Dini əqidələrimizin əsaslarından biri də «İmamət» mövzusudur.
İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm
xalq üçün ilahi peyğəmbər olmaqla yanaşı, müsəlman ümməti üçün dahi
rəhbər də sayılırdı.
Amma bütün ilahi peyğəmbərlər bir gün dünya ilə vidalaşdığı kimi, İslam
peyğəmbəri də 63 il yaşayaraq 23 il peyğəmbərlikdən sonra vəfat etdi.
Hər bir ağıl və düşüncə sahibinin zehnində yaranmış sual bundan
ibarətdir ki, İslam peyğəmbəri öz vəfatından sonra müsəlman ümmətinin
rəhbərliyini kimin öhdəsinə qoymuş və bu ağır vəzifə üçün kimi tə'yin
etmişdir?
Əhli-beyt məktəbinə mənsub olanların əqidəsi bu barədə aydındır və
onlar bu məsələdə bir sıra möhkəm və tutarlı dəlillərə, əsaslanırlar.
İMAMƏTİN MƏ'NASI
İmamət ərəb sözü olub, rəhbərlik mə'nasını daşıyır. Dini termində isə
«İmamət» sözünü belə izah edirlir: «İmamət, peyğəmbər canişinliyi olub,
dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və
azğın işlərdən çəkindirib doğru yola də'vət etmək deməkdir. Hamının da
belə bir imama tabe olması vacib və zəruri sayılır.»
QUR'AN VƏ İMAMƏT
Qur'ani-kərimin bir sıra ayələrinə nəzər saldıqda imamət və rəhbərliyin
xüsusi əhəmiyyət daşıdığını körür və bununla da aşağıdakı nəticələri
almaq olar:
1-Qur'ani-kərimin buyurduğuna görə, Allah təala İbrahim peyğəmbərə
peyğəmbərlikdən sonra imamət məqamı vermişdir. Bu isə imamət məqamının
böyük əhəmiyyət daşıdığını göstərir.[78]
2-İmamət və rəhbərlik iki qismə bölünür ki, onlardan biri hidayət, digəri isə küfr və azğınlıq rəhbərliklərindən ibarətdir.[79]
3-Qiyamət günü əməllərin hesabı üçün hər bir insan və hər bir millət öz imamı ilə birlikdə çağrılacaqdır.[80]
4-Allahın təqvalı və pərhizkar bəndələrinə imam olmaq mö'minlərin duasıdır. [81]
İMAMƏTİN LÜZUMU
Qeyd etdiyimiz kimi, İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi
və Alihi və səlləm 23 il peyğəmbərlikdən sonra vəfat edib, əbədi diyara
köçdü.
Peyğəmbərimizin isə özündən sonra xalq üçün imam (rəhbər) tə'yin etməməsi heç bir ağıl və düşüncə ilə uyğun gəlmir.
Kiçik bir dəstəni başçısız və rəhbərsiz təsəvvür etmək mümkün olmadığı
bir halda böyük İslam ümmətini rəhbərsiz fikirləşmək və onun üçün başçı
tə'yin etməmək ağıl və məntiqlə uyğundurmu?
Bir gün İmam Sadiq əleyhissalamın şagirdlərindən biri olan Hişam ibni
Həkəm, Bəsrə şəhərində yaşayan Mö'təzilə e'tiqadlı sünnü alimi Əmr ibn
Übeydin evinə gəldi, amma Əmr onu tanımadı. hişam üzünü ona tutub
soruşdu?
Nə üçün Allah sənə iki göz verib?
-Əmr ibni Übeyd: Onların vasitəsi ilə baxmağım üçün.
-hişam: Allah nə üçün iki qulağı xəlq etmişdir?
-Əmr inbi Übeyd: Onların vasitəsi ilə eşitmək üçün.
-Hişam: Allah nə üçün ağız və burun xəlq etmişdir?
-Əmr ibni Übeyd: Ağızla yemək, dadmaq və burunla iyləmək üçün.
Hişam: Allah nə üçün ürəyi xəlq etmişdir?
-Əmr ibni Übeyd: Bədən üzvlərinin fəaliyyətini tənzim etmək və onlara bir növ rəhbərlik etmək üçün.
Hişam ibni həkəm ayağa qalxaraq dedi: Ey Əmr! İnsanın bədən üzvləri
üçün başçı qəbul edir, amma bu böyük ümmət üçün imam və rəhbəri qəbul
etməyərək (həzrət Peyğəmbərin özündən sonra ümmətə rəhbər tə'yin
etmədiyini iddia edirsən!?) [82]
Elə buna əsasən peyğəmbərdən sonra İslam ümməti üçün imam (rəhbər) tə'yin edilməsi və onun lüzumu hamı üçün aydın və aşkardır.
Bu haqda inadkarlıq edib ayrı sözlər danışanlar isə daha ətraflı
fikirləşməli və məntiqə uyğun sözə tabe olmalıdırlar. Qur'ani-kərim bu
haqda belə buyurur:
«Ey peyğəmbər! Müxtəlif sözlər eşidib onların ən yaxşısına tabe olanlara müjdə ver. »[83]
Bu isə məhz Allah kəlamıdır və Allah kəlamı istər əhli sünnət, istərsə də şiə tərəfindən qəbul olunmuş bir kəlamdır.
Buradan belə nəticə alırıq ki, Həzrət Peyğəmbər (s) özündən sonra ümmət
üçün rəhbər və ya rəhbərlər tə'yin etmişdir. Bu rəhbərlərin kimlər
olduğu barədə isə «Həzrət peyğəmbərin canişinləri» bəhsində söhbət
açacağıq.
İMAMƏTİN XÜSUSİYYƏTLƏRİ
Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bə'zisi aşağıdakılardan ibarətdir:
1-İmamın Allah tərəfindən tə'yin olunması:
Əhli sünnət e'tiqadının əksinə olaraq, Şiə məzhəbi imamın seçkilər
(müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən tə'yin
edilməsinə əqidə bəsləyir. Allah təalanın tə'yin etdiyi şəxs isə,
peyğəmbərin (s) vasitəsi ilə xalqa çatdırılır. Həzrət Mühəmməd
səlləllahu ələyhi və alihi və səlləm öz həyatında dəfələrlə özündən
sonra gələn imamları (rəhbərləri) ümmətə tanıtdırmış və bu mühüm işə
tə'kid etmişdir.
2-İmamın ilahi biliklərə yiyələnməsi:
Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə
malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə
rabitəli və xalqın ən bilicisi olmalıdır.
3-İmamın mə'sum olması:
Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu
kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir. Əks
təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi
acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün
göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.
4-İmamın ədalətli olması:
Xalqın İslam dininin də'vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə
ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.
5-İmamın xalqdan təmənnasız olması:
İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir şey
istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi
üçün xalqdan heç bir şey istəməməli və öz ilahi risalətini təmənnasız
olaraq yerinə yetirməlidir.
İMAMIN TƏ'YİN OLUNMASI
İslam ümməti üçün rəhbərin lazımlığı çox aydın və aşkar bir məsələdir.
Lakin əsas məsələ müsəlman millətləri üçün rəhbərin kim tərəfindən
tə'yin olunmasıdır ki, bu haqda müsəlmanlar arasında iki növ əqidə
mövcuddur.
Onlardan biri əhli-sünnət qardaşlarımıza aiddir ki, onlar islam ümməti
üçün rəhbərin (xəlifənin) seçkilər və şura vasitəsi ilə tə'yin
olunmasının tərəfdarıdır.
Digər əqidə isə Əhli-beyt məktəbi ardıcıllarına aiddir ki, onlar ümmət
üçün rəhbərin yalnız Allah tərəfindən tə'yin olunmasını qəbul edir və
məhz bu yolu ağıl və məntiqə uyğun hesab edirdilər.
Bu məktəbin əqidəsinə görə xalq tərəfindən seçilmiş rəhbər yalnız bir
sıra zahiri işləri idarə edə bilər və xalqın ilahi rəhbərliyi heç vaxt
şura və seçki vasitəsilə tə'yin ola bilməz.
Çünki belə bir üslubun tətbiqi, bir sıra xoşagəlməz işlərin yaranması
və son dərəcə həyati olan vəzifənin təsadüfi şəxslərin əlinə düşməsinə
səbəb ola bilər. Məsələn; xalq arasında böyük mənsəb sahibi olanlar,
var-dövlət və qüdrət sahibləri çox asanlıqla bu ilahi rəhbərliyi ələ
keçirib, xalqı və islam ümmətini Allahın dediyi kimi deyil, öz istəyi
və nəzəri ilə idarə edə bilərlər.
Bu isə İslam şəriəti və ümməti üçün ən böyük təhlükədir.
Bunu da qeyd etmək lazımdır ki, Əməvi və Əbbasi xilafətləri zamanı uzun
müddətli bir siyasət nəticəsində xilafət və ilahi rəhəbrlik məsələsi
sü'ni şəkildə dəyişdirilmiş, əvəzində isə padşahlıq, varislik və
dünyəvilik əsasında hökm edən hökumətlərə gətirilmişdir.
İmamət və rəhbərlik məsələsi, həqiqətdə İslam peyğəmbəri Həzrət
Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləmin ümmət üzərində olan
ilahi rəhbərliyinin davamıdır. Həzrət Peyğəmbərin (s) isə xalq
tərəfindən deyil, yalnız Allah tərəfindən bu mühüm iş üçün tə'yin
olunması hamıya aydındır.
Unutmaq olmaz ki, islam ümməti üçün rəhbərin şura və seçkilər
vasitəsilə deyil, məhz Allah tərəfindən tə'yin olunması, məntiqlə uyğun
gələn bir əqidədir.
İLAHİ RƏHBƏRİN VƏZİFƏLƏRİ
İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin
canişini olan ilahi rəhbərlərin bir neçə vəzifəsi vardır ki, onlar
aşağıdakılardan ibarətdir:
1-Qur'ani-kərimin mə'nalarını xalq üçün aydınlaşdırıb onlara aid olan məsələləri izah etmək;
2-Dini hökmləri xalqa çatdırıb, bəyan etmək;
3-Ümmət arasında e'tiqadi azğınlığın qarşısını almaq;
4-Öz sözləri və rəftarı ilə cəmiyyəti islah etmək və tərbiyələndirmək;
5-Cəmiyyətdə təhlükəsizlik, əminəmanlıq və ədaləti yaratmaq;
6-Düşmənlər qarşısında islamın sərhəd, sərvət və varlığını müdafiə etmək;[84]
Gördüyünüz kimi hər hansı bir ilahi rəhbərin boynunda belə ağır
vəzifələr vardır. Bu vəzifələrin öhdəsindən gələn şəxsi, yalnız
Allah-taala tə'yin edə bilər və adi camaat belə bir şəxsi tanıyıb onu
özü üçün imam seçə bilməz.
Qeyd etdiyimiz vəzifələr ilk növbədə Həzrət Peyğəmbərin (s) öhdəsində
olmuş və o həzrətdən sonra isə ilahi rəhbərlərə (imamlara)
tapşırılmışdır. Lakin həzrət peyğəmbərimizin ayrı bir vəzifəsi də var
idi ki, o vəzifə imamlara aid deyildir.
Həzrət Peyğəmbərin istisna olan bu vəzifəsi vəhy yolu ilə Allah
göstərişlərini alıb ümmətə çatdırmaq və başqa sözlə desək, Allah izni
ilə qanunvericilik ixtiyarına malik olması idi. İlahi rəhbərlərə
(imamlara) isə vəhy olunmaz və yeni bir şəriət göndərilməz.
İMAMƏTƏ AİD AYƏ VƏ RƏVAYƏTLƏR
İslam Peyğambərinin (s) canişinləri haqda bir çox ayə və rəvayətlər
mövcuddur ki, burada onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
1-Maidə surəsi, ayə,55:
Allah təala bu ayədə buyurur:
«Şübhəsiz sizin rəhbəriniz Allah, Onun elçisi və iman gətirib namaz iqamə edən və ruku halında zəkat verənlərdir.»
Həzrət peyğəmbərimizin (s) səhabələrindən olan Əbuzər (r.ə) belə nəql edir:
«Bir gün Həzrət Peyğəmbər (s) camaatla birlikdə zöhr namazını qılarkən
bir yoxsul məscidə daxil oldu. Heç kəs ona bir şey vərmədiyindən
əllərini göyə qaldıraraq dedi: «İlahi! Şahid ol ki, mən sənin
peyğəmbərinin məscidində kömək istədim, amma heç kəs mənə bir şey
vermədi.
Elə bu vaxt namazda rükuya getmiş Həzrət Əli əleyhissalam barmağında
olan üzüyü (almaq üçün) yoxsula uzatdı və o da üzüyü həzrət Əli
əleyhissalamın barmağından çıxararaq getdi. Həzrət Peyğəmbər (s) bu
səhnəni gördükdə əllərini qaldırıb belə dua etdi:...İlahi! Qardaşım
Musa əleyhissalam Səndən özü üçün qardaşı harunu vəzir (və köməkçi)
istədi. İlahi! Mən də sənin peyğəmbərin və seçilmiş
bəndənəm.....Əhli-Beytimdən olan Əlini mənim üçün canişin, arxa və
möhkəm dayaq qərar ver.
Əbuzər (r.ə) deyir: Həzrət Peyğəmbərin duası qurtarmamış Cəbrail
əleyhissalam nazil olaraq bu ayəni (Nisa surəsinin 55-ci ayəsini)
çatdırdı.»
Bu rəvayət təkcə şiələr tərəfindən deyil, həm də bir çox əhli sünnət alimləri tərəfindən nəql olunmuşdur.
Mərhum Əllamə Əmini (r.ə) nəql olunmuş hədisi özünün «Əl-ğədir»
kitabında gətirmiş və onun 30-a yaxın sünnü alimi tərəfindən də nəql
olunduğunu qeyd etmişdir ki, Təbərinin təfsiri, 6,165, İbni Kəsirin
«Əlbidayətu vən-nəhayət», 7,357, İbni Həcərin «Əs-səvaiq, səh.25 və
s... kitablar buna nümunə ola bilər.[85]
2-Nisa surəsi, 59:
Allah təala bu surədə belə göstəriş verir:
«Ey mö'minlər! Allaha, peyğəmbərə və əmr sahiblərinə itaət edin.»
«Cabir ibni Əbdullah Ənsari (r.ə) nəql edir ki, bu ayə Həzrət
Peyğəmbərə (s) nazil olanda soruşdum: Ey Allahın elçisi! Biz Allahı və
Onun peyğəmbərini tanıdıq, amma sizinlə yanaşı itaəti (vacib) olanların
kim olduğunu bilmirik. Həzrət Peyqəmbər (s) cavabımda buyurdu:
«Ey Cabir! Onlar (əmr sahibləri) mənim canişinlərim və məndən sonra müsəlmanların imamlarıdır.
Onların birincisi Əliyyibni Əbi Talib, sonra Həsən, sonra Hüseyn, sonra
Əli ibni Hüseyn, sonra Tövratda Baqir adı ilə tanınmış Mühəmməd ibni
Əlidir ki, sən onu görəcəksən.
Ey Cabir, onu görəndə mənim salamımı ona çatdırarsan.
Sonra Sadiq Cə'fər ibni Mühəmməd, sonra Musəbni Cə'fər, sonra Əliyyibni
Musa, sonra Mühəmməd ibni Əli, sonra Əliyyibni Mühəmməd, sonra həsən
ibni Əli və daha sonra mənim adımda olan Allahın höccəti (Sahibəz-zəman
əleyhimus-səlam)-dır.»
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993