![](/ag-ayan_hicab.jpg)
"Rədd
ol, səni bir də bu formada görməyim" - deyə 00 -li orta məktəbin
direktoru Yusif müəllim sinif otağından qovduğu bir şagirdin ardınca
qışqırırdı: "Dünən atasına deyirəm ki, olmaz, dövlətin siyasəti var,
Avropa, Amerika bizi vəhşi, mədəniyyətsiz adlandırıb gülürlər. O, isə
mənə konstitusiyadan, insan haqqlarından danışır.Yox, mümkün deyil,
belələrinin kökü kəsilməyincə, biz inkişaf edə bilməyəcəyik."
Dördüncü
sinif şagirdi olan Afaq dindar ailədə dünyaya göç açmışdı. Hələ uşaq
ikən rəhmətlik babası Hüseynəli kişi ilə obaşdanlığa durub, günortaya
qədər oruc tutar, namaz qılanda onunla bir yerdə namaz qılardı. Babası
- 37-ci ilin qurbanlarından olan Hüseynəli kişi olduqca mərd və
cəsarətli insan idi. Nəvəsi Afaq ondan namaz və Quranla yanaşı, mərdlik
və şücaət dərsini də öyrənmişdi.
Hüseynəli
kişinin ailəsi həm də öz iffət və isməti ilə tanınırdı. Bu ailənin
bütün qadınları örpək bağlayırdılar. Hicab qadınlara fövqəladə əzəmət
və vüqar bəxş edir. Bu ailədə heç zaman narazılıq, söz-söhbət olmazdı
və onlar çox mehriban ömür sürürdülər. Bir sözlə desək, Hüseynəli
kişinin ailəsi İslam dininin təklif etdiyi kamil ailə formasının gözəl
nümunəsi idi. Afaq məhz belə bir ailədə tərbiyə alıb, boya-başa
çatmışdı.
Doqquz
yaşı tamam olmasa da, Afaq birinci sinifdən məktəbə hicablı gedirdi.
Xoşbəxtlikdən indiyə qədər o, bu sahədə heç bir problemlə
qarşılaşmamışdı. Lakin bir neçə gün əvvəl başlayan tədris ilində sanki,
hər şey dəyişilmiş, Yusif müəllim olduqca sərtləşmişdi. Afaq isə
həddi-böluğa çatdığından mövcud şəraitlə heç cür ayaqlaşa bilmirdi.
Afaqın atası Əsgərin, Yusif müəllimlə söhbəti baş tutmamışdı. Lakin
buna baxmayaraq o, yenə də məktəbə hicablı gəlmişdi. Atası isə rayon
Təhsil şöbəsinin müdiri ilə görüşəcəkdi.
Afaq
həmin gün məktəbdən tez çıxsa da, evə tələsmədi. Ata-anası hadisəni
bilib narahat olmasınlar deyə, məktəbə yaxın olan dayısı gilə gedib,
bir neçə saat orada yubandı. O, həmişəki vaxtda evə döndü. Atası Təhsil
şöbəsinə getməyi sabaha planlaşdırmışdı. Görünür o, bu məsələni çox da
ciddi qəbul etmir, sadəcə bir direktorun özbaşınalığı kimi başa
düşürdü. Axı bir çilingər haradan biləydi ki, məhz hicab məsələsi ilə
əlaqədar olaraq, son üç ildə bir neçə nəfər ölkə vətəndaşlığından
imtina edib, onlarla həmvətənlimiz müvəqqəti olaraq xarici ölkələrdə
yaşamağı üstün tutmuşlar.
Afaq
həmin gecəni yata bilmədi. Sanki təfəkkür dəryasına qərq olub,
fövqəltəbii mətləbləri düşünmək istəyirdi. Amma necə? Görəsən, yaşının
azlığı buna imkan verəcəkdimi? Bir məsələ görə, uşaqlar arasında dünya
qədər yaşlı, yaşlılar arasında isə bir xeyli uşaq vardır. Kim bilir,
bəlkə Afaq da dünya qədər yaşlaşmışdı. Amma hər halda düşünür və özü də
yaşından çox-çox böyük şeylər barəsində düşünürdü.
O,
çoxlarının düşünmədiyi, düşünə bilmədiyi və düşünmək istəmədiyi
məsələlər barədə fikirləşirdi: "Görəsən bizdən nə istəyirlər? Niyə
qoymurlar azad yaşayaq? Nə əsasla hesab edirlər ki, hicab gerilik,
mədəniyyətsizlikdir?
Axı
çılpaq gəzməyin harası mədəniyyətdir? Bizim məktəbdə mini yubka geyən,
şalvarla gəzən qızlar var. Niyə onlara bir söz deyən yoxdur? Niyə hər
yerdə bizə aşağı gözlə baxırlar? Anamın və bibilərimin hələ də
şəxsiyyət vəsiqələri yoxdur. Nəyə görə onların hicablı şəkillərini
qəbul etmirlər? Məgər bunlar müsəlman deyillər? Niyə qoymurlar öz
vətənimizdə rahat yaşayaq? Yox, hicabımı açmayacağam. Qoy məni
məktəbdən çıxarsınlar! Allah cəzanızı versin!"
Səhər
tezdən hamı yuxudan oyandı. Atası işə, oradan da Təhsil şöbəsinə, Afaq
isə məktəbə getməli idi. Nə edəcəyini bilmirdi. Həyası onun məktəbə
getməsinə mane olurdu. Nəinki söz götürmək, danlanmaq, hətta Yusif
müəllimi görmək belə istəmirdi.
Lakin
nə etsin, ata-anasına nə desin? "Bəlkə dayım gilə gedim? Hə, deyəsən bu
yaxşı olar. Gedib, bu günü də birtəhər keçirərəm". Lakin birdən-birə
sifəti dəyişildi, qaşları çatıldı: "Axı niyə gizlənməliyəm? Nədən
utanmalıyam? Qoy o adamlar utansınlar ki, şəxsiyyətlərini bir quruşa
satırlar! Qoy o adamlar utansınlar ki, köləliyə adət edib, öz
mənliklərini əldən vermişlər! Qoy çılpaq gəzənlər, əxlaqsız əməlləri
ilə həya və ismətlərini itirənlər utansınlar!"
O,
artıq qəti qərara gəlmişdi. Məktəbə gedəcək və lazım olsa direktorla
özü danışacaqdı. Beləcə, çantasını götürdü. Atası artıq getmişdi.
Anasını öpüb, bağrına basdı. Onu bərk-bərk qucaqladı. Anası onun bu
qeyri-adi hərəkətindən təəccüblənsə də, üz vurmadı. Kim bilir, bəlkə də
qızcığaz anasından mənəvi güc almaq istəyirdi!
Həmin
gün 4-a sinfinin birinci dərsi Coğrafiya idi. Hamının sevdiyi Sədaqət
müəllimənin bu dərsi olduqca maraqlı keçdi. Tənəffüs zəngi vuruldu.
Afaq rəfiqəsi Sevda ilə sinifdən çıxıb, dəhlizdə irəliləməyə başladı.
Onlar mehribancasına zarafatlaşır, nəyəsə baxıb gülürdülər.
Lakin
bir səs onların gülüşünə son qoydu: -”Köpək qızı, mən sənə deməmişəm
başındakı bu cındırı rədd elə?! Nə vaxta qədər öç bildiyinizi
edəcəksiz?”
Bir
anın içində dəhlizdəki bütün səslər kəsildi. Yusif müəllimin
qulaqbatıran səsi bütün məktəbi vahiməyə saldı. Afaq çaşıb qalmışdı, nə
edəcəyini bilmirdi. Çünki, o, belə təhqir gözləmirdi. Amma, sən demə
insan da heyvan kimi quduzlaşa bilirmiş. Sən demə insanlar içində
vəzifə, şan-şöhrət, yaltaqlıq və ucuz təriflər naminə insan adından
imtina edən məxluqlar varmış.
O,
nə isə deməli idi, çünki, təkcə özü yox, həm də hicab təhqir olunmuşdu.
Birtəhər udqunub özünü topladı: "Bu cındır deyil Yusif müəllim,
hicabdır!"
Bu
cavabdan sonra elə bil Yusif müəllimin başına qaynar su tökdülər: "Hələ
bunun söz güləşdirməyinə bax! Hicab-micab bilmirəm, bu cındırdır,
cındır! İnanmırsan, bax!" - deyə Yusif müəllim əlini qızın başına
apardı. Hicabı var gücü ilə dartıb ayaqları altına atdı. Toz-torpağa
batmış ağ hicabı təpikləyə-təpikləyə çığırmağa başladı: "Al, bu da
sizin hicabınız! Nifrət edirəm sizin kimilərə də, onların hicablarına
da!"
Bütün
məktəb tamaşaya durmuşdu. Onun qorxusundan heç kim səsini çıxara
bilmirdi. Etirazlarsa sinələrdə həbs olunmuşdu. Bütün ölkəni bürüyən
qorxu və sükut bu kiçik kütləyə də hakim idi. Lakin qəfil bir tappıltı
səsi bu sükutu pozdu. O, Afaq idi. Bayaqdan bəri yerində donub qalmış
qızcığaç yerə sərilmişdi. Müəllimlərin içindən qaçıb gələn Sədaqət
müəllimə uşağa yaxınlaşdı. Öncə başını qaldırdı, nəbzini yoxladı. Sonra
qulağını onun sinəsinə yaxınlaşdırdı və nəhayət sərt baxışlarla Yusif
müəllimi süzməyə başladı. Zavallı qız keçinmişdi...
O
artıq çoxdan bəri axtardığı azad aləmdə idi. Daha nə Yusif müəllimlər
və nə də onlara tapşırıq verən "kişilər" yox idi. Dördüncü sinif
şagirdi olan "hicab şəhidi" əbədi səadətə qovuşmuşdu.
Lakin
bütün bunlarla yanaşı qızcığazın ruhu yenə də narahat idi. O, ana və
bibiləri və ümumiyyətlə bütün hicablı qız və qadınlar üçün narahatlıq
hissi keçirirdi. O, hicablı qızların, direktor və müəllimlər tərəfindən təhqir olunan hicablı məktəblilərin halına yanırdı.
O, düşünülmüş şəkildə Allahdan və dindən uzaq salınan bütün millətin bu gününə və sabahına üzülürdü.
O,
yenə də düşünür, bu dünyada fəryadını belə eşitməyən kar qulaqlara,
ruhlar aləmindən zəif bir səslə nəsə pıçıldamağa çalışırdı:
"Daş qəlbli insanları neylərdin, İlahi!
Bizdə bu soyuq qanları neylərdin, İlahi!
Artdıqca həyasızlıq, olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, İlahi!"
from www.ihq.az
|