Miladi
tarixi ilə yüz altıncı ildə Roma qoşunları İordaniya torpaqlarını yerlə yeksan
etdilər. Nəbətilər dövləti süquta uğradı.
Roma imperatorunun adı Təracan idi. O bütpərəst və çox təəssübkeş bir insan
idi. İmanlı insanları, xüsusən də Həzrət İsa Məsihin ardıcıllarını təqib
edirdi.
Suriya, Fələstin və İordaniya ölkələri bu hərbi hücumdan əvvəl bir növ muxtar
hökumətə malik idi. Roma paytaxt kimi bu ölkələrdən yalnız vergi almaqla
kifayətlənirdi. Bunun səbəbi romalı qüvvələrin həmin ölkələrdən tanış
olmamaları idi.
Beləliklə romalılar ora hərbi hücum edib, öz işğal əməliyyatlarını bitirdilər.
Onları birbaşa Roma dövlətinin nüfuzu və hakimiyyəti altına gətirdilər.
Miladi tarixi ilə yüz on ikinci ildə Roma imperatoru Təracan belə bir bəyanat
verdi:
«Məsihin ardıcıllarından hansı birisi allahlara ibadətdən boyun qaçırsa,
dövlətə xəyanət etmiş şəxs kimi mühakimə olunacaqdır. Bu zaman isə özünü ölüm
və həlakətə sürükləmiş olacaqdır».
FİLADELFİYA
O zaman İordaniyanın paytaxtı Ammana Filadelfiya deyirdilər. Ora çox gözəl
şəhər idi. Amma, şəhəri bəzəyən heykəllər yalnız zinət məqsədi daşımırdı. Onlar
Allahın yerinə mə`bud kimi ibadət olunurdular.
Orada sağ əlində nizə olan və sol əli ilə boynundan asılmış qalxanı tutan
müharibə allahı Əsniyanın heykəli vardı. Orada həmçinin indi də Ammanın qədim
əsərlər muzeyində saxlanılan xoşbəxtlik allahı və şəhəri qoruyan Taykin
allahının heykəli gözə dəyirdi.
Filadelfiya bu günkü Amman şəhərinin şərqində yerləşirdi. O zaman həmin şəhər
böyük maddi mədəniyyətə malik idi. Amma, o diyarın möminləri qorxu içərisində
yaşayırdılar. Xüsusilə, Roma qoşunları Təracanın zamanında oranı işğal etdikdə
və birbaşa öz hökumətlərinə tabe etdikləri zaman.
Yüz on ikinci ildə Təracan bir fərman verməklə Məsihin bütün tərəfdarlarını
dövlətə xəyanətkar hesab etdi. Xristianlar ya allahlara ibadət etməli, ya da
ölümə hazır olmalı idilər.
YEDDİ
CAVAN
Bir çox insanlar qorxudan zahirdə allahlara ibadət edirdilər. Dövlət mə`murları
ölkə əhalisinin əqidə və inamlarını yoxlamağa başladılar. Camaat qorxuya düşdü.
O şəhərdə tarixdə adları belə qeyd olunan yeddi cavan yaşayırdı:
1-Maksimilyanus
2-Təlmixa
3-Dinasiyus
4-Martinus
5-Yəmanis
6-Antonyos
7-Klityo
Bu mömin cavanlar nə edəcəkləri barədə fikirləşirdilər. Onlar necə qərara
gəlsinlər?
Onların qarşısında iki yol vardı: Ölüm və küfr.
O taleyüklü anlarda onlar müəyyən bir qərara gəldilər. O qərar şəhərdən qaçmaq
idi. Amma, necə?
Səhər çağı təftiş və axtarış dəstəsi möminləri tə`qib etdikləri zaman
gözətçilər, yanlarında bir it olan və şəhərdən çıxan yeddi cavan oğlana rast
gəldi. Gözətçilər soruşdular:
-Hara gedirsiniz?
Onların biri cavab verdi:
-Ova gedirik.
-Çox yaxşı. Amma, gərək qayıdıb, rəsmi bayram mərasimində iştirak edəsiniz.
MAĞARAYA
DOĞRU
O cavanlar öz itləri ilə birlikdə şəhərin şərq tərəfindən səkkiz kilometr aralı
və Rəqim adlı bir kəndin yaxınlığında yerləşən mağaraya doğru yollandılar.
Onlar dağlıq yerə çatıb, təpələrlə yuxarı qalxdılar və qabaqca nəzərdə
tutduqları mağaraya getdilər.
Mağara dağın cənub ətəyində yerləşirdi. Mövqe cəhətindən bənzərsiz idi. Sağ və
sol tərəfdə açılan yarıqlarına görə normal havası var idi. Amma, onun qapısı
cənub qütbünə sarı açılırdı.
Mağaranın sahəsi 7,5 kv. metr idi. Cavanlar gizlənmək üçün ondan istifadə etmək
qərarına gəlmişdilər. Cavanlar insanlardan uzaqlaşmaq və bu məkanda gizlənib,
Allahın lütf və mərhəmətini gözləmək istəyirdilər. Çünki, onların bütpərəst
romalılara qələbə çalmaq ümidləri yox idi.
Onlar bütpərəstliyin qatı düşmənləri idilər. Onlar inanırdılar ki, yerləri və
göyü yaradan Allahdır. Digər allahlara ibadət etmək varlıq aləminin ən böyük
həqiqətini inkar etməkdir.
O zaman insanların Qiyamət gününə əqidələri yox idi. Onlar belə güman edirdilər
ki, insan dünyadan köçdükdə onun ruhu başqa bir insanın və ya hansısa heyvanın
bədəninə keçir.
UZUN
YUXU
Cavanlar yorğun halda mağaraya çatdılar. Romalıların onları təqib etmələrindən
və gizləndikləri yeri tapmalarından qorxurdular.
Onlar əvvəlki gecəni yatmadıqlarından çox yorulmuşdular. Ona görə də
yuxuladılar. Kirpikləri yuxusuzluqdan bir-birinə dəydi. Onlar yaxşı sabah
yuxusunun fikri ilə yatdılar.
Allah-təala ölüləri diriltməkdə öz qüdrətini göstərmək, insanların onun
qüdrətinə inanmaları və yalnız onu elm və qüdrət mənbəyi bilmələri üçün həmin
cavanlara ağır bir yuxunu hakim etdi. Onların qulaqlarına yuxu pərdəsini vurdu.
Onlar nə qədər yatdılar? Yuxuları uzun müddət davam etdi. Günəş hər gün
doğub-batırdı, onlarsa eləcə yuxuda idilər.
Mə`murlar hər yeri gəzib, onları axtarırdılar. Amma, zəhmətləri faydasız idi.
Onların macəraları dillərə düşdü. Camaat öz-özlərinə deyirdilər:
«Ov üçün şəhərdən çıxmış yeddi cavandan heç bir xəbər yoxdur».
Beləliklə, illər bir-birinin ardınca ötüb, keçdi. O mağarada nə baş verdiyini
isə heç kəs bilmirdi.
Onların itləri əllərini mağaranın ağzına qoyub, ağır və uzun yuxuya getmişdi.
Mağaranın havası normal idi. Çünki, onun qapısı cənub qütbünə tərəf açılırdı.
Onun iki tərəfində yarığın olmasına görə günəş doğduğu və batdığı zaman ora
saçırdı.
Onlar yuxuda idilər və ətraflarında nələr baş verdiyini bilmirdilər.
On illər keçdi. Onlar hələ də yuxuda idilər.
O mağara ilə rastlaşan hər hansı bir çoban və ya yağışdan ora sığınan yolçu
gördüyü dəhşətli mənzərədən qorxub, cəld qaçırdı. Niyə? Çünki, o, açıq gözləri
yuxarıya dikilmiş kişilərin orada yuxuya getdiklərini görürdü. Həmçinin, orada
cansız heykəl kimi yuxuya getmiş bir ov iti var idi. Onlar dərin və rö`yasız
yuxuya qərq olmuşdular.
Bəs görəsən mağaranın bayırında nələr baş verirdi? Ölkənin şəhər və kəndlərində
hansı hadisələr yaşanırdı?
TƏRACANIN
ÖLÜMÜ
Roma imperatoru Təracan (Miladi tarixi ilə 98-117-ci illərdə Romada hakim
olmuşdur) dünyadan köçdü. Ondan sonra başqa zalım hökmranlar iş başına
gəldilər. 285-305 -ci illərdə hökmranlıq edən Deqyanus da dünyasını dəyişdi.
O zaman, Miladi tarixi ilə 110-cu ildə Tudmər şəhəri süqut etdi. Amma, o,
yenidən bərpa olundu. Bu şəhər 278-ci ildə romalıların dağıdıcı hücumlarla
Zənubiyaya yürüşlərindən sonra tamamilə tənəzzülə uğradı.
SALEH PADŞAH
Miladi tarixi ilə 408-ci ildə Tiyodosyos Roma imperatoru taxtına əyləşdi. O,
Məsihin dinində idi. Ona görə də Roma imperiyası xristianlıq dininə üz gətirdi.
Miladi ilə 412-ci ildə Allahın iradəsi ilə həqiqət aşkar olundu. O öz lütf və
mərhəməti ilə qüdrətini insanlara göstərdi.
O cavanların qaçmasından üç əsr keçirdi. Mağaranın içində nə baş vermişdi? Heç
kəs bilmirdi.
O cavanlar itləri Kiltiyonun hürməsi ilə tarixin ən uzun yuxusundan oyandılar.
Yalnız bir neçə saat yatdıqlarını güman edən birisi soruşudu:
-Nə qədər yatmısınız?
Onlar hələ də yuxulu idilər. Günəşin qüruba doğru getdiyini və onun qızılı
rəngli şüasının mağaranın kiçik bir hissəsinə düşdüyünü gördülər. Ona görə də
bəziləri belə fikirləşdilər ki, bütün günü yatmışlar. Onlar elə bilirdilər ki,
günəşin batmasını və yenidən doğmasını hiss etmədən yuxuda olmuşlar. İndi
ayılmışlar və günəş yenə də qürub vaxtındadır. Ona görə də dedilər:
-Biz ya bütün bir günü ya da günün çox hissəsini yatmışıq.
Bə`ziləri isə belə dedilər:
-Allah daha yaxşı bilir ki, burada nə qədər yubanmısınız.
Yuxunuzun nə qədər davam etdiyini yalnız Allah bilir. Qeybi elmləri bilən
yalnız odur. İnsan yuxuya getdikdə bütün dünyadan ayrılır. Məsələn, əgər bir
şəxs payızın əvvəlində yatsa, oyandıqda gözü qara və yarpaqsız ağaclara
düşdükdə üç aydan artıq yatdığını anlayır. Niyə? Çünki, o, payız fəslini yuxuda
olmuşdur. İndi isə qış gəlmişdir.
Yuxudan ayılan bu yeddi cavan günəşin qüruba yaxınlaşdığını gördülər. Onlar
bilmədilər ki, yalnız bir neçə saatmı yatıblar, yoxsa artıq. Çünki, günəşin
qurub edib, yenidən doğduğunu indi quruba doğru getdiyini, yoxsa başqa bir
şəkildə olduğunu bilmirdilər.
Onlar doğrudan da imanlı insanlar idilər. Ona görə də dedilər:
«Bizim nə qədər yuxuda olduğumuzu yalnız Allah bilir».
Onlar belə güman edirdilər ki, bir gün və ya bir gündən bir qədər az yatmışlar.
TƏHLÜKƏLİ
TAPŞIRIQ
Sonrakı gün səhər acmağa başladılar. Onların birində qızıl sikkələr vardı. O
dedi:
-Bizim birimiz bu pulları götürüb, yemək dalınca getməlidir. Amma, gərək
ehtiyatlı olsun ki, onu görən olmasın. Əgər biz onların əllərinə keçsək mütləq
bizi öldürəcəklər.
Başqası dedi:
-Həqiqətən onlar allahlara ibadət etməyənlər üçün daşqalaq hökmü tə`yin
etmişlər.
Başqa birisi dedi:
-Onlar bizi allahlara səcdə etmək üçün məcbur edəcəklər.
Başqa birisi isə belə dedi:
-Bu zaman hamımız bədbəxt olacağıq.
BAZARDA
Onların biri şəhərə gedib, yemək almaq işini öhdəsinə götürdü. O, mağaradan
çıxıb, dağdan endi. Şəhərə necə girməyi barədə fikirləşirdi. Əgər kimsə ondan
bir şey soruşsa necə cavab verməli, romalı gözətçi və əsgərlərə nə deməlidir.
Üç əsrdə yağışların, sellərin və küləklərin təsiri ilə vücuda gələn dəyişiklərə
və yeniliklərə diqqət yetirmirdi.
Qorxurdu və nigaran idi. Çünki, o nə ova getmişdi və nə də istirahətə. O öz
yoldaşları ilə birlikdə mağaraya qaçmışdı. İndi isə yeməyə bir şey əldə etmək
üçün qayıdırdı. O, qorxu içində idi.
O hər şeyin dünənki vəziyyətdə olduğunu güman edirdi. Şəhərə çatdı. Oranın bina
və hasarlarına nəzər salıb, heyrətə gəldi. O, yolu azıb, başqa bir şəhərə
girdiyini güman etdi.
Şəhərə daxil olduqda heç kəs ona əhəmiyyət vermədi. O, allahların heykəllərini
də görmədi. Özünü tamamilə yad bir şəhərdə hiss etdi. İnsanlar ona baxır və
təəccüblə deyirdilər: «Bu şəxsin əynində qədimi paltar var. Bu gün heç kim onu
geyinmir. Buranın əhalisi yeni paltarlar geyinirlər».
O, insanları zülmə məruz qoyan və onların əqidə və inamlarını yoxlayan
məmurları da görmürdü.
Oranın insanlarının təhlükəsiz və rahat yaşadığını müşahidə etdi. Onlar
işləyib, çalışır və əkinçilik edirdilər. Onlarda heç bir qorxu və nigaranlıq
müşahidə olunmurdu.
O cavan bazara getdi. Bir nəfərdən bazarın yerini soruşdu. Ona yolu göstərdi.
Cavan onların danışıq tərzinə də təəccüb etdi. İnsanların ləhcəsi çox
dəyişilmişdi. Onlar yeni ləhcə ilə danışırdılar.
Çox qəribə idi.
Cavan öz-özünə dedi: «Deyəsən, yolu səhv gəlib, başqa bir şəhərə çatmışam».
BÖYÜK
HƏQİQƏT
Özünə gəlib, öhdəsinə götürdüyü işi yerinə yetirmək barədə fikirləşdi. O,
yeməyə bir şey almalı və özlərinin dağdakı sığınacaq yerlərinə qayıtmalı idi.
Ona görə də özünü çox adi və şəhər sakinlərindən biri kimi göstərməyə çalışdı.
Camaat onun qərib bir insan olduğunu və hansısa ucqar bir dağ kəndindən
gəldiyini güman edirdilər.
Cavan qabaqca yeyinti məhsulları satan saleh bir kişini axtarırdı. Amma, onu
tapa bilmədi. Əvəzində zahiri görünüşləri onların yaxşı insan olduqlarından
xəbər verən çoxlu satıcılarla rastlaşdı.
O cavan tapşırılmış bəzi yeməliləri aldı. Onların pulunu satıcıya verəndə isə
gözlənilən hadisə baş verdi.
Satıcı pulları aldıqda mat-məəttəl ona baxıb, öz-özünə dedi: «Bu pullar
imperator Təracanın zamanına aiddir. Bu pulların vaxtından üç əsr keçir».
Satıcı cavana təəccüblə baxdı. O öz-özünə fikirləşdi: «Bəlkə də bu, xəzinə
tapmışdır». Ona görə də ona dedi:
-Olmaya xəzinə tapmısan?
-Nə demək istəyirsən?
-Nə demək istəyirəm? Bu qızıl sikkələr on illər bundan əvvələ aiddir.
-Bu pullar mənimdir. Mən bunlarla yemək almağa gəlmişəm.
Satıcı həmin zamana aid olan pulu göstərib, dedi:
-Bax, biz bu pullarla alver edirik.
Cavan o vaxta qədər görmədiyi pul sikkələrinə nəzər saldı. Öz-özünə dedi:
«İlahi! Bu nə deməkdir?»
Satıcı dedi:
-Əgər məni də öz xəzinənlə şərik etsən heç kimə xəbər verməyəcəyəm.
-Hansı xəzinə? Bu pullardan başqa mənim heç nəyim yoxdur.
Elə isə mən də mə`murlara xəbər verəcəyəm. Satıcı cavanın paltarından yapışıb,
qışqırdı. Camaat onların ətrafına toplaşdılar. O, üzünü çevirib, dedi:
-Xahiş edirəm məni burax. Əgər məni tutsalar öldürəcəklər. Təracanın əsgərləri
heç kəsə rəhm etmirlər.
-Təracan?!
İnsanlar təəccüblə və gülərək dedilər:
-Təracan yüz illər bundan qabaq ölmüşdür... Ey cavan sən dəlimi olmusan?
Cavan soruşdu:
-Bəs indi şəhərin hakimi kimdir?
-Tiyodosyos... O saleh bir padşahdır. İki-üç ildir ki, Məsihin dininə inam
gətirmişdir.
Cavan soruşdu:
-Demək istəyirsən ki, onlar daha Məsihin ardıcıllarını öldürmürlər?
-Nə danışırsan? Bütün insanlar Allahın dininə iman gətirmişlər. Zülm və işgəncə
zamanı keçmişdir.
Alnını ovan qoca bir kişi dedi:
-Aman Allah! Uşaq vaxtı nənəm mənə bəzi cavanların sərgüzəşti haqqında
danışardı. Onlar imperatordan qorxduqları üçün şəhərdən qaçmışdılar. Heç kəs
onları tapa bilməmişdi.
O cavan özünü itirdi. Eşitdiyi sözlərin həyəcanından az qalırdı yerə yıxılsın.
Görəsən, bütün bu illər ərzində onların yuxuda olması ağılla uyğundurmu?
Görəsən, insan üç əsr müddətində yuxuya gedə bilərmi? O heç nəyi xatırlamırdı.
Elə bilirdi ki, dünən yatıb, bu gün oyanmışdır. Gözlərini ovdu. Olmaya bu da
yuxudur. Amma, yox, yox. Onun gördükləri həqiqət idi; çox böyük bir həqiqət.
ƏHVALATIN
SONU
İsti və həyəcanlı xəbərlər şəhərin hakiminə çatdı. O imanlı insan idi. Cavanı
gətirmələrini əmr etdi. Hakim böyük bir həqiqətin qarşısında olduğunu anladı.
Allah-təala ölüləri diriltməyinə, qiyamətin və məadın haqq olmasına və
insanların bir gün Allahın dərgahında duracaqlarına aid öz qüdrətinə əlamət və
nişanə göstərmək istəmişdi.
Hakim cavandan onları həmin mağaraya aparmasını istədi. Beləliklə, o cavan yola
düşdü. İmanlı hakim və əsgərlər onun ardınca hərəkətə başladılar. Mağarada olan
cavanlar qorxdular. Çox nigaran oldular. Çünki, qardaşları gecikmişdi. Onların
biri dedi:
-Bəlkə də tutulmuşdur.
O birisi dedi:
-Bəlkə də şəhərə girərkən gecikmişdir. Siz ki, gözətçilərin nə qədər diqqətli
olmalarını bilirsiz.
O an onların biri mağaradan çıxdı. Dağın yuxarısına qalxıb, zirvəyə çatdı.
Oradan şəhərə gedən yola nəzər saldı. O, öz gözləri ilə onu qorxudan bir şey
gördü.
Budur, uzaqdan Roma qoşunu gəlir.
Cəld qayıdıb, dostlarına xəbər verdi. Onlara dedi:
-Bir qoşunun bizə tərəf gəldiyini gördüm. Deməli, dostumuz tutulmuş və bizim
yerimizi onlara göstərmişdir.
Başqa birisi dedi:
-Məncə belə deyil. Gözləyərik. Bəlkə də qoşun başqa bir yerə gedir.
Həyəcanlı anlar keçirdi. Birdən şəhərə getmiş cavan mağaraya daxil oldu. O,
həqiqəti onlara söylədi.
Onlar bir gün və ya bir neçə saat yatmamışdılar. Həqiqətən yuxuları üç əsrə
qədər uzanmışdı. Allah-təala onları öz qüdrət nişanələrindən biri etmişdi.
O ölüləri dirildir. Yenidən ruhu bədənə qaytarır.
O dövrdə bə`ziləri belə deyirdilər:
-Ruh bir bədəndən çıxdıqdan sonra bir daha geri qayıtmayıb, başqa bir bədənə
daxil olur. Lakin, imanlı insanlar Allahın hər şeyə qadir olmasına inanırdılar.
Bilirdilər ki, insanları yaradan, onların ruhlarını öldürən və Qiyamət günü
yenidən qaytaran odur.
Cavan dostlarının yanına tək qayıtmaq üçün hakimdən icazə istədi. Çünki, onlar
zülm və haqsızlıqdan qaçır, hansı hadisənin baş verdiyini isə bilmirdilər.
Cavanlar məsələdən xəbərdar olarkən Allahın qorxusundan və onun görüşünün
şövqündən ağladılar. Onun dərgahına münacat edərək öz ölümlərini istədilər.
Çünki, onlar keçmişə - üç əsr öncəyə bağlı insanlar idilər.
Allah-təala onların duasını eşidib, ağır bir yuxunu onlara hakim etdi. Ruhları
xeyir və bərəkətlə dolu olan rahat və uzaq bir aləmə qanad çaldılar.
Hakim gözləyirdi, lakin heç bir faydası yox idi. Odur ki, şəxsən mağaraya
girmək qərarına gəldi. O və ətrafındakılar mağaraya daxil olduqda çox qəribə
bir mənzərəylə rastlaşdılar. Yeddi cavan öz itləri ilə birgə dünyadan
köçmüşdülər. Hələ bədənləri isti idi.
Hakim və möminlər böyük Allaha səcdə etdilər.
O zaman camaat arasında ruh barəsində söhbət və mübahisələr gedirdi. Bəziləri
ruhun Qiyamətdə yenidən bədənə qayıdacağını və bəziləri isə onun digər bədənə
daxil olduğunu söyləyirdilər. Lakin, öz gözləri ilə Əshabi-kəhfi və ruhun
onların bədəninə qayıtmasını gördükdə Allahın qüdrətini dərk etdilər.
Müşriklər bu məsələyə hələ də tərəddüdlə yanaşırdılar. Odur ki, dedilər:
-Onların olduğu yerdə bir ev tikin. Rəbləri onların vəziyyətinə daha agahdır.
İmanlı insanlar isə dedilər:
-Orada məscid tikəcək və Allahın, qüdrətini göstərdiyi yerdən bərəkət
istəyəcəyik.
Möminlər qələbə çalıb, həmin yerdə yalnız Allahın ibadət olunacağı bir məscid
tikdilər.
DOQQUZ
İL ARTIQ
Bu gün İordaniyanın paytaxtı olan Amman şəhərinə səfər edən bir insan öz yolunu
şəhərin cənub-şərqinin 8 km.-liyinə, Rəqim və Əbu Ələnda kəndlərinin arasında
yerləşən Əshabi-kəhf mağarasına sala bilər.
İnsan orada Bizans daş tabutları
formasında olan bir neçə qəbir müşahidə edir. Bu daş tabutların sayı yeddidir.
Bunlardan əlavə orada kiçik bir tabut da vardır. Çox güman ki, o, Əshabi-kəhfin
itinin dəfn olunduğu yerdir.
Bu kəşf arxeoloq alim Rəfiq Vəfa əl-Dəcaninin səylərinin nəticəsidir. O,
1964-cü ildə öz arxeoloji qazıntılarının nəticələrini elan edərək sübut
etmişdir ki, bu, Qurani-kərimdə yad edilən mağaradır. Avropalı tarixçilərin
iddia etdikləri kimi Türkiyənin Urfa vilayətinin Tarsus şəhərində yerləşən
mağara isə həqiqətdən uzaqdır.
Bu qrupun heyrət və təəccübünə səbəb olan məsələ isə Əshabi-kəhfin yuxularının
müddətidir: 300, yoxsa 309 il?
Qurani-kərim buyurur:
«Onlar 300 il mağarada qaldılar və ona 9 il artırdılar.»
Cavab budur ki, onların yuxuları Günəş (Şəmsi) ili ilə 300, Ay (Qəməri) ili ilə
isə 309 il uzanmışdır. İndi hesablayırıq:
Günəş ili 365 gündür. Buna görə də 300 Günəş ili 109500 gün (365 x 300 =
109500) olacaqdır. Lakin, Ay ili 354 gün 8 saat 48 dəqiqədir. Demək olar ki,
bir Ay ili 354 və 30/11 gündür.
Əgər 309 Ay ilinin neçə gün olduğunu bilmək istəsək 309-u 354-ə vurar və 109386
gün nəticəsini alarıq.
300-ü 30/11-ə vurmaqla isə 110 rəqəmini əldə edirik. 9-u 30/11-ə vuraraq Qəməri
təqviminə uyğun olaraq 4 gün hesablanacaq və bunların cəmi
(109386+110+4=)109500 gün olacaqdır. Göründüyü kimi bu rəqəm 365
günlük 300 Günəş ilini və 354 və 30/11 günlük 309 Ay ilini göstərir.
|