İnsan iradəsini, ağlını, vicdanının səsini dinləmədiyi təqdirdə çox səbirsiz olur. Hər şey dərhal olsun, hər hadisə dərhal nəticələnsin istəyir. Bir az cəhd etdiyində istədiyi şeyi asanlıqla əldə etsin, bir problemi dərhal həll etsin, bir çətinliyin öhdəsindən dərhal gələ bilsin, bir sözlə çətinliklərin dərhal bitməsini istəyir. Amma dünya həyatındakı imtahan səbəbiylə, bəzən hər şey o qədər tez və qısa müddətdə həll edilməz. Bəzən insanın bir mövzuda aylarla hətta illərlə əmək sərf etməsi, çox uzun bir müddət səbir göstərməsi lazım olur. İnsanın səbr etdiyi müddətdə "Olmur", "Demək ki səhv yoldayam", "Mənim bu etdiklərim heç bir işə yaramır", "Bu yolda səy göstərməyim, bundan bir şey çıxmaz" kimi səhv düşüncələrə qapılmaması lazımdır. Çünki insanların çoxu səbirli deyildir. Allah insanı bu yöndən sınayır. İnsanlardan yalnız Allahı çox sevənlər, Allahın razılığını istəyənlər və Allahın razılığını qazanmaq üçün səy göstərənlər həqiqi mənada səbr edə bilirlər. Digərlərinin bir gün, iki gün, bir həftə, bir neçə ay səbr edə bildikləri halda iman edən bir insan Allah üçün lazım olsa həyatının sonuna qədər ən çətin, ən ağır şərtlərdə də səbir göstərir. Allahın insanı imtahan etməsindəki hikmətlərdən biri də budur: Allahı sevən və Allaha könüldən iman edən insanların ortaya çıxması... Elə buna görə də zaman nə qədər uzun çəksə belə, insanın etdiyi yaxşı bir işdə cəhd etməkdən, gözəl bir şey üçün səbr etməkdən bezməməsi, səyindən əsla şübhəyə qapılmaması və imtina etməməsi lazımdır. Allah bəzən bir insana dünyada və ya axirətdə verəcəyi çox böyük nemətləri bu səbrin ardına gizləyir. İnsan əmək sərf etdiyi, səbirlə səy göstərməyə, Allahdan istəməyə ümid etməyə davam etdiyi müddətdə, bundan sonra onu nələrin gözlədiyini bilməz. Belə bir adamın məqsədi yalnız Quran əxlaqını yaşayaraq Allahın razılığını qazanmaqdır. Əsas hədəfi axirətdə nemət sahibi olmaq deyildir. Amma Allah sonsuz lütf, mərhəmət və rəhmət sahibi olduğundan möminləri onsuzda mükafatlandırır. İnsan aylarla, illərlə Quran əxlaqına uyğun davranaraq səbir etdiyi bir dövrün ardından, heç ümid etmədiyi qədər böyük nemətlərlə qarşılaşa bilər. Allah Quranda bu lütfünü insanlara belə bildirmişdir: Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir. (Talaq surəsi,2-3) İnsan sıxıntı, çətinlik, nemət azalması, yoxsulluq və ya dara düşdüyündə, bir işə çox əmək sərf etdikdə, daha uzun zaman səbr etməli olduqda və ya gözlədiyi nəticəni görmədikdə bunun bir sınaq olduğunu əsla unutmamalıdır. Əgər belə bir vəziyyətdə, bir an belə olsa Allahın lütfündən yana ümidsizliyə və ya şübhəyə qapılsa, bunun ardından Allah ona lütf etdiyində, onu heç ümid etmədiyi bir yerdən nemətə qovuşdurduğunda, yalnız bir anlıq belə olsa, etdiyi rəftardan dolayı Allahdan çox utanacağını düşünməlidir.
Bu səbəblə, insan belə bir zəifliyə düşmədən əvvəl çox qətiyyətli davranmalı, Allaha qeyd-şərtsiz güvənlə təslim olmalıdır. Allah həyatının sonuna qədər göstərdiyi səbrin qarşılığını o adama dünyada verməsə də, yenə də bir an belə olsa səhv düşüncələrə qapılmamalıdır. Allahın sonsuz ədalət sahibi olduğunu, səmimi bir insanın Allah yolunda etdiyi cəhdlərə əksiksiz cavab verəcəyini bilmənin rahatlığı, dincliyi, sevinci və təvəkkülü içərisində olmalıdır. Bir gün, iki gün, bir neçə həftə və ya bir neçə ay səbr edib sonra şübhəyə qapılan insanların düşdüyü səhvə yol verməməlidir. Allahın onun səbrini sınadığını bilməli və bunu fürsət olaraq görüb, Allaha olan sevgisini, etibarını və təslimiyyətini göstərməlidir.
Quranda səbirdə qətiyyətlilik göstərə bilən insanların əxlaqı belə təriflənmişdir: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır! (Bəqərə Surəsi, 177)
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993