Main » 2010»Fevral»26 » İmam Əmirəl-möminin Əliyyibni Əbutalib (əleyhissəlam)
11:11 PM
İmam Əmirəl-möminin Əliyyibni Əbutalib (əleyhissəlam)
İmam Əmirəl-möminin Əliyyibni Əbutalib (əleyhissəlam)
IKINCI MӘSUM
ӘLI ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Әli
Ləqəbi: Әmirəl-möminin
Künyəsi: Әbül-Həsən
Doğulduğu tarix: Hicrətdən 23 il əvvəl
Xəlifəliyi: Hicrətdən 35 il sonra
Xəlifəlik müddəti: 5 il
Ömrü: 63
Şəhadəti: Hicri 40-cı ildə xaricilərdən olan Ibni Mülcəm (lə) adlı bir şəxs tərəfindən qətlə yetirilmişdir.
Məzarı: Iraq, Nəcəf şəhəri.
TӘVӘLLÜDÜ
Peyğəmbərin hicrətindən 23 il qabaq, cümə günü Rəcəb ayının 13-də Әbu
Talibin ailəsində təkcə Məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək
bir uşaq dünyaya gəldi. Bu təvəllüd haqqında Məkkə əhalisindən Qunəb
adlı birisi belə deyir: Abbas ilə oturmuşduq ki, birdən əsəd qızı
Fatimənin sancı çəkərək Kəbəyə tərəf getdiyini gördük. O belə deyirdi:
«Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən
peyğəmbərin (Ibrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu
körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et». Elə həmin
andaca Allah evinin yarılaraq, Fatimənin oraya girməsini daha sonra isə
divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə
gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və
sürətlə Kəbəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək
etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça
bilmədik. Bu qəribə xəbər çox sürətlə Məkkənin hər tərəfinə yayıldıqda
hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla
gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir
uşaqla Kəbədən bayıra çıxıb dedi: «Allah qadınlar arasında məni seçdi,
Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən
göndərdi». Həzrət Fatimə evinə doğru gedən zaman ətrafına yığışan
qadınların «uşağın adını nə qoyacaqsan?» - deyə verdikləri suala belə
cavab verdi: «Allahın hərəmində əyləşdiyim vaxt nagahan səs eşitdim:
uşağın adını Әli qoy». Bəli haqqında danışdığımız həzrət Әli
əleyhissalamdır. O, ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz,
pak bir şəkildə başa vurdu. Necə ki, həzrətin özü də bu barədə
«Nəhcül-bəlağə»də belə buyurur: «Uşaqlığımda Peyğəmbər (s) məni
qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı».
UŞAQLIQ DÖVRÜ
Həzrət Әli əleyhissalamın özü bu dövr barədə belə buyurur: «Peyğəmbər
hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. Islamın
hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər ilə həyat yoldaşı
Xədicə müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb
nübüvvət ətrini duyan ikinci şəxs idim.» Peyğəmbərin qohumlarını islama
dəvət etmək üçün Allah əmri nazil olanda, həzrət Әli əleyhissalam
Peyğəmbərin (s) yaxın adamlarından qırx nəfəri o həzrətin evinə qonaq
çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu. Şam
yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək buyurdu: «Ey
Әbdülmüttəlib övladları! Allah mənə sizləri çağıraraq islamı sizlərə
tanıtdırmağı əmr edib. Hər kəs mənə kömək edib dinimə iman gətirərsə,
mənim qardaşım və xəlifəm olacaqdır.» Peyğəmbər (s) bu mətləbi üç dəfə
təkrar etsə də Әlidən başqa heç kəs ona cavab vermədi. Həzrət Peyğəmbər
(s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb həzrətin
əlindən tutan və ona iman gətirdiyini elan edən yeganə şəxs hələ uşaq
yaşında olan həzrət Әli əleyhissalam idi. Elə bu əsnada Peyğəmbərimiz
belə buyurdu: «Әli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın
və əmrlərinə itaət edin».
GӘNCLIK DÖVRÜ
Həzrət Әli əleyhissalam artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə
qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. Eynilə bir
kəpənəyin şamın başına fırlandığı kimi, həzrət Әli əleyhissalam da
həzrət Peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən islamın və
Peyğəmbərimizin xeyrinə istifadə edirdi. Misal üçün Hüneyn
müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin
ətrafında gəzib onun vücudunu qoruyan və düşməni qorxudan təkcə həzrət
Әli əleyhissalam idi. Xeybər müharibəsində kafirlərin sərkərdəsi olan,
eləcə də hamının gücü və cəsarətindən qorxduğu Məhrabı yerə yıxmışdı,
iyirmi nəfərin güclə açıb bağlaya bildiyi qapını qaldıraraq xəndəyin
üstünə atmış və onu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə
çevirmişdi. Buna oxşar yüzlərlə misal həzrət Әli əleyhissalamın iman və
fədakarlığının açıq dəlili tutarlı bir sübutudur.
ӘLI ӘLEYHISSALAMIN FӘDAKARLIĞI
Insan məhz özünü çox sevdiyi və canını başqasına fəda etmədiyi bir
halda, həzrət Әli əleyhissalam islamı və Peyğəmbəri (s) özündən daha
çox sevdiyinə görə canını Peyğəmbərin yolunda fəda etməyə həmişə hazır
idi. Bu hadisə Məkkə müşriklərinin özlərinin məğlubiyyət təhlükəsi ilə
qarşı-qarşıya gördükdə bu barədə mühüm bir qərar çıxarmaq üçün
toplandıqları zaman baş vermişdi. Onların hamısı Darün-nədvə adlı bir
yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər. Hər
qəbilədən bir nəfər seçiləcəkdir ki, onlar gecə vaxtı Peyğəmbərin evinə
həmlə edərək onu öldürəcəklər. Belələliklə bütün qəbilələr onun qanını
tökməkdə şərik olduqlarına görə heç kim intiqam almağa təşəbbüs
göstərməyəcəkdir. Onların bu planını Allah öz Peyğəmbərinə bildirmiş və
ona hələ gecə ikən evindən çıxıb Məkkədən hicrət etməsini əmr etmişdi.
Lakin Peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan
etibarlı bir sirdaş axtarırdı. Bu fədakarlığı yalnız həzrət Әli
əleyhissalam öz öhdəsinə götürə bilərdi. Məhz elə buna görə də
Peyğəmbər (s) əhvalatı həzrət Әli əleyhissalama danışdı. Bu fədakar və
mömin cavan üzündə təbəssüm sevinərək bu işi bütün varlığı ilə qəbul
etdi. Gecənin qaranlığı hər yeri bürümüşdü. Әli (ə) Peyğəmbərin
yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. Həzrət Peyğəmbər (s)
də artıq evindən çıxıb Məkkənin kənarında olan Sövr mağarasına
getmişdi. Qüreyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq
həmləyə hazırlaşmışdılar. Həmlə əmri verildikdə onların hamısı
siyrilmiş qılıncla Peyğəmbərin evinə girib yatağına tərəf hücum
etdilər. Lakin birdən-birə yataqdakının Әli olduğunu gördükdə sarsılmış
və narahatlıqla Peyğəmbərin evini tərk edib dərhal atlıları o həzrətin
dalınca göndərmişlər. Lakin çox keçmədi ki, əliboş və ümidlərini
itirərək geri qayıtmışlar.
ӘLI (Ә) VӘ ALLAH YOLUNDA MÜHARIBӘ
Islam həyat və sülh dinidir. Bu müqəddəs din insanların öldürülməsi ilə
müxalifdir. Bu din günahsız bir insanı öldürən kimsəyə belə ağır
cəzalar tətbiq edir. Lakin daxili və xarici düşmənlər müsəlmanlara
qarşı təcavüzə əl atdıqda, o zaman bu müqəddəs din ağıl və şəriətə
əsasən müdafiə etməyi əmr edir. Bu isə islam cihadının bir hissəsidir.
Həzrət Peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində
həzrət Әli əleyhissalam, saf ruhlu bir igid təkin, Peyğəmbərlə
çiyin-çiyinə islam yolunda var qüvvəsilə döyüşürdü. O, Allahdan başqa
heç bir şeydən qorxmayan bir mömin bəndə, eləcə də yorulmaz bir mücahid
sayılırdı. O, belə deyərdi: «Allaha and olsun ki, əgər haqqı bir
tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə
görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla
duraraq bu yoldan bir an belə geri dönmərəm».
ӘLI ӘLEYHISSALAMIN ӘDӘBI
Islam hökumətinin mərkəzi Kufə şəhəri idi. Elm öyrənməkdən ötrü
dünyanın hər tərəfindən bu böyük islam mərkəzinə axışırdılar. Bir gün
şəhər qırağında iki nəfər bir-biri ilə rastlaşmışdı. Bunlardan biri
həzrət Әli əleyhissalam o birisi isə onu tanımayan bir xristian idi.
Xristian Kufə şəhərinin ətrafındakı bir məntəqəyə, həzrət Әli
əleyhissalam isə Kufəyə gedirdi. Onlar birlikdə olduqları müddətdə
darıxmamaq üçün söhbətə başladılar. Yol ayrıcına çatdıqları vaxt
xristian xudahafiz deyib yoluna davam etdi. Ancaq müsəlman yoldaşının,
yolu başqa tərəfə olduğuna baxmayaraq onunla bir gəldiyini görüb
heyrətlə soruşdu: Məgər siz Kufəyə getmirdiniz? həzrət Әli əleyhissalam
buyurdu: Bəli. Xristian: Bəs onda nəyə görə bu tərəfə gəlirsiniz? -
deyə soruşduqda həzrət Әli əleyhissalam cavab olaraq buyurdu: «Bir az
səninlə birgə yerimək istəyirəm. Çünki Peyğəmbərimiz belə buyurub: «Iki
nəfər yol yoldaşı olduqda bir-birlərinə haqq sahibi olurlar». Indi
sənin mənim boynumda haqqın var ki, mən də bu haqqı ödəmək üçün səninlə
bir az gələcəyəm. Beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra
arxayınlıqla öz yoluma davam edəcəyəm». həzrət Әli əleyhissalamın bu
insani rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi:
«Islam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər ali
insanlardırsa, mən də gərək müsəlmanlığı qəbul edəm». Yoldaşının islam
rəhbəri həzrət Әli əleyhissalam olduğunu bildikdə daha da heyrətlənən
xristian dərhal Әli əleyhissalamın hüzurunda müsəlmanlığı qəbul edib
islama iman gətirdi.
HӘZRӘT ӘLININ ÖZÜNÜ ӘLӘ ALMASI
Insan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. Belə ki, müxtəlif
pislik və günahlardan çəkinərək iradəsinə hakim olar. Lakin qəzəb, hirs
və əsəbləşdikdə insanın haqqı görməsi və Allahı xatırlaması olduqca
çətin və ağırdır. Buna görə də cinayətlərin çoxu adətən insanın normal
vəziyyətdən çıxdığı vaxt baş verir. Amma kamilliyə çatıb, nəfsini
tərbiyə etmiş həzrət Әli əleyhissalam kimi ülvi bir insanın rəftar və
davranışı da digər insanlardan fərqlidir. Hər hansı bir vəziyyətdə
olursa olsun yalnız Allahın razılığını nəzərdə tutur, Allaha görə
olmayan işlərdən çəkinirdi. Istər evdə olsun, istər müharibə
meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə onun
üçün heç bir fərqi yox idi. Məsələnin daha da aydınlaşmasından ötrü o
həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək: Bütün Mədinə
xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq, düşmənin yolunu
bağlamaq üçün, su ilə doldurduğu Xəndək müharibəsində məşhur ərəb
cəngavəri Әmr ibni Әbdüvəd düşmən əsgərləri arasında dolanaraq döyüşmək
üçün özünə rəqib axtarırdı. Müsəlmanlar arasında onunla döyüşə girməyə
heç kəs cəsarət etmirdi. Elə bu vaxt həzrət Әli əleyhissalam mətn
addımlarla irəli addımlayıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq
belə buyurdu: «Ey Әmr! Başından yekə danışma! Səninlə döyüşmək istəyən
qarşındadır!» Әmr həzrət Әli əleyhissalama baxıb lovğa-lovğa dedi: Geri
qayıt! Səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam. Әli (ə) ona
belə cavab verdi:«Allaha and olsun ki, mən isə səni öldrümək
istəyirəm». Bu sözdən hirslənib atından düşən Әmr qılıncını siyirərək
həzrət Әli əleyhissalama həmlə etdi. Lakin qılınc şiddətlə Әlinin
qalxanı ilə toqquşduqda həmləsi boşa çıxdı. Daha sonra həzrət Әli
əleyhissalam onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün
sinəsinin üstündə oturdu. Bu zaman Әmr həzrət Әli əleyhissalamın
mübarək üzünə tüpürdü. həzrət Әli əleyhissalam birdən Әmrin sinəsi
üstündən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Әmrə tərəf
getdi. Әmr soruşdu: O cür zərbədən sonra məni buraxmağının mənası
nədir?» Həzrət Әli əleyhissalam buyurdu: «Ey Әmr! Mən Allah üçün qılınc
çəkirəm, öz nəfsim üçün yox. Səni yerə yıxıb sinən üstündə oturduğum
vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Әgər o anda səni
öldürsəydim, savab qazanmayacaqdım. Çünki artıq əsəbləşmişdim. Buna
görə də sənin üstündən qalxdım və bir az yeriyib hirsimi yatırtdım».
Həzrət Әli əleyhissalamın şücaəti, səbri və nəfsinə hakim olması ərəb
pəhlivanı Әmrə çox böyük təsir etmişdi. Hamı istər dost, istərsə də
düşmən, həzrət Әliyə diqqət yetirirdi. Dostların dilindən təkbir
səsləri ucalarkən, düşmənin canını artıq qorxu bürümüşdü ki, bu da
düşmənin tam məğlubiyyətinə zəmin hazırlamışdı. Həzrət Peyğəmbər (s)
Әli əleyhissalamın bu səciyyəvi qələbəsi haqqında belə buyurmuşdu:
«Әlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri
Allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür».
HӘZRӘT ӘLININ MEHRIBANLIĞI
Həzrət Әli əleyhissalamın müharibə meydanında göstərdiyi qəhrəmanlıq və
igidliyini müşahidə etdik, lakin qəhrəman və qorxmaz bir insanın əgər
mərhəmət və mehribanlığı olmazsa, o qəhrəmanlığın heç bir dəyəri
yoxdur. O, müharibə meydanında yeridikdə yaralıların, acların və
susuzların halını gözləyirdi. Quduz düşmənləri öldürər ac yaxud susuz
bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib,
yarasını müalicə edərdi. Düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. Lakin heç
vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki
o, belə rəftar və davranışın imana zidd olmasını bilirdi. Məhz elə buna
görə də Siffeyn müharibəsində suyu Müaviyə ordusunun əlindən almağa
müvəffəq olduğu halda, əsgərlərinə əmr etdi ki, onu bağlamasınlar.
Eləcə də düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane
olmasınlar. Bu zaman həzrət Әli əleyhissalamın ordusunda olanlar etiraz
edib dedilər: Düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri
təslim olmağa məcbur etmək istəyirdilər. Әgər eyni işi biz də görsək,
biz də mütləq müvəffəq olar, bu müharibədə qələbə çalarıq. Gərək bu
fürsətdən istifadə edək. Әli (ə) onların cavabında belə buyurdu: «Xeyr,
biz düşmələ kişi kimi döyüşəcəyik. Biz belə işləri mərhəmət və şəfqətə
zidd hesab edirik. Әgər onların gördüyü işi biz də görməli olsaq o
zaman onlarla aramızda olan fərq nədir? Bilin ki, bütün işlər Allah
üçündür və biz də Onun əmrinə zidd rəftar etməməliyik.»
ӘLI ӘLEYHISSALAMIN RӘHBӘRLIK DÖVRÜNDӘKI DAVRANIŞLARI
1. Xalq ilə birgə Bütün çətinliklərə baxmayaraq Әli (ə) şəxsən özü
xalqın işlərinə yetişir, onların ağır problemləri ilə yaxından tanış
olurdu. Heç vaxt o, düşmənlə şəxsi qərəzlik üzündən düşmənçilik
etməzdi. Hətta onların maaşlarını da beytul-maldan verərdi. Dostlarına
isə dostluqlarına görə, güzəştə getməzdi. Әtrafındakılara isə həmişə
xalqla ədalətli və insaflı davranmalarını əmr edərdi. Qurana zidd olan
işləri əsla bağışlamazdı. Misal üçün Sudə adlı bir qadın haqqını almaq
üçün onun yanına gəldikdə, həzrət namaz qılırdı. Әli (ə) namazını tez
qurtarıb təbəssümlə ondan soruşdu: «Nə istəyin var?» Gözü yaşlı Sudə
vergi məmurundan və onun etdiyi zülmlərdən o həzrətə şikayət etdi.
Həzrət Әli əleyhissalam elə həmin yerdə ağlayaraq buyurdu: «Allahım!
Sən şahidsən ki, mən onlara Sənin bəndələrinə zülm etməmələrini əmr
etmişəm». Sonra bir dəri parçası götürüb məmurunu məmurluq vəzifəsindən
azad etdiyini yazıb məktubu Sudəyə verdi ki, aparıb həmin məmura
çatdırsın. Daha sonra Әli (ə) belə buyurdu: «Allaha and olsun, əgər
əlimdə olan bu vəzifədən məzlum insanların qurtuluşu üçün istifadə edə
bilməsəm, əgər zülmün qarşısını ala bilməyib haqqı bərpa etməyi
bacarmasam, bu vəzifə mənim üçün köhnə ayaqqabıdan da dəyərsiz olacaq.
Rəhbərlik və xəlifəlik mənim üçün hədəf deyildir. Bu məqam ona görədir
ki, ondan məhrum və məzlum xalqların xeyrinə istifadə edəm.» 2.
Ayrı-seçkiliyin aradan qaldırılması Xalq həzrət Әli əleyhissalama beyət
edikdə o həzrət minbərə çıxıb buyurmuşdu: «Allaha and olsun, o zamana
qədər ki, Mədinədə tək bir xurma ağacım var, özümə beytül-maldan bir
şey götürməyəcəyəm». Qardaşı Әqil ayağa qalxıb dedi: «Məni Mədinədə
yaşayan zənci ilə bir tutursan?» Әli (ə) belə buyurdu: «Otur qardaşım,
sənin o zənci ilə müqayisədə iman və təqvandan başqa heç bir üstünlüyün
yoxdur». Daha sonra Әli (ə) elan etdi ki, hökumətində ayrı-seçkiliyə
yol verməyəcəkdir. Yenə bir yay axşamı qardaşı Әqil, qardaşını evinə
şama qonaq çağırmışdı. O güman edirdi ki, bununla da maaşının
çoxaldılmasını həzrət Әli əleyhissalama qəbul etdirə biləcəkdir. Әli
əleyhissalam belə buyurdu: «Hazrıladığın bu şamın pulunu haradan
qazanmısan?» Әqil cavabında belə dedi: «Mən və arvadım öz şəxsi
xərclərimizi azaldıb qalan pulu yığıb sənən yaxşı yemək hazırlamaq
istədik». Həzrət Әli əleyhissalam belə buyurdu: «Sabahdan sənin aylıq
maaşını sənə kifayət edəcək qədər verəcəyəm (yəni azaldacağam). Çünki
etiraf etdiyinə görə bir az qənaət edəndə daha az xərcləyirsən». Әqil
qardaşının sözlərindən hirslənib çığır-bağır salmağa başladıqda həzrət
Әli əleyhissalam yanındakı dəmiri odda qızdırıb qardaşının əlinə basdı.
Әqil qırşqırıb «vay yandım» - dedi. həzrət Әli əleyhissalam bu zaman
belə buyurdu: «Qəribədir, sən mənim yandırdığım oddan qorxub
qışqırdığın halda necə olur ki, öz rahatlığın üçün Allahın mənə
hazırladığı əzab odunda yanmağıma razı olursan. Bu var-dövlət xalqındır
və mən də onların etibar etdikləri adamam». Yenə də şahid oluruq ki,
onun yanında çalışan məmurlardan bəzisi həzrətin bu mövqeyinə etiraz
edib belə deyirlər: Әgər üsyan edənlərə və qoşun başçılarına bir az
artıq qiymət versəydin, yenicə qurulmuş bir islam sistemini daha yaxşı
idarə etmək qüdrət və ədalətlə hökumətə rəhbərlik edə bilərdin. Imam
(ə) isə onların cavabında buyururdu: «Çox qəribədir, siz məndən islam
naminə qurulmuş hökumətin təməlini zülm və ədalətsizlik üstündə
qurmağımı tələb edirsiniz? Allaha and olsun ki, əsla bu işi görmərəm!
Hətta bütün müsəlmanların dövləti mənim olsa belə yenə də belə bir işə
girişmərəm. Halbu ki, bu mallar xalqındır və mən onların etibar etdiyi
bir nəfərəm». Bir gün Bəsrə valisi Hüneyfin oğlunun əşraflarından
birisinin qonağı olduğunu və fürsət gözləyən qaniçənlərin isə onun
siyasi mövqeyindən istifadə edəcəklərini eşitdikdə həzrət Әli
əleyhissalam çox hirsləndi və onu məzəmmət edəcək bir məktub yazıb onun
üçün göndərdi: «Eşitmişəm yoxsulların olmadığı dövlətlilərin süfrəsində
oturubsan. Bunu bil ki, sənin rəhbərin və imamın olan mən, əgər istəsəm
ən yaxşı və ləziz yeməkləri yeyə bilərəm. Amma mən heç vaxt bu işi
görmədim. Çünki məmləkətdə ac qarnına yatanlar ola bilər. Mən sizin
dünyanıza təkcə xurma və çörəkdən ibarət az bir xörəklə və sadə bir
paltarla qənaət etdim. Siz mənim kimi ola bilməsəniz də çalışın ki,
yolunuz məndən ayrılmasın». Həzrət Әli əleyhissalam bu məktubla ona
xəbərdarlıq edərək öz rəhbərlik borcunu yerinə yetirdi. Imam
əleyhissalamın həyatı başdan-başa ədalətlə zəngindir. Bir gün o
həzrətin düşməni olan Müaviyə onun əshabından biri olan Әdiy ibni Hatəm
ilə qarşılaşıb ona belə sual verdi: Әlini imamət və xəlifəliyi
zamanında necə gördün? O, isə cavabında «quldurlar onun hökumətində
quldurluq edə bilməz, gücsüzlər isə onun ədalətindən həmişə faydalanıb
ümidsizliyə düşməzlər» - deyə söylədi. Həzrət Әli əleyhissalamın özü də
həmişə belə buyurardı: «Xalq məni özünə rəhbər və xəlifə seçdiyi halda,
camaatın müxtəlif problem və çətinliklərinə şərik olmağım zəruri
deyilmi?» Tarixdən məlum olduğu kimi, bir gün qoşun başçıları keçmiş
səhabəsi olan Ibni Abbas ilə birlikdə onun hüzuruna gəldikdləri zaman
rəhbərlərinin ayaqqabısını yamaqlamaqla məşğul olduğunu gördülər. Әli
(ə) onlara belə buyurdu: «Bu ayaqqabının dəyəri nə qədərdir?» Ibni
Abbas dedi: Onun dəyəri bir neçə dirhəmdən artıq olmaz. Həzrət Әli
əleyhissalam buyurdu: «Allaha and olsun ki, əlimdə olan bu vəzifədən
zülmün qarşısını almaq və haqqı bərpa etmək üçün istifadə edə bilməsəm,
mənim üçün bu ayaqqabıdan daha dəyərsizdir.» Yəni bu məqam və rəhbərlik
mənim üçün hədəf olmayıb, yalnız məhrum xalqların xeyrinə istifadə
etmək üçün yeganə vəsilədir. 3. Şikayətləri araşdırmaq Həzrət Әli
əleyhissalam öz hökuməti və rəhbərliyi dövründə şəxsən şikayətləri
dinləyərək məsələləri özü həll edirdi. Әgər bir nəfərin şikayəti
olsaydı, imamın yanına rahatlıqla gəlib şikayətini ona söyləməsi üçün,
yayın isti günlərində xalqın istirahət etdiyi bir divarın kölgəsində
oturardı. Isti günlərin birində həzrət yenə də bir divarın kölgəsində
oturmuşdu. Bir qadın ona tərəf gəlib narahatlıqla dedi: Әrim mənə zülm
edib bu istidə məni evdən çölə atıb. O, həzrət Әli əleyhissalamdan bu
məsələni həll etməsini xahiş etdi. Həzrət Әli əleyhissalam belə
buyurdu: «Ay xanım, hava çox istidir. Hava sərinləyənə kimi dözə
bilsən, yaxşı olar. Onda mən də səninlə birlikdə bu məsələyə sərəncam
çəkərəm.» Qadın belə dedi: Qorxuram ərim yenə hirslənsin. Әgər mümkünsə
tez gedək! Әli əleyhissalam qadına belə buyurdu: Yaxşı, sən get! Mən də
dalınca gəlirəm. Әli (ə) o qadınla birlikdə gedib o cavan oğlanın
qapısını döydü. Qapıya gələn ev yiyəsi Әli (ə) tanımamışdı. Amma başa
düşmüşdü ki, arvadı bu kişini köməyə çağırıb. Әli əleyhissalam ev
yiyəsinə belə dedi: Bu xanım deyir ki, sən onu evdən qovmusan. Mən
gəlmişəm ki, sənə nəsihət verib deyəm ki, Allahdan qorxub arvadınla
yaxşı rəftar edəsən. Məğrur cavan həzrət Әli əleyhissalama pis sözlər
söylədikdən sonra dedi: Bunun sənə heç bir dəxli yoxdur. Mən istədiyim
işi görərəm. Hələ üstəlik səni də öz yanında gətirdiyinə görə vay olsun
onun halına. Imam (ə) cavan oğlanın sözlərindən narahat olub etiraz
edərək səsini ucaltdı və onu cəzalandırmaq üçün əlini qılıncına tərəf
apardı. Imamın səsini eşidən camaat evlərindən bayıra çıxmağa
başladılar. Camaat Әli əleyhisaalamı görüb ehtiram ilə qabağa gəlib
salam verdilər. Bunu görən cavan oğlan başa düşdü ki, qarşısında duran
həzrət Әli əleyhissalamdır. Bilmirdi ki, nə etsin. Әlinin ayaqlarına
düşüb üzr istəməyə başladı: Nə əmr etsəniz itaət edəcəyəm və bundan
belə arvadımla yaxşı rəftar edib onu narahat etməyəcəyəm. Әli
əleyhissalam isə belə buyurdu: «Inşaallah elə olarsan». Daha sonra
qadına tərəf dönüb dedi: Evinə qayıt. Inşaallah sən də ərinə yaxşı
arvad olarsan.
QӘDIRI-XUM HADISӘSI
Həzrət Peyğəmbər (s) hicrətin onuncu ilində həcc mərasiminin təntənəli
bir şəkildə yerinə yetirilməsi üçün Allah evinə getmişdi. Çünki bu,
Həzrət Peyğəmbərin (s) sonuncu həcci idi. Mərasimlər nizam-intizamla
yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə əshabı Mədinəyə
qayıdırdılar. Yol boyu Həzrət Peyğəmbər (s) ümməti üçün vəfatından
sonra baş verəcək hadislərədən ötrü çox nigaranlıq keçirirdi. Xalq
arasında münafiqlər və onun ölümünü gözləyənlər xilafət və rəhbərliyi
əsl yolundan azdırmaq üçün qabaqcadan planlar hazırlamışdılar. O, dost
paltarına bürünüb ona hörmət edən münafiqləri görür, amma müşriklərin
«Məhəmməd öz adamlarını öldürür» demələrinin qabağını almaq üçün səsini
çıxarmırdı. O, bir tərəfdən gələcəkdəki hadisələri görür, digər
tərəfdən isə Allahın Әli (ə) haqqında əmr etdiyi borcunu yerinə
yetirmək məcburiyyətində qaldığını hiss edirdi. Həmin borc Әli
əleyhissalamı xəlifə təyin etmək idi. Onu özünə xəlifə və canişin
seçməklə «peyğəmbər bizi xəlifəliyə seçdi» - deməklə xalqın arasında
şək-şübhə yaradanların planlarını puça çıxarmaq niyyətində idi. Vəhy
mələyinin Həzrət Peyğəmbərin (s) ruh və qəlbinə nazil etdiyi vəhyin
səsi qulaqlarında əks-səda verir: «Böyük bir borcun var. Әgər bu borcu
yerinə yetirməsən, elə bir risalətini təlbiğ etməyibsən. Bil ki, Allah
səni düşmənlərin hiylə və tələlərindən qoruyacaqdır.» Belə bir risalət
günəşinin vəkaləti, vilayət günəşi olmalı idi ki, Peyğəmbərin (s) bütün
kamal və dəyərlərinə sahib idi. Bu şəxsiyyət Әli ibni Әbu Talibdən
başqa kim ola bilərdi? O Әli ki, Peyğəmbər dəfələrlə onu xalqın
arasında tərifləyib buyurmuşdu: «Әli ümmətimin ən bilicisidir. Mən
elmin şəhəriyəm, Әli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək
istəyirsə, Әliyə müraciət etsin». Elə buna görə də həzrət Әli
əleyhissalam minbərdə həmişə belə deyərdi: «Ey camaat! Məni əldən
verməmişdən əvvəl, istədiyinizi soruşun!» Allahın əmrinə görə həzrət
Peyğəmbər (s) Allahın buyurduğu şəkildə islam dinini təkmilləşdirmək
üçün Әli əleyhisslamı xəlifəliyə seçmək qərarına gəldi. Və qədir günü
Allahın öz Peyğəmbərini təbrik edib müjdə verərək «Bu gün islam dinini
mükəmməl edib sizlərə nemətimi tamamladım» - dediyi gün olaraq tarix
səhifələrinə yazıldı. Demək, bu müqəddəs bir qayıdış eləcə də bərəkətli
bir həcc idi. Yüz iyirmi mindən çox insan Peyğəmbərlə birlikdə idilər.
Onların hamısı Zil-həccə ayının 18-də Cöhfə deyilən yerdə Qədiri-xum
adlı məntəqəyə çatdıqları vaxt Həzrət Peyğəmbər (s) karvanların
dayanmasını əmr etdi. Peyğəmbərin (s) əmri ilə hamı o isti havada
dayanıb öz-özlərinə fikirləşirdilər ki, mütləq əhəmiyyətli bir məsələ
vardır ki, Peyğəmbər bizi bu istidə saxlayıbdır. Onların düşündükləri
kimi həqiqətən də bu mövzu çox əhəmiyyətli idi. Peyğəmbər üçün
dəvələrin cihazından ibarət bir minbər düzəltdilər. Bir neçə nəfəri də
camaatın arasında Peyğəmbərin sözlərini təkrar etmələri üçün
yerləşdirdilər. Həzrət Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib
minbərə çıxdı və belə buyurdu: «Ey camaat! Mən peyğəmbərlik vəzifəmi
yerinə yetirib var qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün
iki dəyərli şeyi (əmanəti) qoyub gedirəm. Bu ikisi bir-birindən heç
vaxt ayrılmazlar: Allahın kitabı. Әhli-beytim. Daha sonra hamının görə
bilməsi üçün həzrət Әli əleyhissalamın əlini uca bir bayraq kimi
qaldırıb buyurdu: «Mən hər kəsin mövlasıyamsa, bilsin ki, Әli də onun
mövlasıdır. Allahım! Әli ilə dost olanla dost, düşmən olanla isə düşmən
ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey
burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin.
Inşaallah ki, eşidib qəbul edərlər».
ӘLI ӘLEYHISSALAMIN XӘLIFӘ SEÇILMӘSI
Qüdrət və vəzifəyə çatmaq üçün islamı qəbul edən və özlərini
Peyğəmbərlə birlikdə göstərməyə çalışanlar, xəlifəliyi Bəni Haşim
nəslindən almaq üçün gizli yığıncaqlar keçirirdilər. Onlar planlarını
həyata keçirməkdən ötrü münasib bir fürsətin sorağında idilər. Çünki
bilirdilər ki, qarşılarında olan şəxsin islama xidmətlərini hamı
təsdiqləyib. Peyğəmbər onun haqqında tövsiyə edib və Qədiri-xum günündə
hamı ona beyət edibdir. Peyğəmbərin (s) vəfatından sonra həmin planlar
ardıcıl surətdə həyata keçirilməyə başlamışdı. Belə ki, həzrət Әli
əleyhissalamı, o yüksək şəxsiyyəti susmaq məcburiyyətində qoymuşdular.
Çünki o, təkcə islamı düşünür, məqam və vəzifəyə meyl göstərmirdi. Әgər
məsələni qılıncla həll etməyə cəhd etsəydi, düşmənlərinin arzusunu
yerinə yetirmiş olacaqdı. Yəni islamdan heç bir əsər qalmayacaqdı. Әli
(ə) və Fatimənin bu hadisələr qarşısında sükut etməsi, xüsusən də
Osmanın hakimiyyətinə nüfuz etmiş Әməvi dövlət adamlarının
vəzifələrindən sui-istifadə etmələri və ədalətsiz rəftarları xalqı
ayıltmışdı və artıq hamı başa düşmüşdü ki, islam xəlifəliyi
siyasətçilərin əlində oyuncağa çevrilibdir ki, Allah ilə Peyğəmbərin
istəyi isə bu deyildir. Nəhayət xalqın narazılığı ən yüksək zirvəsinə
çatdığından inqilab qığılcımı xalq kütlələrinin ürəyində alovlanmağa
başlamışdı. Vəziyyətdən bezmiş xalq coşqun bir sel kimi Osmanın evinə
tərəf axıb onu qılıncdan keçirmişdilər. Xalq o qədər coşmuşdu ki,
həzrət Әli əleyhissalamın Osmanın canını qurtarmaq üçün göndərdiyi imam
Həsən (ə) və imam Hüseyn əleyhissalamın sözünə də qulaq asmamışdılar.
Camaat qılınclarından qan damarkən və həyəcan odunda yanarkən həzrət
Әli əleyhissalamın evinə tərəf axışıb böyük bir məhəbbət və sevinclə
onu özlərinə tərəf çəkib beyət etdilər və beləliklə, onu özlərinə
xəlifə və rəhbər seçdilər.
ӘLI ӘLEYHISSALAMIN HÖKUMӘTI NӘ ÜÇÜN MӘĞLUBIYYӘTӘ UĞRADI?
Həzrət Әli əleyhissalam xalqla beyət etdiyi vaxt belə demişdi: «Mən
haqqa əməl edəcəyəm və dinimi kimsənin dünyasına satmayacağam. Dəlilsiz
heç kimi vəzifə başına qoymayacağam. Təkcə onların keçmiş xidmətlərini
nəzərdə tutacağam. Әgər məmurlarım xəta etsələr, onları bağışlamayacaq
dərhal vəzifələrindən azad edəcəyəm. Heç bir məzəmmətdən qorxmayıb
qətiyyətlə rəftar edəcəyəm. Beytül-malı hətta öz oğluma belə dəlilsiz
verməyəcəyəm.» Amma təəssüflə həzrət Әli əleyhissalamın ədalətli
hökumətini dünya malına düşkün olanlar bəyənməmişdilər. Onlar ilk
addımda belə həzrət Әli əleyhissalamı tək qoyub əleyhinə üsyan etməyə
başladılar. Təlhə və Zübeyr Osmanın intiqamını almaq üçün Mədinəyə
gedib Ayişəni bu işə qol qoyması üçün təhrik etmişdilər. Onlar vaxtilə
Peyğəmbərin həyat yoldaşı olan Ayişənin mövqeyindən istifadə edərək
böyük bir qrupu öz ətraflarına yığıb qoşun ilə həzrət Әli əleyhissalama
həmlə etmişdilər. Çünki onlar axmaq adamlara demişdilər ki, guya
Osmanın qatili Әlidir. Həmin hadisənin nəticəsində minlərlə müsəlmanın
qanı tökülmüşdü və törədilən günahlar da Әli əleyhissalamın boynuna
yıxılmışdı. Bu hadisədən sonra Әli (ə) tərəfindən vəzifəsindən azad
olunan hiyləgər Müaviyə bu fürsətdən səmərəli istifadə etmək üçün
vəziyyəti münasib görən kimi Şamda qiyam edib həzrət Әli əleyhissalama
qarşı müharibə elan etmişdi. Həmin müharibələr Әli (ə) ordusunda
xaricilər adlı bir qrupun meydana gəlməsinədək davam etmişdi. Bu qrup
nə Әli (ə), nə Müaviyə, nə də Әmr ibni Ası xəlifəliyə layiq görürdü.
Onlar hökm yalnız Allahındır şüarı altında qiyamt etmək istəyirdilər.
Nəhayət həzrət Әli əleyhissalamı şəhid etdilər. Amma Müaviyə və Әmr
ibni Ası öldürə bilmədilər. Beləliklə Әli əleyhissalamın hökuməti
məğlubiyyətə uğrayaraq o həzrətin özü də ədalətinin qurbanı oldu. Yəni
əgər Әli (ə), Müaviyə kimi, hiylə ilə hökumət etsəydi, heç kim onu
öldürməyə cəhd edə bilməzdi.
HӘZRӘT ӘLI ӘLEYHISSALAMIN ŞӘHADӘTI
Nəhrəvan müharibəsindən sonra xaricilər adlı bir dəstə Məkkədə hər gün
yığıncaqlar təşkil edib Nəhrəvanda ölənlər üçün ağlayırdılar. Bir gün
onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mənası
yoxdur. Islam hökumətini devirib qardaşlarımızı öldürən adamları məhv
etməliyik. Әvvəlcə Әli, Müaviyə və Әmr ibni Ası öldürmək lazımdır. Bu
üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda ibni Mülcəm (lə)
ayağa qalxıb «mən Әlini öldürəcəyəm» dedi. Daha sonra Әmr ibni Bəkri
Təmimi «mən də Әmr ibni Ası öldürəcəyəm» söylədi. Bir başqası da
Müaviyəni öldürməyi öz öhdəsinə aldı. Onların üçü də and içib mübarək
Ramazan ayının 19-u planlarını həyata keçirmək üçün münasib vaxt
bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri
adamların yaşadıqları şəhərlərə yollandılar. Təəssüflər o iki nəfər
işlərində müvəffəq olmadılar, amma Ibni Mülcəm (lə) müvəffəq oldu. Ibni
Mülcəm (lə) Kufəyə gəlib Әli əleyhissalamın düşmənləri ilə əlaqə
yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı. Bir
gün Әli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. Ibni Mülcəm
(lə) özünü gizlətmək istədisə də Әli (ə) onu görüb belə buyurdu:
«Kufəyə nəyə gəldiyini bilirəm». Bu sözləri eşidən Ibni Mülcəm (lə)
qorxdu və ayaqları titrəməyə başladı. həzrət Әli əleyhissalama belə
dedi: Onda ey Әli əmr et ki, məni öldürsünlər ya zindana atsınlar, ya
da sürgün etsinlər». Әli (ə) ona baxıb belə dedi: «Bu üç təklifdən hər
birini sənin haqqında tətbiq edə bilmərəm. Amma islam dini öldürmə və
cinayətdən qabaq qisası rəva görməz. Səni sərbəst buraxıram ki, bəlkə
fikrindən dönəsən». Nəhayət hicri 40-cı ilin Ramazan ayının 19-da Ibni
Mülcəm (lə) namazda səcdə halında olan həzrət Әli əleyhissalamın başına
zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb
həzrət Әli əleyhissalamı şəhid edərək islam dünyasını matəmə qərq etdi.
həzrət Әli əleyhissalamın mehrabdakı «And olsun Allaha ki, artıq
qurtuldum» səsinin dalınca mələk Cəbrailin səsi yüksəldi: «Vallahi,
hidayət sütunları yıxıldı və Әli şəhid edildi.» Camaat Әli
əleyhissalamın qatilini tutub imam Həsən-Müctəba əleyhissalama təhvil
verdilər. Imamın yaralı bədənini isə öz evinə apardılar. Imam Әli (ə)
öz qatili barəsində oğlu Həsənə belə buyurdu: «Oğlum! Mənim qatilim
olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri
qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc
zərbəsindən artıq vurmayın.» Amma əfsus ki, Әli (ə) daha yaşamadı. Və
Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni
gizlin şəkildə Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.
IMAMDAN QISA KӘLAMLAR
1. Mömin sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar.
2. Allaha and olsun ki, məni mömindən başqa heç kim sevməz və
münafiqdən başqa heç kim mənə düşmənçilik etməz. 3. Dünyadan istifadə
edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir. 4. Allah yanında
namazdan xeyirli və yüksək bir əməl yoxdur. 5. Müsəlman müsəlmanın
aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol
göstərin.
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993