DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN TƏHLÜKƏLİ PLANI
Məscidlərdə Quranın yığışdırılması nə ilə nəticələnə bilər?!
İslam dininə yönəldilmiş qeyri-optimal istiqamət artıq mənfi xətt üzrə
artmaqdadır. Bir qədər əvvəl tədris müəssisələrində hicab əleyhinə
antikampaniya, ondan sonra məscidlərdə azanın səsgücləndiricilər
vasitəsiylə səsləndirilməsinə qoyulan qadağalar, daha sonra,
məscidlərin sökülmə prosesi və indi də İslamın cövhəri olan Qurani
Kərimin məscidlərdə tədrisi ilə bağlı qadağalar. Çox düşünülmüş tədbir.
Elə bir təxribatçı tədbir ki, heç gələcək də bunun pis nəticəsini
yığıb-yığışdıra bilməyəcək. Zaman-zaman məscidlərdə xeyirxah savadlı
şəxslər Quran oxuya bilməyənlərə həmin müqəddəs kitabın oxunması üçün
dərslər təşkil etmiş və bunu bir müqəddəs ənənə kimi yaşatmışlar. İndi
isə hansısa bir məmur bu müqəddəs xeyirxah işlərin qarşısını almaq
istəyirsə, bunun adını nə qoymaq olar? Məgər bundan böyük cinayət ola
bilərmi? Onsuz da xalqımız mənəvi aşınma prosesinin sonuncu
pillələrindədir. İslam dininin kəskin pislədiyi Qərbin qeyri-insani
vərdişləri İslam dininin təkidlə bəyəndiyi gözəl əməllərə mənəviyyat
terrorçularının himayəsi ilə hücum edir. Dini Qurumlarla İş Üzrə Dövlət
Komitəsinin İslama vurduğu zərbənin nəticələri dövlətimizin gələcək
milli-mənəvi mənsubluğunu sual altında qoya bilər. Məhz bu qurum
ölkəmizdə millətimizə xas olmayan dinlərin, həmçinin qeyri-ənənəvi
İslami təriqətlərin yayılmasına göz yummuş və dolayısı yolla həmin
qurumların işinə rəvac vermişdir. Və indi də bunu Quran tədrisinin yeni
"hoqqa”sı altında həyata keçirtmək istəyirlər. Yaxşı görəsən, həmin
tədrisi yenədəmi evlərdə gizlin şəkildə yığışan hər hansısa bir
qeyri-ənənəvi təriqətlər həyata keçirəcək? Sizə elə gəlmir ki, əksinə,
bu kimi həssas işlərin cəmiyyətin açıq-aşkar müdaxilə edə biləcəyi
yerlərdə keçirilməsi yaxşıdır. Belə yerlərdən ən gözəli isə, təbii ki,
məsciddir. Çünki belə olan şəkildə cəmiyyət həmin müəllimin kim
olduğunu yaxşı bilər. Əks təqdirdə "Dəli Kür” kinosundakı Radişevçilər
Quran səhifələrinin kənarında öz lazımi təlimlərini tədris edəcəklər.
Bunun isə xalqımıza yalnız pis fəsadı qalacaq. Ümumiyyətlə dini tədris
dini obyektlərdə və ruhanilərin vasitəsiylə həyata keçirildikdə öz əsl
hədəfinə çata bilər. Hədəf yalnız insan yetişdirməkdir. Əgər bu, sözü
gedən yerlərdə qadağan olunarsa, o zaman hökumət üçün Quran öyrənən
tələbələr yox, özləri də bilmədən hansısa missionerlərin qurbanına
çevrilmiş manqurtlar yetişəcək. Belə olan halda, bəs görəsən Dini
Qurumlarla İş Üzrə Dövlət Komitəsi məscidlərdə Quranın tədrisinin
qarşısını nəyə görə almaq istəyir? Mən bir sadə təfəkkürlü vətəndaş
kimi ilk öncə bunu başa düşürəm ki, məqsəd insanları məscidlərlə olan
hər cür rabitədən uzaqlaşdırmaqdır. Belə olan şəkildə camaat məscidlərə
yalnız namaz vaxtı gedəcək. Namazlar arası fasilə ərzində isə Quran
tədrisi olmasa, kimin orada işi olacaq ki?! Beləliklə də dərsdən sonra
gün ərzində kifayət qədər vaxtı olan uşaqlar məscidlərdəki pulsuz Quran
dərslərindən məhrum olacaq. Həmin uşaqların bekarçılıqdan pis
vərdişlərə qurşanmaları da istisna deyil. Valideynlər də etiraf edir
ki, dərsdən sonra uşaqları müsbət effekt verən işlərlə məşğul edə
bilmirik, qaldı ki, imkansız vaxtımızda pullu kurslara həmin uşaqları
göndərmək. Uşaqlar dərsdən sonra başlarını qatmaq üçün
internetklublarda qeyri-elmi işlərlə- əsəbtörədici oyunlarla məşğul
olur.
Sumqayıt şəhərində bir neçə şəxsin zərərli vərdişlərdən uzaq olaraq
pulsuz Quran dərslərinə gəlmələri cəmiyyətin digər üzvlərinə nikbinlik
bəxş edir. Barlardan, qumarxanalardan, şərab məclislərindən,
oğurluqlardan bezmiş insanlar yalnız dini dərslərin vasitəsiylə sağlam
həyata qayıda bilir. Lakin görünür, DQİDK-nin rəhbərliyi ya buna
sevinmir, ya da ki, Quranın necə ecazkar kitab olduğuna və məscidin
müqəddəsliyinə inanmır. həmin şəxsləri qınamaq olmaz. Bir ömür
Allahsızlıq (ateizm dərsləri) dərslərinin tələbələrindən olmuş, sovet
dövləti dağıldıqdan sonra isə dinlə əlaqədar sahələrdə işləməyə
başlamış həmin şəxslərdən bundan artıq nə isə gözləməyin özü də
məntiqsizlikdir. Mən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bu kimi
addımlarını, həm də Heydər Əliyevin dini xarakterli məntəqələrin
tikilməsi və bərpası uğrunda atdığı addımların əleyhinə olduğunu da
vurğulamaq istəyirəm. Belə çıxır ki, Heydər Əliyevin tikdirdiyi ibadət
kompleksləri ancaq görüntü üçündür. Əgər həmin komplekslərin içərisində
milli-mənəvi dəyərlərin əsas qayəsi sayılan Quran kitabının tədrisi
qadağan olunacaqsa namazdan sonra məscidlər boş qalacaq. Bu cür
səmərəsiz nəticə verən komplekslərin tikintisinə isə Heydər Əliyev heç
vaxt razı ola bilməzdi.
Fakt isə danılmazdır. Bu işlərlə əlaqəsi olan naşı məmurların bu cür
addımları dövlətimizin qarşısında SOS deyərək həyəcan təbili çalır.
Vüsal Hətəmov BİRİK İnformasiya Agentliyi
|