Day.Az portalının Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu ilə müsahibəsi
- Məlum olduğu kimi, aprel ayında Bakıda dünyanın ruhani idarələrinin rəhbərlərinin sammiti keçiriləcək. Moskva və bütün Rusiya patriarxı Kiril, erməni Patriarx – Katolikosu II Qareginə bu sammitdə iştirak üçün dəvətnamə göndərilib. Necə düşünürsünüz, eməni katolikosu Bakıya gələcəkmi?
- Bakıya bütün ermənilərin patriarx-katolikosunun dəvət olunmasının özü, Azərbaycanın dialoqa hazır olmasının, cəmiyyətimizin tolerantlığının göstəricisidir. Eyni zamanda mənə erməni katolikosunun Bakıya gələcəyi real görünmür.
- Sizin nəzərinizcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dinlərarası münaqişədirmi?
- Qətiyyən yox. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, separatizm durur. Bu münaqişəni dinlərarası münaqişə kimi təqdim etmək cəhdləri - ədalətsizliyə söykənir. Bundan başqa, Xocalıda azərbaycanlıların soyqırımına məruz qoyulmasını xatırlamaq kifayət edər əmin olaq ki, bu dəhşətli cinayətləri törədənlər, xristian dininin ideallarından və insan həyatının ən mühüm olduğu insani dəyərlərdən xeyli uzaqdırlar.
- Emrəni-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olması prosesində, iki xalq arasında dialoqun yaradılması işində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və erməni katolikosu Qaragenin imkanlarını necə dəyərləndirirsiniz?
- Sözügedən şəxslərin təmsil olunduqları cəmiyyətlərin əhvalına, baxışlarına və mövqeyinə təsiri kifayət qədər böyükdür. Ola bilər ki, Allahşükür Paşazadə və həmçinin II Qaregin xalqlarımız arasında dialoqun yaranması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına təsir göstərə bilsinlər.
Hər bir şey, erməni tərəfinin niyyətlərinin səmimiliyi məsələsinə qayıdır. Belə ki, tarix göstərir ki, məhz erməni kilsəsi, yalnız Azərbaycana qarşı deyil, digər qonşu dövlətlərə qarşı da açıq şəkildə ərazi və digər iddialar ilə çıxış edən "Daşnaksütun” partiyasının ideoloji təbliğatçısı olub. Bütün bunlar, erməni kilsəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün niyyətlərinin səmimiliyini böyük sual altına alır.
Lakin, digər tərəfdən, xristian dəyərlərinin öz prinsipləri var. Hər halda, tövbə qapıları hər zaman açıqdır. Əgər erməni tərəfi, törədilmiş cinayətlərə görə öz məsuliyyətini etiraf etməyə hazırdırsa, bu sözsüz ki, xalqlarımız arasında qarşılıqlı əlaqənin normallaşması prosesini sürətləndirəcək və Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində öz əksini tapacaq.
- Erməni kilsəsi tərəfindən belə bir addımın atılacağını gözləməyə dəyərmi?
- Sırf nəzəri baxımından, erməni tərəfindən belə bir addım mümkündür. Çünki, erməni kilsəsinin zorakılıq siyasəti və qonşu dövlətlərə qarşı ərazi iddialarından açıq şəkildə imtina etməsi, nəinki, xristian dəyərlərinin təntənəsinin göstəricisi olardı, həm də bütün Cənubi Qafqaz regionunda sülh və dostluq mühitinin yaranmasına yol açardı.
Digər məsələ - belə bir addımların atılması realdırmı? Mən bu məsələdə tarixi təcrübədən çıxış edərək, böyük şübhə yanaşıram. Xüsusilə ona görə ki, indiyə qədər erməni kilsəsi heç bir zaman Xocalıda azərbaycanlıların soyıqırımına məruz qalmasını pisləyən bəyanatla çıxış etməyib. Halbuki, bu soyqırımın qurbanları – dinc əhali, qocalar, uşaqlar olub.
Əkbər Həsənov, "Day.az”
Tərcümə etdi: Nuran Mikayıloğlu,
"Dəyərlər”