1- Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz?
On iki imam şiələri (tərəfdarları, ardıcılları) altıncı İmam Cəfər
Sadiq(ə) –ın adıyla bağlı və Peyğəmbərimiz Muhəmməd(s) tərəfindən ilahi
vəhyə əsasən ardıcıl olaraq təyin olunan on iki imama tabe olanlar
əqidə və inanclarında, daha doğrusu, dinin üsul və fürusunda Qurana və
İslam Peyğəmbərinin sünnəsinə əsaslanırlar və onların ardınca gedirlər.
Cəfərilər və ya şiələr Peyğəmbər(s)-in sünnəsini və Quran hökmlərini
bəyan edən Peyğəmbər(s)-in və Əhli-Beytinin topladığı hədisləri və
rəvayətləri daha üstün sayırlar. On iki imam şiələri adlananlar bu
inancdadırlar ki, müqəddəs İslam dinini qəbul edib müsəlman olmaq
istəyən şəhadət verməlidir – əşhədü ənla ilahə illəllah və əşhədü ənnə
Mühəmmədən əbduhu və rəsuluh. Əgər bir nəfər dili olduğu halda bu
kəlmeyi-şəhadəti söyləməzsə, həmin şəxs müsəlman sayılmaz. Cəfəri
məzhəbi kəlmeyi-şəhadəti sidq ürəkdən deyən hər bir kəsi müsəlman
olaraq tanıyır. Məzhəbindən asılı olmayaraq bu hamıya aiddir. Bir
şərtlə ki, İslam dininin zəruri hökümlərini inkar etməsin.
Cəfərilər əsasən İslam ölkələrində yaşadıqları kimi, müsəlman olmayan
ölkələrdə də yaşayırlar. Bununla bərabər Cəfərilər hal-hazırda İran,
Pakistan, Əfqanıstan, İraq, Livan, Azərbaycan, Suriya, Türkiyə, Misir
və Hindistanda üstünlük təşkil edirlər. ”Məktəbi-İslam” məcmuəsinin
yazdığına əsasən dünyada 130 milyon Cəfəri məzhəbindən olan şiə
müsəlman vardır.
Cəfəri məzhəbi İslamın ilk çağlarından Qurani-Kərim və İslam
Peyğəmbəri(s)-in hədisləri ilə bərabər İslam elmini inkişaf
etdirmişdir. Onların mühüm dini və elmi mərkəzləri vardır. Bunlardan ən
əhəmiyyətlisi və ən qədimi Nəcəfül-Əşrəf elmi mərkəzidir. Bu mərkəz on
əsr bundan əvvəl İraqın Nəcəf şəhərində böyük alimlərdən olan Şeyx Tusi
adlı şəxs tərəfindən yaranmışdır. Hal-hazırda isə artıq yarım əsrə
yaxındır ki, İranın Qum şəhərindəki dini və elmi mərkəz cəfərilərin elm
mərkəzidir.
Şiə aləmində Əhli-Beytin Peyğəmbər(s)-dən nəql etdiyi hədislər,
xüsusilə də İmam Cəfəri Sadiq(ə)-ın hədisləri böyük üstünlük təşkil
edir. Cəfəri məzhəbi Quranın axirətə qədər Allah tərəfindən qorunacağı
və heç bir dəyişikliyə məruz qalmayacağı inancındadır və bunu
dəlillərlə də sübut edir.
Biz Cəfəri məzhəbi haqqında qısaca məlumat verdik. Bu məzhəblə
maraqlanmaq istəyənlərə ”İslamda Cəfəri Məzhəbi və İmam Cəfəri Sadiqin
buyruqları” kitabını oxumağı məsləhət görürük, şiələrin tarixi ilə
əlaqədar isə ” Tarixuş-şiə” kitabına müraciət etmək məsləhətdir. 2 -Şiə əgər haqdırsa bəs niyə görə müsəlman aləmində azlıq təşkil edir?
Dünya statistikasına nəzər salsaq görərik ki, dünyada təqribən altı
milyard yarım əhali var. Onun cəmi bir milyarda yaxını (15-18 %)
müsəlman, 40 % kafir (qeyri səmavi dinlərə itaət edənlər və ya
dinsizlər), 42-45%-i isə kitab əhli yəni xristian və yəhudilərdir. Belə
məlum olur ki, dünyada müsəlman hamıdan azdır. Ancaq biz yəqin bilirik
ki, haqq müsəlmanlarladır və bunda heç kəsin şübhəsi ola bilməz. Elə
buradan da aydın olur ki, haqqı çoxluqda axtarmaq lazım deyil. Necə ki,
Qurani-Kərim buyurur: ”Bəndələrimdən şükür edəni azdır.” (”Səba”
surəsi, ayə-13) Bu ayədən açıq-aydın görünür ki, haqq çoxluqda deyil və
bütün bəndələr şükür edən deyillər. Necə ki, Quranın başqa ayələrində
də, buyurulur: ”Sən onların əksəriyyətini şükür edən görməyəcəksən.”
(”Əraf” surəsi, ayə-17) ”Allahın övliyaları yalnız Allahdan qorxub pis
əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti (çoxu) bunu
bilməz.” (”Ənfal” surəsi, ayə-34) İmam Əli(ə) buyurur: ”Haqq və batil
qoşunun sayı ilə tanınmaz. Əgər haqq ilə batili tanısan, onların əhlini
də tanıyacaqsan.” Quran ayələri, hədis və məntiqlə düşüncədən aydın
olur ki, haqq-ədaləti heç də çoxluqda axtarmaq düzgün deyil. 3-Niyə görə şiələr Peyğəmbər(s) və Əhli-Beyt(ə)-ın şəfa verə
bilməsinə inanırlar, axı Quranın ”Yunis” surəsi 106-cı ayə buyurur:
”Allahdan başqa sənə nə bir xeyir, nə də bir zərər verə biləni
çağırma.”?
”Yunis” surəsi 106-cı ayədə bütlər və tanrılar nəzərdə tutulur ki, bu
da müşrüklər haqqında deyilmişdir. Şiələr isə bunu Allahın qüdrəti və
möcüzəsi kimi qəbul edir, İslam Peyğəmbəri(s) və Əhli-Beyt(ə)-ın
Allahın qüdrəti ilə şəfa verə bilməsində inkar edilməz dəlilləri var.
”Allahın izni ilə ölüləri dirildirəm.” ”Ali İmran” surəsi, ayə-49-da
İsa peyğəmbərin dilindən belə buyurulur. Peyğəmbərimiz və Əhli-Beytin
Allahın qüdrəti ilə şəfa verə bilməsinə gəldikdə isə bu hadisələr
tarixdən bizə çox tanışdır və dəfələrlə bu kimi halların şahidi
olmuşuq. Ancaq biz o misallarla deyil, Quran ayəsi və hədislərlə cavab
verəcəyik: ”Bu köynəyimi aparın atamın üzünə sürtün və yenidən görməyə
başlayar.” (”Yusif” surəsi, ayə-93) Başqa yerdə ”Muştuluqçu gəlib
köynəyi Yəqubun üzünə sürtən kimi onun gözləri açıldı.” (”Yusif”
surəsi, ayə-96) Yusif peyğəmbərin köynəyi Yəqub peyğəmbərin gözlərinə
şəfa verdi. Göründüyü kimi peyğəmbərin köynəyi insan gözünə nur verə
bilər və buna ancaq kafirlər inanmaz. İslam peyğəmbəri(s) buyurur:
”Mənə beş şey verildi … və şəfaət də əta edildi.” (”Səhihi Buxari” c.
1, səh. 91 (Misir çapı), Əhməd ibn Hənbəl ”Müsnəd” kitabı c. 1, səh.
301) Göründüyü kimi Allahın izni ilə şəfaət verilə bilər. 4-Niyə görə şiələr Allahdan bağışlanmaq dilərkən Peyğəmbər(s)-i və Əhli-Beyti(ə)-ı vasitə seçirlər, məgər bu günah deyil?
Xeyr, bu günah deyil, əksinə onların hacətlərini vasitə ilə Allahdan
istəməsinin xeyri daha böyükdür. Çünki, Allah Quranda buyurur: ”Biz hər
bir peyğəmbəri, ancaq Allahın izni ilə itaət olun deyə göndərdik. Onlar
(günahkarlar) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib
Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv
istəsəydi, əlbəttə Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu
bilərdilər.” (”Nisa” surəsi, ayə-64) ”(Oğlanları ona–Yəqub peyğəmbərə)
Bizim üçün günahlarımızın bağışlanmağını dilə. Biz doğrudan da günahkar
olmuşuq! Dedilər.” (”Yusif” surəsi, ayə-97) ”(Yəqub peyğəmbər ) Dedi:-
Mən tezliklə Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəm. O həqiqətən
bağışlayan və rəhm edəndir.” (”Yusif” surəsi, ayə-98) Ayələr açıq-aydın
göstərir ki, əməli-saleh insanı Allaha vasitəçi seçmək heç də günah
deyil. Bütün müsəlmanlar bir-biri üçün dua etməlidirlər. Ancaq
əməli-saleh, pak Allahın əziz bəndəsinin duası daha tez qəbul olunar.
Bir gün kor bir kişi Peyğəmbər(s)- in yanına gəlib dedi: ”Allahdan
mənim şəfa tapmağımı dilə. ” Peyğəmbər(s) buyurdu ki, iki rəkət namaz
qıldıqdan sonra belə dua et: ”İlahi mən səndən kömək diləyirəm və
mehriban peyğəmbər olan Məhəmmədin vasitəsilə sənin qapına üz
gətirirəm! Ey Məhəmməd, mən ehtiyacım haqqında və sənin vasitənlə
Allaha üz tuturam ki, mənim hacətimi yerinə yetirəsən. İlahi onu mənə
şəfaətçi qərar ver.” (Əhməd ibn Hənbəlin ”Müsnəd” kitabı c. 1, səh. 313
(Beyrut çapı), ”Sünəni İbni Macə” c. 1, səh. 441 və İbni Teymiyyənin
”Ət-təvassül vəl-vəsilə” kitabı, səh. 98 (Beyrut çapı)) 5-Niyə görə şiələr ölülərdən hacət istəyirlər və ziyarətgahlara gedib dua edirlər?
Şiə təriqəti – Cəfəri məzhəbi insanın nə ölüsündən, nə də dirisindən
hacət istəmir. Şiə Peyğəmbərə və imamlara xatir Allahdan istəyir. Allah
həmişə duanı qəbul etməyə qadirdir. Bundan əlavə ”Allah yolunda
öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbləri yanında
diri olub ruzi (Behit nemətlərindən) yeyirlər.” (”Ali İmran” surəsi,
ayə-169) Ölüm sonluq və heçlik deyil, başqa bir aləmə keçiddir.
Əhli-Sünnə alimlərinin qəbri ziyarət etmək haqqında da hədisləri
çoxdur, o cümlədən; ”Səhihi Müslüm” c. 3 və ”Qəzali Əxbarul-uyun” c. 1
kitablarında Həzrət Peyğəmbər(s)-dən belə nəql olunur: ”Hər kəs mənim
qəbrimi ziyarət etsə mənim şəfaətim ona vacib olar.” Bu hədisdən
görünür ki, qəbri ziyarət edib şəfa tapmaq olar. Ancaq bilmək lazımdır
ki, şəfanı qəbir vermir, qəbir sahibinin Allah yanında olan uca
məqamına xatir Allah özü verir. Aydın olur ki, Allah Peyğəmbərinin
qəbrini ziyarət etdiyinə və orada dua etdiyinə görə insanın duasını
daha tez qəbul edir. ”Müsnədi Əbu Davud” 1-ci c. səh. 12-də
Peyğəmbər(s)-dən nəql edilərək yazılır ki, Peyğəmbər(s) buyurdu: ”Hər
kəs mənim vəfatımdan sonra Həccə gələ və mənim qəbrimi ziyarət etməyə,
əlbəttə ki, mənə cəfa etmiş olar.” ”Hər kəs mənim vəfatımdan sonra məni
ziyarət etsə, sanki məni dirilikdə ziyarət etmişdir.”
Bütün bunları əldə rəhbər tutaraq şiələr Peyğəmbər(s)-in və məsum
imamların qəbrini ziyarət edirlər. Bu, ancaq Allaha xatirdir. Bu
ziyarətlər Peyğəmbər və Əhli-Beytinin məhəbbətini qəlblərdə çoxaldır.
Çünki, Peyğəmbər(s) və Əhli-Beyt(ə) Allahın hökmlərini qoruyanlar, ən
yaxşı əməl edənlər və yayanlardır. Əhli-Sünnənin də dörd məzhəb
(Hənəfi, Hənbəli, Şafei, Maliki) alimlərinin qəbri ziyarət etmək
haqqında hökmlərin vardır. ”Hüsnüt-təvasül-fi adabi ziyarəti
əfzəlür-rəsul” kitabı yazır ki, Peyğəmbərin qəbrini ziyarət etməyə
məhəbbət bəsləmək, evdən çıxıb ziyarətə gedərkən dua oxumaq, yol
gedərkən Peyğəmbərə çoxlu salavat göndərmək, Mədinəyə çatanda dua
oxumaq, Hərrə çayında qüsul edib Mədinəyə daxil olmaq, Cəbrail
qapısından içəri daxil olmaq, Peyğəmbərin məscidini gördükdə
təvazökarlıq edib, onu böyük tutmaq, ziyarət vaxtı ayaq üstə durmaq,
ziyarətnamə oxumaq, əlləri şərif qəbrə sürtüb, öpmək əhli-sünnə
alimlərinin fətvasına əsasən müstəhəb əməllərdir. Əhli-sünnə
alimlərinin bildirdiyinə əsasən, Peyğəmbər(s) İslamın əvvəllərində
qəbirləri ziyarət etməyi qadağan etmişdi. Çünki, onların əksəriyyəti
müşrük və kafirlərin qəbri idi. Lakin İslam dini təkmilləşəndən sonra
Peyğəmbər(s) buyurdu: ”Mən sizlərə qəbirləri ziyarət etməyi qadağan
etmişdim. Lakin bu gündən etibarən sizləri qəbirləri ziyarət etməyə
çağırıram.” Hədislər ”Səhihi Müslüm” c. 3, səh.65, ”Sünnəni Əbu Davud”
c. 2, səh.195, ”Səhihi Tirmizi” c. 3, səh.274 kitablarından nəql
edilmişdir. Hədisdən də göründüyü kimi, Peyğəmbər(s) bizi qəbirləri
ziyarət etməyə çağırır. 6-Nə üçün şiələr qəbirləri pir edirlər? Məgər bu günah deyil?
Allah, müqəddəs şəxslərin qəbirlərini pir qərar verməyi, orada məscid
tikməyi, namaz qılmağı bizlərə qadağan etməyib, Peyğəmbər(s) və
Əhli-Beytin məzarlarının üstündə məscid tikməyin İslama heç bir ziyanı
yoxdur. Məlumat üçün qeyd edək ki, təkcə şiələr yox, Əhli-Sünnə
məzhəbləri də övliyaların qəbirlərinin üstündə məscid tikiblər. İstər
şiələr, istərsə də sünnülər bunu özbaşına yox, Quran ayəsinə və Quran
ayəsinin təfsirinə əsasən ediblər: ”Onların qəbirlərinin üstündə bina
düzəltdik. Bu işdə qalib gəlmiş başqa dəstə (möminlər) dedilər. Onların
qəbirlərini məscid qərar verəcəyik.” yəni orada məscid tikəcəyik,
”Kəhf” surəsi, ayə-21 də belə buyurulur. Bu ayədən açıq-aydın görünür
ki, qəbri pir etmək (üzərində məscid tikmək) heç də haram deyil və bunu
növbəti hədisdən də başa düşmək olar: ”Peyğəmbərimizin qızı Həzrət
Fatimeyi Zəhra(s.ə.) cümə günləri əmisi şəhid Həmzənin qəbrinin yanına
gedib namaz qılır və ona gözyaşı tökürdü. (”Səhihi Müslüm” c. 3 və
”Sünəni Beyhəqi” c. 4, səh.78) Əgər qəbrin yanında namaz qılmaq, oranı
məscid – səcdə olunan yer qərar vermək haram olsaydı, Rəsuli Əkrəm bunu
öz doğma qızına qadağan edərdi. Bunu da unutmayaq ki, Peyğəmbər(s)-in
öz məzarı Mədinədə Məscidün-Nəbinin daxilindədir və bütün zəvvarlar
orada namaz qılırlar, ziyarət edirlər. 7-Nə üçün şiələr Allahdan başqasına and içirlər, məsələn, Qurana, Peyğəmbərə, imamlara, ataya, anaya, bərəkətə və s.?
Qurana nəzər salaq və görək səmavi kitabımız bizə Allahdan qeyrisinə
and içməyi haram bilirmi?! Lakin biz Allah kitabına baxdıqda görürük
ki, Allah-təala təkcə ”Şəms” surəsində doqquz məxluqa and içir. Ancaq
bir ayədə rast gəlmirik ki, Allah-təala bunu bizə haram bilsin.
Allah-təala buyurur: ”And olsun əncirə və zeytuna. And olsun Tur
Sinaya. And olsun bu əmin şəhərə (Məkkəyə).” (”Tin” surəsi) ”Ey
Peyğəmbər! Sənin canına and olsun ki, onlar öz şəhvət sərxoşluqlarında
sərgərdandırlar.” (”Hicr” surəsi, ayə-72) ”And olsun qələmə və
mələklərin yazdığına.” (”Qələm” surəsi, ayə-1) Yox əgər deyilsə ki,
ancaq Allah-təala and içə bilər. Cavab olaraq demək lazımdır ki,
Allahın heç bir şeyə ehtiyacı yoxdur, o cümlədən and içməyə də. Quran
bəşərə ona görə göndərilib ki, biz ondan ibrət götürək və ona uyğun
hərəkət edək. Hədislərə baxsaq görərik ki, Peyğəmbər(s) də məxluqa and
içir. Peyğəmbər(s)-in and içməyinə dair məhşur sünnə aliminin öz
kitabında qeyd etdiyi hədis var, ”Səhihi Müslüm” Zəkat kitabı 3-cü c.
səh.93-94 Misir çapı. Peyğəmbər(s) öz səhabələrinə atalarının canına
and içməyi həqiqətən də qadağan etmişdi. Çünki onların ataları müşrük
kimi dünyadan köçmüşdür. Müşrük və kafirlərin canına and içmək
həqiqətən də olmaz. Ən azı ona görə ki, müşrük və kafirlər buna layiq
deyillər. ”Səhihi Müslüm” 3-cü c., səh.93-94, bir şəxs Peyğəmbərdən
soruşur ki, ya Rəsuləllah, hansı sədəqə daha fəzilətlidir? Həzrət
cavabında buyurur: And olsun atanın canına! Bil, o sədəqə daha
əzəmətlidir ki, sağlam olasan, pula ehtiyacın ola, fəqirlikdən
qorxasan, gələcəyinin fikrində olasan və eyni halda sədəqə verəsən.
”Müsnədi Əhməd” 5-ci c., səh.224-225, Peyğəmbər (s) buyurur: And olsun
öz canıma ki, əmr be-məruf və nəhy əz-münkər etməyin sakit oturmağından
yaxşıdır. 8-Şiələr nəyə görə səcdə edərkən alını möhürə qoyurlar, məgər bu şirk deyil?
Şiələr səcdəyə gedərkən alınlarını təmiz yerə qoymaq məqsədilə
torpaqdan olan möhürə qoyurlar. ”Peyğəmbərin(s) səhabələri səcdə zamanı
alınlarını torpağa qoyurdular.” Bu hədis böyük əhli-sünnə alimlərinin
kitabında gəlib, o cümlədən, ”Əs-sünnənül-Kübra” (c. 2, səh.105),
”Müstədrəki Hakim” (c. 1, səh.270), ”Sünnəni Beyhəqi” (c. 2, səh.103).
Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə
zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri
alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik.
Peyğəmbər(s) buyurur: ”Torpaq mənim üçün səcdə yeri və pak qərar
verilmişdir.” Bu hədis isə ”Kənzül-ümmal” (c. 7, səh.465),
”Əl-Müsənnif” (c. 1, səh.392), ”İrşadus-Sari” (c. 1, səh.405)
kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: ”Allahdan ötrü alnını
torpağa qoy.” Bu hədisi də ”Səhihi Müslüm” (c. 1, səh.371), ”Səhihi
Buxari” (c. 1, səh.91), ”Sünnəni Beyhəqi” (c. 1, səh.212), ”Sünnəni
Nəsai” (c. 1, səh.210), ”Sünnəni Tirmizi” (c. 2, səh.131) kitalabrında
rast gəlmək olar. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan
Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra
torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da,
müşahidə etdim. Bu hədisi də, ”Sünnəni Nəsai” (c. 2, səh.208), ”Səhihi
Buxari”, ”Sünnəni Əbi Davud” kitablarında görə bilərik. 9-Nə üçün şiələr namazı birləşdirib qılırlar, bu şəriətə zidd deyil?
Sübh namazının vaxtı, sübhün açılmasından günəşin doğmasına qədərdir.
Zöhr və Əsr namazının vaxtları günorta çağının başlanmasından günəşin
batmasına qədər olan müddətdir. Məğrib və İşa namazlarının vaxtı
günəşin qürubundan gecə yarısına qədərdir. Quranın ”İsra” surəsinin
78-ci ayəsində buyurulub: ”Gün batandan gecə qaranlıq düşənədək
namazını qıl və habelə səhər (sübh) namazını (da qıl)…” İslam
Peyğəmbəri(s) müsəlmanlara rahat olsun deyə zöhr və əsr namazlarının,
məğrib və işa namazlarının birlikdə qılına biləcəyinə izn vermişdir.
Ərəfatda günəş batarkən camaat ”namaz, ya Rəsuləllah!” dedi, lakin
Peyğəmbər(s) belə buyurdu: ”Məşərül-həramda Məğrib namazını
gecikdirdilər və İşa namazıyla birlikdə qıldılar ki, bu da əda idi,
qəza deyildi.” Şiələrin namazı birləşdirib qılması göründüyü kimi,
özbaşınalıq deyil, ümumiyyətlə şiələrin bütün əməlləri Allahın əmri,
Peyğəmbərin buyruğuna əsasəndir. ”Peyğəmbər(s)-lə birlikdə səkkiz rükət
Zöhr və Əsr namazlarını və yeddi rükət Məğrib və İşa namazlarını
birlikdə qıldıq.” (”Müsnədi Əhməd” c. 1, səh.221)
”Əbu Şəsaya dedim ki, fikir edirəm, Allahın Peyğəmbəri Zöhr namazını
təxirə saldı və Əsr namazını vaxtından əvvəl qıldı və həmçinin Məğrib
namazını gec qıldı. Əbu Şəsa isə cavab verdi ki, mən də bu cür
düşünürəm.” Hədislərdən açıq-aydın görünür ki, Peyğəmbərimiz(s)
namazları birlikdə qılmışdır. (”Müsnədi Əhməd” c. 1, səh.251) İbni
Abbas Bəni-Təmim qəbiləsindən olan bir kişiyə hirslənib dedi ki, sən
Peyğəmbərin sünnəsini mənə öyrətmək istəyirsən? Mən Allah Peyğəmbərinin
Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birlikdə qılmasına şahid olmuşam.
Abdullah deyir: ”Bu məsələ mənim üçün şübhə yaratdı və ona görə də mən
Əbu Hüreyra ilə görüşərkən bu barədə soruşdum. O, da İbni Abbasın
sözünü təsdiq etdi.” (”Səhihi Müslüm” c. 2, səh.151, Misir çapı)
”Peyğəmbərimiz(s) Mədinədə heç bir düşmən qorxusu olmadan və səfərdə
olmadığı halda zöhr ilə əsr namazını birlikdə qıldı. Sonra İbni Abbas
Peyğəmbərin məqsədini bəyan edir ki, o Həzrət ümmətindən heç kimin
zəhmətə düşməsini istəmirdi.” (”Səhihi Müslüm” c. 2, səh.152)
”Peyğəmbər(s) Mədinə şəhərində heç bir düşmən qorxusu olmadan və yağış
yağmadığı halda Zöhr ilə Əsr və Məğrib ilə İşa namazlarını birlikdə
qıldı. Səid İbni Cəbir deyir ki, İbni Abbasdan soruşdum ki, nə üçün
Peyğəmbər belə edir? İbni Abbas isə cavab verdi ki, ona görə ki,
istəmirdi öz ümmətini zəhmətə salsın.” (”Səhihi Buxari” c. 1, səh.110)
”Peyğəmbər yeddi rükət Məğrib və İşa namazını və səkkiz rükət Zöhr və
Əsr namazlarını Mədinə şəhərində birlikdə qıldı.” (”Mütəqqi Hindi”,
”Kənüzul-ümmal” c. 8, səh.246) Abdullah ibn Ömər deyir: ”Peyğəmbər(s)
öz vətənində olarkən səfərdə olmadığı halda, Zöhr ilə Əsr namazını və
həmçinin Məğriblə İşa namazlarını birlikdə qıldı. Sonra bir kişi İbni
Ömərdən soruşdu ki, nə üçün Peyğəmbər namazları belə qıldı? İbn Ömər
cavab verdi ki, Ona görə ki, o öz ümmətini əziyyət və çətinliyə salmaq
istəmirdi. Əgər bir kəs istəsə bu namazları birlikdə qıla bilər.”
(Kənzul-ümmal” c. 8, səh.247) Cabir ibni Abdullah deyir: ”Peyğəmbər(s)
Zöhr ilə Əsr namazlarını birlikdə bir azan və iki iqaməyə qılırdı.”
Hədisləri oxuduqdan sonra bu namazların birlikdə qılınmasının caiz
olduğu su kimi aydındır. Məlumdur ki, Allahın Rəsulu ilahi əmri
gecikdirməzdi. Peyğəmbərimizin məqsədi bu namazları bir vaxtda qılmağın
mümkünlüyünü bildirmək idi.
10-Şiələrin Quranın təhrif olunub, olunmaması haqqında əqidələri necədir?
Şiələrə atılan böhtanlardan biri də budur ki, guya şiələr Quranın
təhrif olunduğunu qəbul edirlər. Şiələrin fikrincə bu həmin
Qurani-Şərifdir ki, onda nə bir nöqtə azalıb, nə də bir nöqtə çoxalıb.
Allah təala Hicr surəsi 9-cu ayədə buyurur: ”Şübhəsiz ki, Quranı biz
nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.” Məşhur şiə
alimi Şeyx Zeynud-din Amili bu ayənin təfsirini belə buyurur: ”Yəni biz
Quranı bütün dəyişikliklərdən qoruyub saxlayacağıq. (”İzharul Həqq” c.
2, səh.130) Yenə məşhur şiə alimi olan ”Şeyxut-taifə” ləqəbli Əbu Cəfər
Məhəmməd ibn Həsən Tusi on əsr (min il) bundan əvvəl Quranın təhrif
olunub-olunmaması barədə belə buyurub: ”Nöqsanlı olma və yaxud sonradan
artırma Qurana yaraşmayan bir xüsusiyyətdir. Qurana artırılma və ya
azaldılma fikri bizim məzhəbə yaddır.” (”Tibyan” təfsiri c. 1, səh.3)
Daha bir hörmətli şiə alimi Qazi Seyyid Nurəddin Tüstəri 410-420 il
bundan qabaq buyurub: ”Bəzi adamlar şiələrin Quranın təhrif olunması
fikrini qəbul etdiklərini bildirirlər. Şiələr arasında həmin əqidəyə
etina olunmur.” (”Alaur-Rəhman” səh.25) ”Bəhaud-din Amili” ləqəbli
məşhur şiə alimi Məhəmməd ibn Hüseyn dörd əsr bundan qabaq belə
buyurmuşdur: ”Düzgün söz budur ki, Quran hər bir artırmadan və
naqislikdən amandadır.” (”Alaur-Rəhman” səh.25) Gördüyünüz kimi şiə
məzhəbi Quranın təhrif olunmasını qəbul etmir. 11-Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?
Yüz illərdir ki, hər Məhərrəm ayında bütün dünyada bir çox müsəlmanlar,
Peyğəmbər(s) və Əhli-beytini sevənlər qəmli göz yaşları ilə Aşura
mərasimi qeyd edirlər. Aşura günü bildiyimiz kimi İslam
Peyğəmbəri(s)-in nəvəsi, Cənnət gənclərinin ağası, İmam Hüseyn(ə)
qəddar Yezidlə mübarizədə Yezid və onun köməkçiləri tərəfindən
vəhşicəsinə qətlə yetirilmiş və İmam ailəsi dəhşətli günlər yaşamışdır.
Həmin gün Yezid və onun qəddar ordusu Peyğəmbər(s)-in nəvələrini, körpə
uşaqları qətlə yetirmiş, İmamın başını kəsib, şəhər-şəhər gəzdirib o
mübarək başı nümayiş etdirmişdilər. Onlar bu hərəkətləri ilə İmama
qalib gəldiklərini nümayiş etdirmək istəyiblər, lakin dərk etməyiblər
ki, onlar artıq uduzublar və bu hərəkətləri onlara qarşı ancaq nifrəti
artırır və buna sübut 13 əsr ərzində əksər müsəlmanların onlara lənət
yağdırmasıdır. İmam Hüseyn(ə) hərəkatı bütün müsəlmanlara böyük bir
dərs oldu ki, onun da uğurlu nəticələri oldu. Ən əsası isə İslam dini
qorunub saxlandı, məlun Yezid qətlə yetirildi, müsəlmanlar münafiqləri
tanıdı və İmam Hüseyn məktəbi yaradıldı. Hüseyn məktəbi tək
müsəlmanlara deyil, qeyri müsəlman olan xalqlara da nümunə olmuşdur.
Məsələn, Hindistanın azadlıq hərəkatının lideri Maxatma Qandi öz
diskusiyalarından birində ”Biz öz azadlıq hərəkatımızda müsəlman
Hüseyndən nümunə götürdük” deyə qeyd etmişdir. Göründüyü kimi Aşura
mərasimini keçirmək qeyrət, şücaət, vətənpərvərlik, ədalət dərslərini
yaymaqdır. Xüsusən də bu dərslərin bizə erməni yezidləri ilə
mübarizədə, torpaqlarımızı azad etmək üçün çox təsiri var və zəruridir.
Lakin bəzi ağzıgöyçəklər, bu mərasimlər təşkil olunub keçiriləndə
ağzını büzür və məntiqə uyğun gəlməyən sözlərlə ürəkləri bulandırırlar.
Elələri də var ki, efir vasitəsi ilə müqəddəs Qurani-Şərifdən ayə
oxumaqla, ”Haram aylarda özünüzə zülm etməyin” ayəsini bu keçirilən
mərasimə aid edirlər və camaat arasında çaşqınlıq yaradırlar. Qeyd
edirlər ki, Məhərrəm ayı haram ay olduğundan insan gərək özünə zülm
etməsin. Belə şəxslər dərk etmirlər ki, zülm etmək Aşura mərasimini
qeyd edib İmama ağlamaq deyildir, zülm bu mərasimi yaddan çıxardıb min
cür günahlar etməkdir. Əgər Məhərrəm ayında bu mərasimi qeyd etmək zülm
hesab olunsaydı, deməli Zilhiccə ayı da haram ay olduğundan bu ayda da
heç kəs əziyyət çəkib Həcc qanunlarına uyğun şəkildə Məkkə şəhərinə
ziyarətə getməməlidir. Qeyd edək ki, bu ziyarətin əziyyəti Aşura
mərasiminin əziyyətindən qat-qat artıqdır. Aşura mərasimi bizlərə
Hüseyn məktəbini öyrədir. Hüseyn məktəbi isə bütün bu göstərilənlərlə
mübarizə deməkdir. Hər kəs bu mübarizəyə qoşulsa, Aşura günü və
ümumiyyətlə haram ay sayılan məhərrəm ayında əzadarlıq edib İmam Hüseyn
məktəbinin yaşanmasında iştirak etsə özünə zülm etməz əksinə böyük
savab qazanar və Hüseyn tərəfdarlarından sayılar. Cənnət cavanlarının
tərəfdarları olmaq, onun məktəbinin yaşanmasında iştirak etmək, Qiyamət
günü İmam Hüseyn şəfaətini qazanmaq deməkdir. Peyğəmbər(s) buyurur: ”Ya
Fatimə, Qiyamət günü Hüseynə ağlayan gözlərdən başqa qalan bütün gözlər
ağlayar.” Əhli-Beyti sevənlər Peyğəmbər(s)-ə olan etiqad və imanları
səbəbindən Peyğəmbər nəslində üz vermiş faciə günlərinin ildönümündə
bir çox yığıncaqlar təşkil edərək şəhidləri yad edirlər və Qurani-Kərim
oxuyurlar. Peyğəmbər(s)-in vəfat edib Cənnət aləminə təşrif apardığı
gün səfər ayının 28-də şiələr məclislər təşkil edirlər,əzadarlıq
keçirirlər və məscidlərdə İslam Peyğəmbərinin şəxsiyyəti haqqında
söhbətlər edirlər. Cəfərilərin ən duyğulu və təsirli matəm mərasimi
Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq günləri içərisində
Aşura, yəni Məhərrəm ayının 10-cu gününün mərasimidir. Həmin gün İmam
Hüseyn(ə)-ın şəhid olduğu gündür. Bu matəm mərasimində minlərcə böyük
dini şəxslər iştirak edir. Çünki, İmam Hüseynin başına gələn fəlakət,
bəla və müsibət başqa faciələrə nisbətən daha dəhşətlidir. Belə bir
faciə heç bir məmləkətdə görünməyib. Bu məclisdə haqq yolunda şəhid
olan imamımızdan ibrət almaq məqsədilə xütbələr oxunur, haqq yolunda
necə şəhid olmaq, zülmkarlığa və münafiqliyə qarşı mübarizə aparmaq
dərsi verilir. Bu məclis İslam dininə dəvət etməyin ən yaxşı yoludur.
Bu məclis bir daha göstərir ki, insanın ölümü ilə heç nə unudulmur.
Edilən qəhrəmanlıq, şəhidlik ən uca zirvə kimi qəlblərə həkk olunur.
İmam Hüseyn(ə) bütün İslam dünyasının fəxridir, Peyğəmbərimizin balası
və əzizidir. Hüseyn adı ona Allah tərəfindən qoyulmuşdur. Peyğəmbər(s)
buyurur: ”Hüseyni sevən məni sevir, məni sevən Allahı sevir!” Bu
hədisdən belə aydın olur ki, Hüseyni sevməyən Peyğəmbəri sevməz,
Peyğəmbəri sevməyən isə Allahı, Allahı sevməyən isə dinsizdir. İmam
Hüseyn(ə) münafiqlərlə mübarizədə sübut etmişdir ki, İslama qalib
gəlmək mümkün deyil. İslam dini yenilməz və məğlubedilməz bir dindir.
İmam Hüseyn(ə)-ın əzadarlığının böyük savabı var. Ona görə ki, bununla
müsəlmanlar qəflətdən oyanır, münafiqlərin və zülmkarların at
oynatmasına imkan vermir. İmam Hüseyn(ə)-ın şücaətini onların yadına
salır. Bildirilir ki, Hüseyn aşiqləri, Əhli-Beyt şiələri İmam Hüseyn
əleyhis-səlamı heç vaxt unutmurlar. Bu əzadarlıq münafiq və zülmkarlara
sərf eləmir. Ona görə də onun əleyhinədirlər. Müsəlmanlar isə
zülmkarlığı və ədalətsizliyi aradan qaldıran Kərbəla faciəsini yaddan
çıxarmamalıdırlar. 12-On ikinci imam qeybdədir yoxsa hələ bundan sonra dünyaya gələcək?
Əhli-Beyt şiələrinin inancına görə, Peyğəmbər(s)-in biliklərinin varisi
və ümmətə vəli olanların sayı on ikidir ki, bunlar da Peyğəmbər
övladları olan 12 imamdır. İslam Peyğəmbəri də məhz onları tanıtmış və
adlarını bəyan etmişdir: 1-İmam Əli(ə), 2-İmam Həsən(ə), 3-İmam
Hüseyn(ə), 4-İmam Zeynəl-Abidin(ə), 5-İmam Məhəmməd Baqir(ə), 6-İmam
Cəfəri Sadiq(ə), 7-İmam Museyi- Kazim(ə), 8-İmam Rza(ə), 9-İmam
Məhəmməd-Təqi(ə), 10-İmam Əliyyən-Nəqi(ə), 11-İmam Həsən Əsgəri(ə),
12-İmam Mehdi (əc.) Hamı onun zühurunu gözləməkdədir.
Hələ on iki imam dünyaya gəlməmişdən öncə ülamə və səhabə bu əqidədə
idi ki, Peyğəmbərimizdən sonra ümmətə on iki şəxs rəhbər olacaq. Məşhur
sünnü alimi Buxari ”Səhihi Buxari” c. 9, səh.101-də yazır: ”Həzrət
Peyğəmbər buyurmuşdur ki, sizin on iki əmiriniz olacaq və onların
hamısı Qüreyşdəndir.” Tirmizi ”Səhih”ində (c. 2) və Əhməd ibni Hənbəl
”Müsnəd”ində (c. 1 səh.9, c. 2 səh.101, c. 5 səh.92) Cabirdən nəqlən
yazırlar: ”Peyğəmbər buyurdu ki, İslam dini, hamısı Qüreyş qəbiləsindən
olan və sizə xəlifəlik edəcək on iki şəxsiyyətlə sabit və daimi
qalacaqdır.” Şiə məzhəbi Qüreyş qəbiləsindən ümmətə rəhbər olan on iki
şəxsi məhz Peyğəmbərin öz nəslindən, qüreyşlilərdən olan on iki imamı
qəbul edir. On ikinci imamın qeybdə olması haqqında da şiələrin əlində
dəlillər və sübutlar vardır. Peyğəmbəri Əkrəmdən bütün zamanlar üçün
bir hədis nəql olunub: ”Hər kəs ölə və öz zamanının imamını tanımaya,
cahiliyyət dövrünün insanları kimi ölmüşdür.” Bu hədisi görkəmli
Əhli-sünnə alimləri öz kitablarında yazmışlar, belə ki, 1-”Səhihi
Müslüm” c. 12, səh.440, 2-”Səhihi Buxari” c. 5, səh.13, 3-”Kənzül
Ümmal” c. 1, səh.103, 4-”Müsnədi Əhməd” c. 4, səh.96 buna sübutdur. Bu
hədisdən aydın olur ki, hər zamanın öz imamı var. Belə bir sual meydana
çıxır ki, bəs bu zamanın imamı kimdir? Cavab isə budur ki, bu zamanın
imamı 12-ci imam Həzrəti Mehdi(əc.)-dir. Onu görmək isə mümkün deyil,
çünki o, sünni və şiənin qəbul etdiyi tarixi sənədlərə əsasən dünyaya
gəldikdən sonra Allahın iznilə qeybə çəkildi və hal-hazırda qeybdədir.
Sünnü alimlərinin ən görkəmlisi Təbəri 12-ci imamın qeybi zamanında
yaşamışdır və həmin dövrdə o, ”Tarixur-rəsul-vəl-mülük” kitabında bu
tarixi hadisə barədə yazmışdır. Kitab ”Təbəri tarixi” adı ilə
məşhurdur. ”Tənbihul əşraf” və ”Murucus-zəhəb” kitablarında da, bu
barədə məlumatlar var. Əhli-sünnə məzhəbində İmam Məhdi(ə)-ın qeybə
çəkilməsi barədə 500-dən artıq hədis vardır. 13-”Siğə” nədir?
”Siğə” İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz
tələbatlarını siğə etməklə ödəyə bilərlər. Əlbəttə ki, siğə etmək
şəriətdə müəyyən olunmuş qaydalara və qanunlara əsasən olmalıdır. Biz
sizə siğə qaydaları haqqında yox, sadəcə onun icazəsi barədə məlumat
verəcəyik, daha dəqiq desək siğənin dini əsasları haqqında bilgilər
söyləyəcəyik. (Siğə qaydaları ilə maraqlananlar isə şiə alimlərinin
risalələrinə müraciət edə bilərlər.)
Siğə barədə olan Quran ayəsi və hədislərdən aydın olur ki, siğənin
şəriətə uyğun olmasında heç bir şübhə yeri yoxdur. Qurani-Şərifdə,
”Nisa” surəsinin 24-cü ayəsində siğənin düzgün olmasını sübut edən
dəlil vardır. ”İstifadə (yaxınlıq) etdiyiniz qadınların haqlarını
lazımi qaydada verin.” Bu ayənin müvəqqəti evlənmə (siğə) haqqında
nazil olması barədə məşhur sünnü alimləri öz təfsir kitablarında
yazmışlar.
Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri öz təfsirində Sədi, Mücahid və
ibni Abbasdan nəql edir ki, ”Nisa” surəsi 24-cü ayə müvəqqəti evlənmə
barəsində nazil olmuşdur. Həmçinin məşhur Əhli-sünnə alimi Süyuti
”Əd-durrul-mənsur” (c. 2, səh.140) kitabında bu haqda qeyd etmişdir.
Müvəqqəti evlənmə barədə nazil olan ayə haqqında və Peyğəmbər(s)-in
dövründə müvəqqəti evlənmənin olması haqqında başqa Əhli-sünnə
alimlərinin kitablarına da müraciət edə bilərsiniz, ”Səhihi Buxari”,
”Müsnədi Əhməd”, ”Sünnəni Beyhəqi” c. 7, səh.306, ”Təfsiri Təbəri” c.
5, səh.9, ”Səhihi Müslüm” c. 1, səh.395, ”Təfsiri Fəxri Razi” c. 3,
səh.201.
Müslüm ibni Həccac Cabir ibni Abdullahın və Səlamət ibni Əkunun belə
buyurduqlarını nəql edir: ”Allahın Peyğəmbəri sizə istimtanın
(müvəqqəti evlənməyin) icazəsini verdi, yəni müvəqqəti evlənməni inayət
etdi.” Peyğəmbərin carçısı bizim yanımıza gəlib dedi: ”Allahın
Peyğəmbəri sizə istimtanın yəni müvəqqəti evlənməyin icazəsini verdi.”
(”Səhihi Müslüm” c. 4, səh.130, Misir çapı) Bu ayə və hədislər
Peyğəmbərin(s) vaxtında siğənin olmasını sübut edir və bizə aydın olur
ki, həqiqətən də Peyğəmbər(s)-in zamanında müvəqqəti evlənmə var idi.
Görəsən sonradan nə baş verdi ki, müvəqqəti evlənmə ixtilaflı məsələyə
çevrildi və bir çox məzhəblər indi də bunu qəbul etmirlər. Gəlin yenə
də Əhli-sünnə alimlərinin kitablarına müraciət edək. Müslüm ibni Həccac
yazır ki, İbni Abbas və İbni Zübeyr, qadınları siğə etmək və həcc
mütəsi (Həccidə Ömrə və Həcc əməlləri arasında insanın öz halalı ilə
(istər müvəqqti, istərsədə daimi kəbindən olan əhli-əyalı ilə) yaxınlıq
etməsi) barədə ixtilaf etdilər. Cabir ibni Abdullah bunları görüb dedi:
”Biz Peyğəmbəri Əkrəmin sağlığında onların hər ikisinə əməl edirdik.
Amma sonra Ömər bizə o iki şeyi qadağan etdi və ondan sonra daha biz
ona əməl etmədik.” (”Səhihi Müslüm” c. 1, səh.395, Misir çapı)
(”Sünnəni Beyhəqi” c. 7 səh.206) ”Əgər Ömər müvəqqəti evlənməyi qadağan
etməsəydi, bədbəxt və yaramaz insanlardan başqa heç kəs zina etməzdi.”
(”Əd-dürrul-mənsur” c. 2 səh.140)
Əli ibni Quşçi isə yazır ki, Ömər ibni Xəttab minbərə çıxıb belə dedi:
”Ey camaat, üç şey vardır ki, Peyğəmbər(s) zamanında var idi, mən
onları qadağan edirəm. Onlar qadınlarla müvəqqəti evlənmə, həcc mütəsi
və azanda ”həyya əla xəyril-əməl”dən ibarətdir.” Belə hədislər
həddindən artıq çoxdur. Maraqlanmaq istəyənlər Əhli-sünnə kitabları
olan ”Müsnədi Əhməd” (c. 3 səh. 356 və 363), ”Zadul-məad” (c. 1
səh.444), ”Səhihi Müslüm” (c. 1 səh.395) və ”Sünəni Beyhəqi”
kitablarına müraciət edə bilərlər.
14-Ölüyə Quranın ”Yasin” surəsini oxumaq olarmı?
Biz bu suala yenə məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə
cavab verəcəyik. Məhəmməd Həqqi həzrətləri ”Sirlər Xəzinəsi” kitabında
(”Hazinətül-Esrar” tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn
Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: ”Yasin”
surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan
mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.”
”İslami həqiqətlər” kitabında Əhməd Salman (360-cı səhifə, türk
dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki,
(1040-cı hədis) Peyğəmbər(s) buyurub: ”Gecə sırf Allah rizası üçün
”Yasin” surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu
surəni ölülərinizə də oxuyun.”
Bunlardan əlavə Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki,
(”Ruhil-bəyan” təfsiri ”Dörd səhih hədis” kitabı Əbu Hüreyradan,
1044-1066-cı hədis) Peyğəmbəri Əkrəm buyurub: ”Qəbristanlığa girib
”Yasin” surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər
həfiflənmiş olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab
verilər.” Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki,
ölüyə ”Yasin” surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də
oxuyan kimsəyə savab yazılır.
Hörmətli oxucu! Əlinizdə olan bu kitabça əsasən özlərini ”əhli sünnə
vəl-cəmaət” ya ”müslim” və ya ‘’sələf” adlandıran vəhhabilərin
Peyğəmbərimiz və onun pak Əhli-beytinin yoluyla gedən İslamın Cəfəri
məzhəbindən olan şiə müsəlmanlara etdikləri yersiz iradlara cavablardan
ibarətdir. Bu sualları cavablandıran sadə bir Azərbaycan vətəndaşı və
vətənpərvər bir gənc Məmmədov Elşad İslam oğludur. Gördüyünüz kimi
vəhhabilərin iradlarına cavab vermək üçün İlahiyyatçı və ya Ruhani
olmaq lazım deyil, adi və sadə müsəlmanlar da onların səhv fikir və
yolda olduqlarını sübuta yetirə bilər, çünki, həqiqət Gün kimi
aydındır. Onu da qeyd etmək zəruridir ki, kitabçaya ilahiyyatçılar
Vaqif Quliyev və Namiq Babaxan müsbət rəy vermişlər.
|