İnsanlar
zühur edəcəyi zaman Məhdini (ə.f.) tanıyacaqlar
"Biz
kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da yer üzünə yalnız Mənim
saleh bəndələrimin hakim olacağını yazmışdıq”.
("Ənbiya”
surəsi, ayə 106)
12 əsrdir
müsəlmanlar məhz o anın yetişməsi üçün dualar edir , hər dəfə adı çəkiləndə
"Allah Onun zühurunu tezləşdirsin” deyirlər. Bu şəxs Allahın yer üzünə təyin
etdiyi sonuncu imam Məhdidir (ə.f). İmam Məhdi (ə.f) Qiyamət öncəsi zühur edərək
dünyada İlahi ədaləti bərqərar edəcək şəxsdir. Əhməd Hənbəl Müsnəd kitabında (məşhur
hədis toplusu) Həzrət Peyğəmbər (s)-dan belə nəql edir: "Əgər dünyanın sonuna
bir gün belə qalmış olsa, Allah mənim əhli-beytimdən bir kişini göndərəcək ki,
yer üzünü zülmlə dolduğu halda ədalətlə doldursun”.
Müsəlman
inancına görə, dünyanın sonuna az qalmış (hədislərdə bu dövr fəsadların artması
ilə işarə olunur) zühur edəcək sonuncu imam (ilahi rəhbər) yer üzündə İlahi ədaləti
tətbiq edəcək. Bu günə qədər olan və insanlar arasında sirli qalan müqəddəs
hadisələrin izahını verəcək, insanlara Allahın dinini hər təhrifdən uzaq,
olduğu kimi çatdıracaq. Həzrət Məhdi Allahın yer üzündə sonuncu huccəti,
hakimidir. Bu, həm də missiyası başa çatmaqda olan Yerdə insanlara Tanrının istədiyi
ədalətli dünyanın praktiki nümayişi olacaq.
islam
elminin böyük alimlərindən olan İmam Sadiq (ə) bu mövzu ilə bağlı
buyurur: "Allah-Taala Həzrət Adəmi yaratdığı gündən Qiyamətə qədər yer üzü heç
vaxt İlahi huccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar huccət
olsun, istərsə də qeybdə və gizlində olan. Əgər yer üzündə İlahi bir huccət
olmasa, Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki,
camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (əleyhissəlam)
buyurur: "Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi”.
Məhdi
kimdir?
Məşhur hədis
müəlliflərindən Əbu Davud Ummu Sələmədən (r.ə.) belə nəql edir: "Peyğəmbərdən
eşitdim ki, buyurdu:”Məhdi mənim nəslimdən,
Fatimənin (s.ə.) övladlarındandır".
On
ikinci İmam Həzrət Məhdi ibn Həsən Əskəri (ə) (11-ci imam) hicrətin 255-ci ili
şaban ayının 15-də Samirə şəhərində dünyaya gəlib. Onun adı İslam Peyğəmbərinin
adından, yəni Muhəmməd, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni
Əbülqasimdir. Qeyd edək ki, imamlar onun əsl adının çəkilməsini qadağan ediblər.
O üzdən dini ədəbiyyatda Onu bir qayda olaraq ləqəbləri ilə çağırırlar. Onun məşhur
ləqəbləri Huccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullah, Əba Saleh
(salehlər atası rəmzi məna daşıyır). Ən məşhur ləqəbi isə Məhdidir. Atası on
birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə Nərcis (Nərgiz) adlı
xanım olub.
Qeyd edək
ki, sonuncu İmamın doğulması o zamankı İslam xilafətinin mərkəzi olan Samirədə
baş verir və mümkün olduqca gizli saxlanılır. Mənbələrdə qeyd olunur ki, Məhdinin
qeybdən əvvəlki 5 illik həyatında çox az insan onu görüb. Bunlar ailə üzvləri və
atasının ən yaxın səhabələridir. Bu onunla izah olunurdu ki, hələ doğulmamışdan
çox-çox əvvəl Məhdi barəsində çoxsaylı məlumatlar vardı. Bir çoxları üçün,
xüsusən də Abbasi xilafəti üçün sonuncu xilaskar təhlükə idi. Çünki narazı müsəlmanlar
üsyan qaldıra bilərdilər. Bu səbəbdən tarix Məhdinin gizli doğulduğunu və
insanlardan gizli saxlanıldığını qeyd edir. Hicri 260-cı ildə Samirədə bir zirzəmidə
qeybə çəkilir.
Hicri
260-cı ildə atası 11-ci İmam Həsən Əskəri (ə) zəhərlənərək öldürüldükdən sonra
5 yaşlı Məhdi qeybə çəkilir (insanların gözünə görünmür). Qeyd edək ki, İmam Məhdi
əleyhissəlamın qeyb dövrü iki hissəyə bölünür: kiçik qeyb dövrü və böyük qeyb
dövrü. Kiçik qeyb dövrü (qısa müddətli qeyb) hicri 260-cı ildən 329-cu ilədək
(dördüncü xüsusi naibin vəfatına qədər) davam edib. Bu müddət təxminən 69 il
davam edib.
Kiçik
qeyb dövründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş, onlar xüsusi və çox
məhdud şəkildə İmamla əlaqə saxlaya bilib, hətta bəziləri Onunla görüşüblər. Bu
müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili olmuş, yəni demək olar
ki, İmam Məhdi (ə.f) bu müddət ərzində həm qeybdə, həm də aşkarda olmuşdur (Əgər
belə demək mümkünsə).
Islam ədəbiyyatında
kiçik qeyb dövrünü böyük qeyb dövrünə hazırlıq mərhələsi kimi qiymətləndirirlər.
Çünki sonrakı mərhələdə müsəlmaların İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir
və müsəlmanlar öz məsələlərində İmamın ümumi vəkillərinə, yəni müctəhidlik səlahiyyəti
olan və İslam hökmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar.
İmam Məhdi
əleyhissəlamın qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra, yəni
hicri 329-cu ildən uzunmüddətli və böyük qeyb dövrü başlamış və bu mərhələ
indiyədək davam edir. Yalnız Allah-Taala Ona qiyam etmək üçün zühur - üzə çıxma
icazəsi verənə qədər sürəcək. On ikinci İmamın qeybə çəkilməsinin hər iki mərhələsi
ondan əvvəlki imamlar tərəfindən qabaqcadan xəbər verilmiş və elə həmin dövrdən
də ravi və hədis yazarlar tərəfindən öyrənilərək hədis kitablarında qeyd
edilmişdir.
islam mətnlərində,
hədis mənbələrində İmam Məhdi barəsində Peyğəmbərdən (s.ə.s) söylənmiş onlarla
hədis mövcuddur. O cümlədən Peyğəmbər Əhl-Beytinə mənsub imamlar Məhdi barəsində
çoxlu hədislər (onların hamısı, demək olar ki, Rəsuallahın kəlamlarına söykənir)
söyləyiblər.
1) Əmirəl-mö’minin
Əli (ə) - 51 hədis; 2) İmam Həsən (ə) - 5 hədis; 3) İmam Hüseyn (ə) - 14 hədis;
4) İmam Zeynül-abidin (ə) - 11 hədis; 5) İmam Baqir (ə) - 63 hədis; 6) İmam
Sadiq (ə) - 124 hədis; 7) İmam Museyi-Kazim (ə) - 6 hədis; 8) İmam Riza (ə) -
19 hədis; 9) İmam Cavad (ə) - 6 hədis; 10) İmam Əliyyən-Nəqi (ə) - 6 hədis; 11)
İmam Həsən Əskəri (ə) - 22 hədis. Həzrət Əli (əleyhissəlam) buyurub: "Bizim
qeybə çəkiləcək (İmamımızın) iki qeyb dövrü olacaq. Onlardan biri digərindən
daha çox olacaq. Onun qeybdə olduğu müddətdə onun İmamətinə yalnız imanı möhkəm
və mərifəti kamil olan şəxslər inanacaq”.
Yenə
İmam Əli (ə) deyir: "Peyğəmbər (s.ə.s) buyurub ki, dünyada zülm və haqsızlıq
baş alıb getdiyi zaman Hüseynin (ə) nəslindən bir nəfər ümmətimə rəhbərlik edib
haqq-ədaləti bərpa etməyənə qədər dünyanın axırı gəlib çatmaz”.
İmam Əli
(ə) "Nəhcül-bəlağə” kitabında bu mövzuya bir neçə yerdə toxunur: "Allah-Taala
Quranda buyurub ki, Biz yer üzündə zəif düşüb əzilənlərə bol nemət vermək,
onları yer üzünün (rəhbər və) varisi etmək istəyirik”.
İmam
Hüseyn (ə) buyurub: "Əgər dünyanın sonuna təkcə bir gün qalsa, Allah-taala həmin
günü, mənim nəslimdən bir kişinin qiyam edib zülmlə dolu olan dünyanı haqq-ədalətlə
dolduracağına qədər uzadar. Mən Peyğəmbərin (s.ə.s) bu cür buyurduğunu eşitmişəm”.
islam
tarixində var ki, hələ doğulmamışdan öncə İmam Məhdi barəsində bir sıra alimlər
kitab yazıblar. Bu kitablardan Məhdi barəsində hədislər toplanıb və müsəlman
inancında Məhdiyə münasibət məsələsi araşdırılıb. Sonuncu İmam barəsində hədislər
isə qeyd etdiyimiz kimi, xeyli saydadır. Bu hədislərdə Məhdinin doğuluşu, qeybə
çəkilməsi, qeybin zərurəti, həmçinin zühur, zühurun əlamətləri, zühurdan sonra
baş verəcək hadisələr qeyd olunur. Müsəlman alimləri bu hədislər içərisində səhih,
ciddi mənbələrə söykənənləri seçərək toplayıblar.
Məhdinin
qiyamı və hakimiyyəti
Həzrət Məhdinin
nə zamana qədər qeybdə qalacağı dəqiq deyil. Amma İslam Peyğəmbərindən (s.ə.s)
axırzaman, Məhdinin zühur əlamətləri ilə bağlı hədislər söylənilib. Həm Allah Rəsulu
(s.ə.s), həm də Məhdi özü hədislərində insanlara müraciət edərək zühur üçün dua
etməyi tövsiyə edib, zühurun sırf Tanrının iradəsinə bağlı olduğunu bəyan ediblər.
Ümumu olaraq hədislərdə bu, dünyada əxlaqi aşınmaların baş verdiyi, fitnə-fəsadın,
müharibələrin, haqsızlıqların geniş yayıldığı zaman baş verəcək.
Tarix və
hədis qaynaqlarında Məhdinin (ə.f) zühürunun Məkkə şəhərində, Həcc mövsümündə
(Hicri təqvimin Zilhiccə ayı), Cümə günü baş tutacağı qeyd olunur. Zühurdan
sonra Məhdinin Bədr müharibəsində Peyğəmbərlə birlikdə savaşmış müsəlmanların
sayı qədər, yəni 313 nəfər naibi (köməkçi, nümayəndə) toplanacaq. Bu nümayəndələr
planetin müxtəlif bölgələrindən (o cümlədən hədislərdən naiblər arasından Azərbaycandan
da şəxs və ya şəxslərin olacağı bildirilir) olmaqla, yüksək intellekt və
bacarıqları ilə seçilən insanlar olacaqlar. Yeri gəlmişkən, 6-cı İmam Cəfər
Sadiqdən nəql olunan rəvayətdə zühur öncəsi Azərbaycanda mühüm, zühur hadisəsi
ilə birbaşa əlaqədar olacaq hadisələrin baş verəcəyi ilə bağlı məlumat yer
alıb. Tarixin qarmaqarışıq dövründə baş verəcək zühurdan sonra bir sıra müharibələr
yaşanacaq. İlk növbədə İlahi ədalətin bərqərar olmasını qəbul edə bilməyən müsəlmanlar
arasından olan müqavimətçilərlə, daha sonra bir sıra xarici qüvvələrlə müharibələr
baş verəcək.
Qeyd edək
ki, bu barədə müxtəlif mənbələr çoxlu sayda hədis və rəvayətlər söyləyiblər.
Ancaq İslam alimləri bu məlumatların bir hissəsinin səhih mənbələrə söykənmədiyini
əsas gətirərək qəbul etmirlər. Bu mövzuda əsas diqqət olunan məqam sonuncu
İmamın (ə.f) şəxsiyyəti və yerinə yetirəcəyi İlahi missiyasıdır. Məsum
imamlardan söylənilənlərə əsasən sonuncu İmamın zühurunu gözləmək yüksək əxlaqi,
mənəvi dəyərlərə söykənən intizar fəlsəfəsidir. İntizar fəlsəfəsinə səbir,
müqavimət, iman, ədalət (Məhdinin əsas missiyasının dünyada İlahi ədaləti bərqərar
etmək olduğunu unutmamalı) və digər yüksək keyfiyyətlər daxildir.
Qeyd edək
ki, tarix boyu çoxlu sayda insanlar (hətta Məhdinin doğumundan öncə) Məhdi
adından istifadə edərək böyük hərəkatlar yaradıblar. Bir sıra müharibə
üsyanların, müqavimət hərəkatlarının liderləri özlərini Məhdi elan etməklə
xalqdan dəstək alıblar. Orta əsrlərdə daxili müharibələrdə, 19-cu əsrdə müstəmləkə
işğallarına qarşı savaşda (Sudanda 20 ildən artıq davam edən müqavimət hərəkatının
lideri özünün Mehdi olduğunu elan etmişdi) və nəhayət, son illərdə Məhdi və ya
onun nümayəndəsi olmağa iddia edənlər meydana çıxıb. Ancaq qısa zamanda onların
heç birinin həqiqi olmadığı aydın olub. Bu zaman bir sual ortaya çıxır ki, bəs,
həqiqi Məhdi (ə.f) zühur edəndə ona necə inanacaqlar?
Hədislərdə
bu mövzuya toxunulur və qeyd edilir ki, insanlar zühur edəcəyi zaman Məhdini
tanıyacaqlar. Yalnız Məhdinin gəlişini və İlahi ədalətin bərpasını qəbul edə
bilməyən insanlar Məhdini inkar edəcəklər. Təbii ki, doğrusunu Allah bilir.
Xocalı - 26.02.1992 Şuşa - 08.05.1992 Laçın - 18.05.1992 Xocavənd - 02.10.1992 Kəlbəcər - 02.04.1993 Ağdərə - 17.06.1993 Ağdam - 23.07.1993 Cəbrayıl - 18.08.1993 Füzuli - 23.08.1993 Qubadlı - 31.08.1993 Zəngilan - 29.10.1993