdu: Sənin nəzərin nədir? Dedi: Mən öz qövmümdən biriyəm. Peyğəmbər (s) dedi: Öz qövmünü səqifəyə topla. Ənsar toplaşdıqdan sonra Peyğəmbər (s) buyurdu: Ey camaat, bu narazılıq sizdə mənə qarşı necə yarandı? Siz yoldan azmış deyildinizmi? Allah mənim vasitəmlə sizi düz yola hidayət etdi. Ehtiyac içində idiniz sizi varlı etdi. Bir-birinizlə düşmən idiniz, sizi mehriban etdi. Dedilər: Bəli, Allahın və Onun peyğəmbərinin ne’mətləri bizim üçün bundan daha artıqdır. Sonra dedi: Mənə cavab vermirsiniz? Dedilər: Ey Peyğəmbər (s) nə deyək. Dedi: Deyin səni yalançı hesab etdikləri halda biz səni doğru danışan bildik! Köməksiz idin sənə yardım etdik! Qovulduğun halda biz sənə sığınacaq verdik! Dəvriş kimi tək qaldığın halda səni özümüzdən hesab etdik! Ey ənsar, mən camaata azacıq dünya malı bağışladım ki, islama rəğbəti çoxalsın, ancaq siz öz dininizə möhkəm bağlı olduğunuz halda bu işdən narazısınızmı? And olsun Allaha, mən Məkkədən Mədinəyə gələn gündən özümü ənsardan biri hesab etmişəm. Əgər bütün xalq bir yola, ənsar isə başqa bir yola üz tutsa mən ənsarla olacağam. İlahi ənsarı bağışla! Ənsarın övladlarını bağışla! Ənsarın övladlarının övladlarını da bağışla! Bu sözlərdən sonra bütövlükdə hamısı göz yaşı axıtdı, hətta ağlamaqdan saqqalları belə islandı. Sonra isə dedilər: Allah Peyğəməbri bizim payımıza düşdüyünə razıyıq. TƏBUK MÜHARİBƏSİ Hicri tarixinin doqquzuncu ilində baş vermiş hadisələrdən biri də Təbuk ğəzvəsidir. Peyğəmbər (s)-a xəbər çatdı ki, Rum imperiyası Bəlqa adlı yerdə böyük qoşun toplayıb müsəlmanlara hücum etmək istəyir. İsti yay havası və meyvələrin təzə yetişən dövrü olduğundan əhali evdə əyləşib itsirahət etmək istəyirdi. Xəzinədə (beytül-mal) də bir şey gözə çarpmırdı. Peyğəmbər (s) adəti üzrə heç vaxt yürüş edəndə məqsədin nədən ibarət olduğunu qabaqcadan deməzdi. Lakin Təbuk döyüşündə qarşıya çıxan çətinliklərə görə e’lan etdi ki, Rumlular üzərinə döyüşə gedəcəyik. Bir dəstə əhali dedi: İndi istidir, bu isti fəsildə getməyin! Bu dəstə aşağıdakı Qur’an ayəsi ilə tənbih edildi: "Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbər!) De ki, "Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! Bu ğəzvədə islam qoşunun sayı 30000 nəfərdən ibarət olduğunu qeyd etmişlər. Müsəlmanlar bu günə qədər apardıqları müharibələrdə bundan yuxarı sayda qoşuna malik olmamışlar. Bu yürüşdə Peyğəmbər (s) Əlini (ə) öz yerinə canişin tə’yin edir ki, onun işlərini yerinə yetirsin. Münafiqlər dedilər ki, Peyğəmbər (s) Əlini (ə) özü ilə aparmaq istəmirdi. Bu barədə Əli (ə) Peyğəmbərə (s) şikayət edir, Peyğəmbər (s) isə buyurdu: Mən səni öz yerimə xəlifə tə’yin etdim. Səninlə mənim aramda olan münasibət Harunla Musa (ə) arasında olan münasibət kimidir, sadəcə olaraq məndən sonra peyğəmbər gəlməyəcək. Qoşun susuzluqdan əziyyət çəksələr də Təbuka çatdılar, lakin Rumluların döyüşə hazırlaşmaları xəbəri yalan çıxdı. Təbuk müharibəsi Peyğəmbər (s) hələ sağ ikən müsəlmanlarla qeyri-müsəlmanlar arasında baş vermiş sonuncu döyüş idi. Bunun ardınca bütövlükdə Ərəbistan təslim oldu. Hər qəbilədən nümayəndələr gəlib onların islamı qəbul etmələrini Peyğəmbərə (s) çatdırdılar. Təxminən demək olar ki, bütün qəbilələr müsəlman olmuşdular. Ona görə də bu il sənətul-vufud adlanmışdır, yə’ni həmrəylik, birlik ili. ƏRƏBİSTANIN BİRLİYİ Yarmadanın coğrafi və ictimai mövqeyini şərh edən zaman şimal sakinləri ilə cənub sakinləri arasında ixtilaf və qəbilələr arasındakı düşmənçilik haqda mə’lumat vermişdik. Qeyd etdiyimiz kimi, belə bir mühitdə (şimalda) əsl mə’nada ictimai həyat tərzi mövcud deyildi. Ərəblər hakimiyyət birliyinin nə olmasını təsəvvür belə edə bilmirdilər. Bu ərazidə ən yüksək birlik bir nəsildən olan bir neçə qəbilənin birləşib digər bir qəbilə ilə döyüşməsindən ibarət idi. Onuncu ilin əvvəllərində tarixdə yeni bir möcüzə baş verdi. Bütün həyatı boyu qan töküb, soyğunçuluqla məşğul olan xalq vahid hakimiyyət altında yaşamağa razı oldular. Doğrudur ki, Şam ətrafında bə’zi qəbilələr Rum imperiyasına tabe idilər. Qərbdə və cənubda bə’zi qəbilələr bütpərəst, xəçpərəst və ya başqa dinlərə ibadət edirdilər. Lakin Qeyd etdiyimiz kimi, Hüneyn müharibəsindən sonra bir çox qəbilələr müsəlman olmuş və ya Məhəmməd (s)-la birlik yaratmışdılar. Beləliklə ərəb torpaqlarının daxilində müharibə, qan tökmək öz yerini birliyə, sülhə və əmin-amanlığa vermişdi. Əvvəldə Qeyd etdiyimiz kimi, Peyğəmbər (s) Mədinədə mühacirlə ənsar arasında qardaşlıq telləri bağlayaraq bədəvilərin xislətlərindən birini cilovlamış, dinin inkişafı naminə islam qardaşlığı yaratmışdı. Yarmadada vahid hakimiyyət yarandıqdan sonra onların digər xislətləri olan məğrurluq və kobudluq islam yolunda, cihadda fədakarlıq və qəhrəmanlığa çevrildi. Bunun əsasında cahiliyyətdə mal-qaranı qorumaq və otlaqları ələ keçirmək üçün tökülən qanlar Allah yolunda və islamın inkişafı yolunda mübarizə ilə əvəz olundu. YALANÇI PEYĞƏMBƏRLƏR Peyğəmbər (s)-ın həyatının son illərinə aid olan tarixdə bir neçə yalançı peyğəmbərlərin adına rast gəlirik. O cümlədən Yəmamədə bəni Hənifə tayfasından olan Musyləmə, bəni Əsəddən olan Tuleyhə, Yəməndən olan Əsvəd Ənəsinin adını çəkmək olar. Bunlardan hər birisi öz qəbilələri arasında ətrafına bir dəstə adam toplayıb peyğəmbərlik iddiasına düşdülər. Lakin sonda biri-birlərinin ardınca məğlubiyyətə uğrayıb yoxa çıxdılar Danılmaz faktlardır ki, tarixdə adı çəkilənlərdən başqa peyğəmbərlik iddiasına düşənlər də olmuşdur. Burada belə bir sual ortaya çıxır, görəsən meydana çıxmış bu peyğəmbərlər, islam peyğəmbərinin 13 il Məkkədə və 10 il Mədinədə xalqı islama də’vət etdiyi dövrlərdə öz iddialarını aşkar etmədilər? Yuxarıda Qeyd etdiyimiz kimi, islamdan əvvəl ərəb birliyi (vəhdət) mümkün olmadığından və ya müəyyən müddət ərzində birlik əldə etdikdən sonra yenidən bir-birlərinə düşmən kəsildiklərindən onlar bu iddialarını üzə çıxara bilmirdilər. Dini vəhdət sayəsində ərəb birliyi bərpa olunan zaman hakimiyyət sevdasında olanlar hökmranlıq üçün yeni fürsətin mövcud olduğunu hiss etdilər. Belə ki, onlar güman edirdilər ki, peyğəmbərlik iddiası etməklə əsl peyğəmbər ola bilərlər. Bu yalançı peyğəmbərlər bir müddət müsəlmanlar qarşısında maneçilik törətsələr də sonda məhv oldular. PEYĞƏMBƏRİN SON HƏCC ZİYARƏTİ Hicrətin onuncu ili zi-qə’də ayında Peyğəmbər (s) həcc ziyarətinə yollandı. Bu səfərdə həcc hökmlərini xalqa tə’lim etdi. İslamdan əvvəl Qüreyşin özünəməxsus qanunu var idi. Kə’bə evinin pərdəsini və açarını əldə saxlamaq, hacılara su verib xidmət etməklə yanaşı digər qəbilələrdən fərqli olaraq ziyarət də edirdilər. Peyğəmbər (s) bu səfərdə Qüreyşin tə’yin etdiyi qanunu ləğv etdi. Cahiliyyət dövründə tə’yin olunmuş qanunlardan biri də bu idi ki, Kə’bə evini təvaf edərək pak paltar geyinmək lazımdır və Qüreyşdən alınan paltar yalnız pak ola bilərdi. Əgər Qüreyş birisinə təvaf paltarı verməsəydi o şəxs gərək paltarsız təvaf edəydi. Qüreyş digər hacılar kimi Ərəfatdan yola düşməzdilər, bəlkə Muzdəlifədən köçərək bu üstünlüyü özləri üçün fəxr sayırdılar. Qur’an aşağıdakı ayə vasitəsilə bu üstünlüyü ləğv etdi: SONRA CAMAATIN DÖNDÜYÜ YERDƏ SİZ DƏ DÖNÜN Camaat gördü ki, Məhəmməd (s) Qüreyşdən olmasına baxmayaraq digər əhali ilə birgə Ərəfatdan köçür. Bu səfərdə idi ki, o dedi: Ey camaat! Bilmirəm gələn il sizi görə biləcəm ya yox. Camaat! Cahiliyyət dövründə tökülən hər qana göz yumuram. Qiyamət gününə qədər malınız və qanınız bir-birinizə haramdır. Mədinəyə dönəndə Cöhfədə o yerdəki Misr, Hicaz və İraq əhalisinin yolları ayrılır – "Ğədir-xum” adlı məkanda ona Allahdan əmr gəldi ki, özünə canişin tə’yin et! Başqa sözlə peyğəmbərdən sonra islam hökumətinin taleyi müəyyənləşməlidir. Peyğəmbər (s) sayı yüz min nəfər olan müsəlmanların arasında dedi: "Mən hər kəsin ağasıyamsa (rəhbəri, hamisi) Əli də onun ağasıdır. Ya Rəbbim, ona yaxın olana Sən də yaxın ol, ona düşmən kəsilənə Sən də düşmən ol. Onu sevəni Sən də sev, onu xar edəni xar et. Harada olsa haqqı ona rəva gör. Burada bu sözləri eşidənlər (eşitdiklərini) burada olmayanlara çatdırsınlar.” Həcc ziyarətindən qayıtdıqdan sonra islamın əzəməti, vüqarı artır, Peyğəmbərin (s) sağlamlığı, səhhəti isə ağırlaşırdı. Movtə döyüşündəki məğlubiyyətin əvəzini çıxmaq üçün Usamə ibni Zeydin başçılığı ilə qoşun topladı. Anacaq bu qoşun yola düşməzdən əvvəl artıq Peyğəmbər (s) dünyasını dəyişərək Allah dərgahına qovuşdu. O həzrət vəfatından əvvəl Ərəbistan yarmadasında islami birlik bərpa edərək Rum və İran kimi iki böyük imperiyanın ortasında islam dinini meydana gətirdi. PEYĞƏMBƏR (S)-IN VƏFATI Bə’zi müsəlmanlar üçün Peyğəmbərin (s) vəfatına inanmaq heç də asan deyildi. Bu ilahi şəxs Allah adı ilə qalxaraq o günə kimi heç bir vəhdəti olmayan Ərəbistanda birlik və ittifaq yaratdı, bir-birlərinə düşmən kəsilmiş öldürüb qarət etməkdən başqa bir iş bacarmayan ayrı-ayrı qəbilələri birləşdirdi. Dini qanunlar əsasında hökumət qurdu. O ərazidə daxili toqquşma və çəkişmələri ləğv edərək aradan apardı. Xalqı bir-birinə mehriban və qardaş etdi. Qısası ondan əvvəl heç kəsin görə bilmədiyi bir işi yerinə yetirdi. Necə mümkündür ki, belə bir işlər görmüş şəxs adi insanlar kimi yaşaya və sonda ölə. Xeyr bu mümkün deyildir. O ölməzdir, həmişə yaşardır. Bu sözlər Məhəmməd (s)-ın vəfatını eşidən bir dəstə adamların sözləridir. Tarixçilər yazırlar ki, Ömər Peyğəmbərin vəfat xəbərini eşidən kimi dedi: Yalan sözdür. O ölməyib, Rəbbinin yanına gedib və tezliklə qayıdacaqdır. Kim "Peyğəmbər öldü” kəlməsini söyləsə onu öldürəcəm. Əbu Bəkr tez özünü ona yetirib Qur’ani-kərimdən Peyğəmbərin (s) adi bir insan övladı olmasına dəlalət edən bir ayə oxudu və onu bu iddiadan çəkindirdi. Sonra isə dedi: Məhəmməd (s)-a pərəstiş edənlər bilməlidirlər ki, Peyğəmbər artıq vəfat edib, bir daha geri dönməyəcək və yalnız Məhəmməd (s)-ın Rəbbi diridir və heç vaxt ölməyəcəkdir. Müsəlmanlar çox tez bir zamanda acı həqiqətlə üzləşdiklərini anladılar. Peyğəmbər (s) artıq Rəbbinə qovuşmuş idi. Bəs onda müsəlmanlar nə etsinlər? Bu geniş bir ölkəni kim idarə etsin? Mə’lumdur ki, müsəlmanların bundan sonra dini rəhbərləri – yə’ni peyğəmbərləri olmayacaq. Çünki Peyğəmbər (s) özü buyurub ki, məndən sonra peyğəmbər yoxdur. Qur’ani-kərim də müsəlmanlara Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu da çatdırıb. Bəs onda islam ümmətinə rəhbərliyi kim öz üzərinə götürsün? Məlumatlar İslam-azer.az saytından götürülmüşdür |